Davam edir...münaqişə-Rusiyanın sayəsində
“Dağlıq Qarabağ münaqişəsi” anlayışı aradan qalxsa da, münaqişə hələ bitməyib.
Yenixeber.org: 11 yanvar 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının Baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin tərəfindən Moskvada imzalanan bəyanata münasibət, Rusiyadan başqa, digər iki ölkədə birmənalı deyidir. Bu bəyanatın mətninin V.Putin (təbii, bəzi düzəlişlərin edildiyi ehtimalı nəzərə alınmaqla) tərəfindən hazırlanması və bütövlükdə Rusiyanın mənafeyinə xidmət etdiyi nəzərə alınarsa, onun bu ölkədə müsbət qarşılanması başadüşüləndir. Bu bəyanatı imzalatdırmaqla V.Putin bütün dünyaya, eləcə də Azərbaycana və Ermənistana bir daha göstərdi ki, Cənubi Qafqazda əsas söz sahibi Rusiyadır. Görüş zamanı Rusiya “sülhməramlılarının” statusunun müəyyən edilməməsi, eləcə də, Bəyanatın 1-ci maddəsinə uyğun olaraq regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, dağıdılmış ərazilərdə bərpa işlərinin həyata keçirilməsi (?) ilə bağlı nəzərdə tutulan tədbirlərin reallaşdırılması məqsədilə Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin daxil olacağı üçtərəfli komissiyanın yaradılması birmənalı olaraq Rusiyanı qane edir və onun Cənubi Qafqazda hələ uzun müddət qalmasına imkan yaradır. Buradan aydın olur ki, “Dağlıq Qarabağ münaqişəsi” anlayışı aradan qalxsa da, münaqişə hələ bitməyib və Rusiya Dağlıq Qarabağdan çıxmağı heç ağlına da gətirmir. Danışıqların təşkili və aparılması prosesində V.Putinin protokol qaydalarına etnasız münasibəti də, Rusiyanın əslində həm Azərbaycanı, həm də Ermənistanı bərabərhüquqlu tərəf hesab etmədiyini nümayiş etdirdi və təbiidir ki, bu ilk növbədə Rusiyanın imicinə mənfi təsir göstərdi.
Hesab edirik ki, Azərbaycanı düşündürən bəzi məsələlərin (xüsusilə “sülməramlıların” statusunun müəyyən edilməsinin, erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasının öz əksini tapmaması) nəzərə alınmamasına, eləcə də, dağıdılmış Azərbaycan ərazilərində bərpa işlərinin aparılmsına Rusiyanın və Ermənistanın cəlb edilməsinin nəzərdə tutulmasına baxmayaraq, bəyanatı ümumilikdə Azərbaycan üçün müsbət hesab etmək olar. İlk növbədə N.Paşinyanın Dağlıq Qarabağın statusunun müəyyən edilməsinə və erməni terrorçularının azadlığa buraxılmasına cəhdinin bəyantda öz əksini tapmasına Prazident İlham Əliyevin imkan verməməsi, bu məsələlərin yalnız Azərbaycanın daxili işi olduğunu qəti şəkildə vurğulaması; 2020-ci il 10 noyabr tarixli Bəyanatın 9-cu bəndində nəzərdə tutulan regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı məsələlərin bəyantda əksini tapması müsbət qiymətlədirilməlidir. Dağlıq Qarabağla Ermənistanı birləşdirən Laçın dəhlizinin hazırda fəaliyyətdə olduğu nəzərə alınarsa, İşçi qrupunun hazırlayacağı sənədlərin daha çox Naxçıvan dəhlizi ilə əlaqədar olacağı ortaya çıxır. Naxçıvan dəhlizinin açılması daha çox Azərbaycanın və Türkiyənin maraqlarına xidmət edir. Bu dəhlizin açılması ilə Azərbaycan Naxçıvana və Türkiyəyə bir başa çıxış əldə edir və İrandan asılılğı aradan qalxır. Qardaş Türkiyə bu dəhliz vasitəsilə Azərbaycan üzərində Orta Asiyanın Türk dövlətləri ilə birbaşa əlaqə yaratmaq imkanı əldə edir. Təbiidir ki, bu dəhlizdən həm də Ermənistan, Rusiya, İran eləcə də, bu kommunikasiya əlaqələrindən faydalanan digər dövlətlər faydalanacaqlar. Naxçıvan-Mehri dəhlizinin açılması ilə Ermənistanın həyati önəm daşıyan kommunikasiya əlaqələri Azərbaycan üzərindən keçəcək, bununla həm də, Ermənistanın ölkəmizdən asılılığı yaranacaqdır.
Dağlıq Qarabağ münaqişəsinin sona qədər Azərbaycanın haqlı maraqlarına uyğun olaraq həll edilməsinin kifayət qədər mürəkkəb məsələ olduğu, bunun müəyyən zamana ehtiyacı olduğu nəzərə alınarsa, qeyd edilən üçtərəfli Moskva görüşündə qəbul edilən Bəyanatda Azərbaycanı qane edən bütün məsələlərin öz əksini tapmadığı başa düşüləndir. Nəzərə almaq lazımdır ki, yeganə düzgün qərar reallıq nəzərə alınaraq qəbul edilən qərardır. Ancaq qəti inanırıq ki, bəzi maneələrə, təhdidlərə baxmayaraq Azərbaycan bütün ərazilərində özünün tam süverenliyini bərpa edəcəkdir! Buna heç kəsin şübhəsi olmasın! QARABAĞ AZƏRBAYCANDIR!
Teyyub Qənioğlu: Təkamül Partiyasının sədri