"İpoteka şərtlərindən də daha ciddi problemlər var"
Azərbaycanda gələn həftədən dövlət xətti ilə ipoteka kreditləşməsi bərpa olunacaq.
Xeberinfo.com: "Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) yeni istiqraz emissiyası ilə cəlb edəcəyi 50 mln. manat vəsait gələn həftədən Fondun müvəkkil bankları arasında bölüşdürüləcək.
Bəs, dövlət xətti ilə ipoteka krediti vətəndaşlar üçün nə qədər əlçatandır? İstiqrazların bazarda hansı formada yerləşdiriləcək?
Qaynarinfo.Az-ın suallarını daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev cavablandırdı:
"Mətbuatda 50 milyon manatlıq istiqrazların buraxılacağı xəbəri yayılıb. Həmin vəsaitlər cəlb edildikdən sonra kreditləşməyə yönələcək. Ancaq bu istiqrazların bazarda hansı formada yerləşdiriləcəyi sual altındadır. Çünki İpoteka Fondu vəsaitləri əvvəllər təxminən 3 faizdən yerləşdirirdi. Nəzərə alsaq ki, Mərkəzi Bankın (MB) uçot dərəcəsi 15 faizdir. MB banklardan depoziti 15 faizdən bir qədər aşağı faizlə cəlb edir. Dövlət istiqrazlarının faizi ümumiyyətlə yüksəkdir və aşağı faizlə istiqrazları kim alacaq ki, İpoteka Fondu onu sonradan 8 faizdən ipoteka krediti versin? Çox güman, Mərkəzi Bank istiqrazları özü alacaq. Azərbaycanda buna maraq göstərəcək başqa maliyyə institutları yoxdur. Amma hansısa bankın bunu inzibati resursun təsiri altında etməsi istisna deyil. Yeni ipoteka şərtlərində bildiyiniz kimi, şərtlər dəyişibdir. Hazırda ipoteka şərtləri əvvəlkinə nisbətən daha əlçatan olub. Amma çox təəssüflər olsun ki, hazırda ipoteka kreditləri üçün yönəldilə biləcək kredit resursları çox az həcmdədir. Kreditlərin az həcmdə olması onun şərtlərindən asılı olmayaraq, əlçatanlığını aşağı salır. Kredit məbləğinin maksimum göstəricisi 50 min manat idi, o da sözsüz ki, keyfiyyətli mənzil almağa imkan vermirdi. Kredit məbləğinin artımı da müsbət haldır, ancaq mühim məsələ budur ki, kredit məbləği artırılır, kredit resurslarının artımı haqqında isə söhbət belə getmir. Çox vaxt ipoteka kreditlərinin əlçatanlığı dedikdə, kredit şərtlərindən danışırıq, ancaq əlçatanlıq onunla ölçülməlidir ki, ipoteka kreditini ala biləcək qabiliyyətində olan vətəndaşların hamısı kreditdən yararlana biləcəkmi? Ən ciddi problem budur. Bizə isə ehtimal və ümid etmək qalır".
Ekspert Rəşad Əliyev vəsaitin haradan tapılacağını belə şərh etdi:
"Birinci ehtimal, Maliyyə Nazirliyidir. Bu inandırıcı görsənmir, çünki Nazirliyin düdcə ilə problemləri onsuz da çoxdur. Digər tərəfdən nazirliyin özü dövlət istiqrazlarını daha yüksək faizə özü cəlb edir.
İkinci ehtimal, istiqrazların Mərkəzi Bank tərəfindən alınması. Bu bir qədər qəribə görsənsə də, belə ehtimal az da olsa var. Çünki MB-nin birbaşa kredit vermə təcrübəsi olub və istiqraz almasıda qeyri-adi görsənməz bunun fonunda.
Daha yüksək ehtimal isə üçüncüdür. Manatla çoxlu həcmdə sərbəst maliyyə vəsaitləri olan banklara bu işin "tapşırılması" istisna deyil. Bu onlara sərf etməsə belə...
Sual oluna bilər, nə üçün istiqrazların yerləşdirilməsinin incəlikləri bu qədər vacibdir. Çünki bu yerləşdirmə nəticəsində bilinəcək ki, gələcək maliyyə mənbələri hardan formalaşacaq və onun gələcək potensial həcmi nə qədər olacaq".