Növbənizi gözləyin cənab "ağanəzərlər"!-O gün olacaq
DTX-nin strukturu, işçilərinin sayı bütün korrupsionerlərə, rüşvətxorlara qarşı eyni zamanda "tədbir görməyə" imkan vermir. Bunların zamana ehtiyacı vardır. Növbənizi gözləyin cənab korrupsionerlər, rüşvətxorlar, "ağanəzərlər"!
Yenixeber.org: Hər bir fərdin mükəmməl bir şəxsiyyət kimi yetişməsi üçün təkcə onun özünün həyat təcrübəsi, başına gələnlərdən nəticə çıxarması kifayət deyildir. Bununla yanaşı onun müşahidə qabiliyyəti olmalı, ətrafında baş verənləri diqqətlə izləmək və onlardan ibrət götürmək qabiliyyəti də olmalıdır. Ancaq müşahidələr göstərir ki, bir çoxları, xüsusilə də, özündən razı olan bəzi məmurlar və üzdəniraq "siyasətçilər" bunun fərqində deyillər. Onlar hesab edirlər ki, hər şeyi düz edirlər, düzgün yoldadırlar, söylədikləri (Əstafurullah!) Quran ayəsi kimi düz və dəyişilməzdir və buna görə də hərəkətləri üçün heç bir cavabdehlik daşımırlar, qanunların fövqində dayanırlar, toxunulmazdırlar. Təəssüf ki, qeyd edilən kateqoriyaya daxil olanların bu cür düşünmələrinə rəvac verən əsas amil son zamanlaradək ölkəmizdə mövcud olan reallıqlardır, başqa sözlə, qanunazidd hərəkət edənlərin (kasıb vətəndaşlardan söhbət getmir), korrupsionerlərin, rüşvətxorların nəinki qanunlara müvafiq məsuliyyətə cəlb edilməmələridir, bu bir yana, nümayişkaranə surətdə "ağa nəzərəm, belə gəzərəm" təfəkkürüdür. Son zamanlar korrupsiyaya, rüşvətxorluğa, qanun pozuntularına qarşı dövlət səviyyəsində həyata keçirilən tədbirlər, 6 rayonun icra başçısının həbs edilməsi, iki nazirin yol verdikləri qanunazid hərəkətləri ucbatından işdən çıxarılması, qanun pozuntularına yol verən hər kəsin kimliyindən asılı olaraq məsuliyyətə cəlb ediləcəyi barədə Prezidentin açıq ismarıcı da deyəsən bəzilərini hələ də ayıltmayıb, "bu mənə aid deyil, mənə toxuna bilməzlər" düşüncəsinin hələ də bəzilərinə hakim olmasıdır. Belələri yəqin ki, himayədarlarına arxayındırlar, hakimiyyət strukturlarını sıx bürüyən qohumluq əlaqələrindən yararlanaraq məsuliyyətdən yayınacaqlarına çox güvənirlər və təəssüf ki, yanılmırlar da! Ancaq bir şeyi unudurlar, korrüpsiyaya, rüşvətxorluğa, qanun pozuntularına qarşı mübarizə dönməz xarakter almaqdadır, bu sahədə güclü siyasi iradə vardır! Ətrafınızda baş verən hadisələrdən nəticə çıxarın cənab "ağanəzərlər". Sonra gec ola bilər. Bir şeyi də nəzrdən qaçırmayın: Dövlət Təhlükəsizlik Xidmətinin strukturu, işçilərinin sayı bütün korrupsionerlərə, rüşvətxorlara qarşı eyni zamanda "tədbir görməyə" imkan vermir. Bunların zamana ehtiyacı vardır. Ya bəd əməllərinizdən əl çəkin, ya da növbənizi gözləyin cənab korrupsionerlər, rüşvətxorlar, "ağanəzərlər"!
Teyyub Qənioğlu: Təkamül Partiyasının sədri