Yenixeber.org: Yanvarın 11-də Moskvada Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı üçtərəfli görüşdə tərəflər bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası barədə razılığa gəlib. İmzalanan 4 bənddən ibarət bəyanatda deyilir ki, nəqliyyat kommunikasiyalarının açılması üçün Azərbaycan, Ermənistan, Rusiya baş nazirlərinin müavinlərindən ibarət işçi qrup yaradılacaq. Bu qrup Azərbaycan və Ermənistan ərazisindən beynəlxalq nəqliyyatın təşkili və təhlükəsizliyi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpası və inşası ilə bağlı tədbirlərin siyahısını və cədvəlini martın 1-dək tərəflərin təsdiqinə təqdim etməlidir. Bütün bunlar isə “Mehri dəhlizi”nin bərpası, Naxçıvana və Türkiyəyə dəmir yolunun açılması deməkdir.
Bəs, “Mehri dəhlizi” indiki şəraitdə Azərbaycan üçün hansı iqtisadi üstünlüklər vəd edir?
Ekspert İlham Şaban mövzunu saytımıza şərh edərkən bildirdi ki, bu layihənin Azərbaycan üçün ən böyük üstünlüklərindən biri Zəngilan rayonundan Naxçıvana dəmir və avtomobil yollarının açılmasıdır. Onun sözlərinə görə, 400 min əhalisi olan Naxçıvanın bütün təminatları tranzit yollarla gercəkləşir və buna görə qonşu ölkələrin ərazisindən keçən hər yükə görə tranzit haqqı ödənilir. Buraya təkcə yüklərin daşınması deyil, həmin ərazilərdən keçən neft və qaz kəmərləri, sərnişindaşıma da aiddir:
“Əvvəllər bu tranzit daşımaları Astaradan dolanıb Naxçıvana gedirdisə, indi əsasən ərazimizdən, cəmi 42 kilometrlik məsafədə isə Ermənistandan keçməklə Naxçıvana çatacaq. Bu halda Azərbaycan tranzit haqqını Ermənistana ödəyəcək, amma bu məbləğ indikindən qat-qat aşağı olacaq. Moskva görüşündən sonra yaradılan işçi qrup həcmlər, yeni dəhlizin buraxıcılıq gücü, iqtisadi və kommersiya məsələləri ilə bağlı hesablamaları martın 1-dək hazırlayıb, təqdim edəcək. Bu dəhliz Naxçıvanda 400 min əhalinin yaşayışı üçün lazım olan bütün təminatların daha rahat və ucuz yolla daşınmasını təmin edəcək”.
Layihənin Azərbaycan üçün mümkün zərərlərinə gəlincə, ekspert Ermənistanla siyasi konfliktin davam etdiyini, işğal altındakı ərazilərin bir hissəsinin hələ də Azərbaycanın nəzarətinə qaytarılmadığını xatırladaraq bu məsələdə müəyyən risklərin olduğunu söyləyir. Onun sözlərinə görə, hələ bir müddət əvvəl Türkiyə də Ermənistanla kommunikasiyaların yalnız işğal altındakı Azərbaycan torpaqlarının tam şəkildə boşaldılacağından sonra açıla biləcəyini bəyan etmişdi:
“Qırx dörd günlük müharibədən sonra regionda yeni reallıqlar meydana çıxıb. Hər halda, Ermənistanda da bu reallıqları nəzərə almalıdırlar. Ərazilər tam şəkildə qaytarılmadan kommunikasiyaların açılmayacağı barədə Azərbaycan və Türkiyənin mövqeyində hər hansı dəyişiklik yoxdur. Lakin hər şey Ermənistanın davranışlarından asılı olacaq. Bu baxımdan tələblərin yerinə yetirilməsində müəyyən problemlər ortaya çıxa bilər. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin olmaması bu riskləri bir qədər də artırır”.
Bununla belə, İlham Şaban hesab edir ki, həm Azərbaycan, həm də Türkiyə ortaya çıxa biləcək riskləri yumşaltmaq üçün kifayət qədər imkanlara malikdir. Üstəlik, ortada Rusiya faktoru da var:
“Ermənistan Rusiya ilə quru yolu əldə etmək istəyirsə, dəhlizin 400 kilometrdən çox hissəsini Azərbaycanın ərazisindən keçməklə istifadə edə bilər. Nəzərə alsaq ki, Azərbaycan Ermənistanın cəmi 42 kilometr, Ermənistan isə Azərbaycanın 400 kilometrlik ərazisindən istifadə edəcək, onda qarşılıqlı təhdidlər ortaya çıxarsa, Azərbaycan daha üstün mövqedə olacaq. Bu isə o deməkdir ki, “Mehri dəhlizi”nin bərpası həm iqtisadi, həm də geosiyasi baxımdan Azərbaycana daha çox xeyir verəcək”.
