“BU RAZILAŞMA ZELENSKİNİN REYTİNQİNƏ ZƏRBƏ OLACAQ” -Ekspert liderlərin görüşdən çıxan iki əsas nəticəni AÇIQLADI

“ABŞ Ukraynaya qoşun göndərməyəcək...
“ABŞ Prezident Donald Trampın Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa dövlətlərinin liderləri ilə görüşdən çıxan iki ısas nəticədən danışmaq mümkündür”.
Yenixeber.org: Bunu politoloq Elxan Şahinoğlu sözügedən görüşlərin ilkin nəticələrini dəyərləndirərkən bildirib:
“Birincisi, Ukrayna Prezidenti ərazi mübadiləsinin müzakirəsinin əleyhinə deyil. Ancaq o bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinlə təkbətək və Trampın iştirakı ilə üçtərəfli görüşün nəticələrini gözləmək istəyir;
İkincisi, Ağ Ev sahibi müharibə dayandırıldıqdan sonra Ukraynaya təhlükəsizlik tıminatının veriləcəyini bildirib. Bu o deməkdir ki, NATO üzvlüyü xaricində Ukraynaya elə bir təhlükəsizlik təminatı verilməlidir ki, Rusiyanın gələcəkdə Ukrayna ərazilərinə iddiası və ya hərbi müdaxiləsi mümkün olmasın”.
Politoloqun sözlərinə görə, Trampın açıqlamalarından görünən odur ki, ABŞ Ukraynanın təhlükəsizliyinin təminat altına almaq üçün bu ölkəyə qoşun hissələri göndərməyəcək.
Ekspert xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin Donald Trampla Alyaskadakı görüşdə istədiyi əraziləri aldıqdan sonra Qərb ölkələrinin Ukraynaya təhlükəsizlik təminatının verilməsinin əleyhinə olmadığını söyləyib: “Bu o deməkdir ki, Kreml sahibi Avropa ölkələrinin bir qrupunun Ukraynada hərbi bazalarının yerləşdirilməsinin əleyhinə olmayacaq. Əsas məsələ müharibənin dayandırılması üçün “ərazi mübadiləsinin” hansı prinsip üzrə həyata keçiriləcəyidir. Rusiya 4 bölgəni – Donetsk, Luqansk, Xerson və Zaporojyenin tamamını işğal etməyə çalışır. Belə bir versiya var ki, Volodimir Zelenski bu ərazilərin işğal olunan hissəsindən imtina mövzusunu müzakirə etməyə hazırdır. Çünki Ukrayna üçün bundan sonra işğal altındakı əraziləri geri qaytarmaq çox çətin olacaq. Ancaq Ukrayna bu itkilərini heç zaman hüquqi olaraq tanımayacaq. Bu Krıma da aiddir. Əgər Zelenski müharibəni dayandırmaq və razılaşma əldə etmək üçün belə bir ağrılı qərara imza atacaqsa, bu Ukrayna Konstitusiyasına zidd olacaq. Zelenski Konstitusiyanı dəyişdirmək üçün referendum keçirməli olacaq. Ümumiyyətlə mümkün razılaşma Volodimir Zelenskinin reytinqinə zərbə olacaq və Ukraynada gələcək razılaşmadan narazıların sayı çox olacaq”.
E.Şahinoğlu hesab edir ki, hadisələrin başqa istiqamətdə inkişafı da mümkündür. Onun sözlərinə görə, Zelenski Putinlə gələcək görüşdən nəticə əldə etməsə müharibə davam edəcək.
“Avropa ölkələri Ukraynanın Rusiya qarşısında məğlub olmasını istəmirlərsə, bu ölkəyə maliyyə və hərbi dəstəyi artırmalı olacaqlar. Bu halda müharibəyə bu və ya digər formada qarışan ölkələrin resursları tükənməkdə davam edəcək. Hansı tərəfin insani və hərbi rüsursları daha sürətlə tükənərsə, həmin tərəfin məğlubiyyət günü yaxınlaşacaq”, -politoloq vurğulayıb.(Azpolitika)
Rasim Əliyev