Banklar 9 ayda necə 444 milyon zərərə düşdü?
Nemət Əliyev: «Banklar bu gün Allahın ümüdinə buraxılıb»
Xeberinfo.com: Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının nəcmu xalis mənfəəti 129,335 mln. manat, xalis zərəri isə 572,848 mln. manat təşkil edib. Bununla da ümumilikdə bank sektoru bu ilin ilk 9 ayını 443,512 mln. manat zərərlə başa vurub.
Bütün zərərin 322,804 mln. manatı “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (72,78%), qalan 120,708 mln. manatı (27,22%) isə digər 31 bankın payına düşüb. (Report)
Amma necə olur ki, bu ötən dövr ərzində Kapital Bank və Paşa Bank əksinə ziyan etməyərək, dövrü mənfəətlə başa vurublar. Necə olur ki, bank sektorunun üzləşdiyi böhran hakim ailəyə məxsus banklardan yan keçir?
İqtisadçı Nemət Əliyevin fikrincə, hazırkı iqtisadi vəziyyətdə bankın fəaliyyət dövrünü ziyansız başa vurması mümkün deyil. Azərbaycan banklarının 444 milyon ziyanla üzləşməsinin reallığa uyğun olduğunu deyən N.Əliyev vurğuladı ki, amma bir neçə bankın aktivlərini bu dövrdə əksinə artırması bir sıra sual doğurur. Bu suallara məhz həmin bankların aydınlıq gətirməsinin daha doğru olacağını söyləyən iqtisadçı bildirdi ki, izah olunmalıdır ki, bu çətin vəziyyətdə onlar gəlirlərini necə artırıblar: “Əgər belə uğurlu təcrübə mövcuddursa, digər bankların da bu təcrübədən faydalanması pis olmazdı. Amma bunun özü müəyyən şübhələr doğurur. 2015-2016-cı illər ərzində iqtisadiyyatda o qədər ağır proseslər yaşanıb, biznes fəaliyyəti o qədər aşağı düşüb ki, o düşüncədə deyiləm ki, bir neçə bank fəaliyyətlərini uğurla başa vurub. Bu gün bankların əsas fəaliyyəti və gəlir mənbəyi, kredit vermək və investisiya yatırtmaqdan keçir. Əsas gəlir mənbəyi kredit verməkdən banklar məhrum olubsa, onlar necə müsbətdə ola bilərlər. Kredit verilməsi dinamikasını təhlil etsək, görərik ki, kreditlər böyük sürətlə ölkə iqtisadiyyatını tərk edir. Verilən kreditlərin intensivliyi aşağı düşübsə, gəlir necə əldə oluna bilər. Banklar bu gün Allahın ümüdinə buraxılıb. Faktiki olaraq bank sistemi bu gün yalnız valyuta satışından gəlir əldə edə bilirlər. Dolları ucuz alıb baha satırlar».