O ki qaldı “Mehri dəhlizi”nin Azərbaycanın fəal iştirakçısı olduğu “Bir kəmər – bir yol” layihəsini arxa plana keçirə biləcəyi barədə səsləndirilən fikirlərə, İ. Şaban bu rəyləri bölüşmür. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak etdiyin deyən ekspertin fikrincə, “Mehri dəhlizi” “Bir kəmər – bir yol” layihəsinə hər hansı maneə yaratmayacaq:
“Çünki Naxçıvanla Türkiyə arasında dəmir yolu yoxdur, bizim əsas magistralımız Bakı-Tbilisi-Qars xəttidir və bütün yüklər bu marşrut üzrə daşınır. Düzdür, bu layihədə Türkiyə Ermənistan üzərindən yenidən Qarsa gedə bilər, yəni manevr imkanları mümkündür. Ancaq hamıya bəllidir ki, cənubdan hələ sovet dövründə bir cütlü dəmir yolu xətti olub. Lakin onun buraxıcılıq gücü qat-qat aşağıdır. Bakı-Tbilisi-Qars yolunun buraxıcılıq gücü və imkanları isə çox genişdir, 2017-ci ildən fəaliyyətdə olan bu yol müasir sistemlərlə təchiz edilib. Bir məqamı da diqqətdən qaçırmamalıyıq ki, Gürcüstan bizim strateji tərəfdaşımızdır, bu ölkə Azərbaycanın qlobal bazarlara açılan pəncərəsi yox, taybatay açılan qapılarıdır. Azərbaycanın təbii qazı, elektrik enerjisi, nefti və neft məhsulları xarici bazarlara məhz Gürcüstan ərazisindən çıxır. Ona görə də Azərbaycanla Gürcüstan arasında səmimi və mehriban qonşuluq münasibətləri var. Gürcüstan həm də 44 günlük müharibədə Azərbaycanın maraqları baxımından hər şeyi etdi, öz ərazisindən Ermənistana hərbi təyinatlı yüklərin buraxılmasına ilk gündən imkan vermədi”.
“Mehri dəhlizi”nin açılmasından region ölkələrindən hansının daha çox fayda götürəcəynə gəlincə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin bununla bağlı hesablamaları maraq doğurmaya bilməz. Mərkəzin hesablamalarına görə, kommunikasiyaların açılması nəticəsində Ermənistanın ticarət dövriyyəsində Türkiyənin payı 3 faizdən 13 faizə, Azərbaycanın payı isə ilk dövrdə ən azı 1 faizə qədər artacaq. Bu layihənin gerçəkləşməsi Azərbaycanın ixracını 1,2 milyard manat, qeyri-neft ÜDM-i 2 faiz, emal sənayesini 3 faiz, mədən sənayesini isə 2,7 faiz artıra bilər. Mərkəz hesab edir ki, “Mehri dəhlizi”nin açılması region ölkələri arasında ən çox Ermənistanın işinə yarayacaq: “Çünki tranzit yükdaşımaları baxımından regionun heç bir ölkəsi ilə birbaşa əlaqəsi olmayan Ermənistan Azərbaycan və Türkiyənin dəmir yolu xətlərinin inteqrasiyasına qoşulmaqla həm də öz ticarət dövriyyəsinin 25-30 faizini təşkil edən Rusiyaya rahat çıxış imkanı qazanır. Bu layihənin reallaşması ilə Ermənistan təkcə Türkiyə üzərindən Aralıq və Qara dəniz limanlarına deyil, həm də Azərbaycan üzərindən Culfa vasitəsilə İranla əlaqələr qura biləcək. Cənubi Qafqazda kommunikasiyaların açılması İranın Bəndər-Abbas yük limanı vasitəsilə İran körfəzi və Oman körfəzinə və Hind okeanına çıxış, İstanbul-İslamabad qatar xəttinə qoşulma imkanı da yaradır”.(pressklub)
Elxan Salahov