Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Bu ölkədə “vətənə xəyanət”ə görə 8-10 il, “maliyyə xəyanəti”nə” görə 15 il iş verirlər"

cemil-hesenli-itv5Milli Şuranın sədri Cəmil Həsənli Azərbaycan Beynəlxalq Bankının keçmiş prezidenti Cahangir Hacıyevlə bağlı məhkəmənin verdiyi hökm barədə fikirlərini paylaşıb.

Xeberinfo.com:  C.Həsənli feysbuk səhifəsində yazıb:

“Dostlar! Bu yaxınlarda Bakı Ağır cinayətlər məhkəməsində Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin 15 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökm oxundu. Bəri başdan deyim ki, Beynəlxalq Bank bu rejimin bir maliyyə həlqəsi və uzun müddət ona rəhbərlik etmiş Cahangir Hacıyev də bu hakimiyyətin ən önəmli fiqurlarından idi.

Nədənsə, məhkəmə çox məsələlərə aydınlıq gətirməkdə maraqlı olmadı və öz “araşdırmalarını” yarımçıq, tələm-tələsik yekunlaşdırmalı oldu. Uzandıqca rejimin yüksək vəzifə tutan rəhbər şəxsləri haqqında heyrətamiz faktlar ortaya çıxırdı. Məhkəmə Cahangir Hacıyevi 15 il müddətinə azadlıqdan məhrum etməklə yanaşı, ona qarşı 63 milyon manat iddia olduğunu rəsmiləşdirdi. Amma bu pulun kim tərəfindən haradan alınıb haraya yönəldilməsi, yaxud mənimsənilməsi haqqında əsaslandırılmış bir fakt ortaya qoyulmadı. Birincisi, sual yaranır: Beynəlxalq Bankın rəhbərinə qarşı istintaq dövründə 211 milyon manat mənimsəmə iddiası irəli sürülmüşdü və iş bu məbləğlə məhkəməyə çıxarılmışdı, necə oldu ki, son nəticədə 63 milyonla kifayətlənməli oldular? Qalan 148 milyon necə oldu, bu ödəndimi, yaxud istintaq şişirdilmiş məbləğ irəli sürməklə keçmiş bank rəhbərini şantaj edib? Bu məsələnin bir tərəfi. İkinci məsələ. Korrupsiyaya qarşı biri-birindən səlahiyyətli komissiyalar, qurumlar dad vurub korrupsiya faktları “axtarır”.

Halbuki, Beynəlxalq Bankın keçmiş sədrinin məhkəməsində iri məbləğdə korrupsiya faktlarının olduğu meydana çıxdı. Cahangir Hacıyev məhkəmə prosesində dəqiq ünvan və dəqiq məbləğ göstərdi, dəfələrlə açıqlama verdi ki, onun rəhbərlik etdiyi bank tərəfindən ayrılmış 350 milyon vəsaitin Maliyyə naziri Samir Şərifov tərəfindən mənimsənilib. Maliyyə Nazirliyi isə müşahidə şurasının üzvü olduğu Beynəlxalq Bankdan 5 milyard manat həcmində vəsaitin Hacıyev tərəfindən xarici banklara və ofşorlara köçürülməsi, yəni mənimsənilməsi haqqında rəsmi iddia ilə çıxış etdi. Həm məhkəmənin, həm prokurorluq orqanlarının yüksək vəzifəli şəxslər tərəfindən səsləndirilən iri həcmli korrupsiya faktlarını sükutla qarşılaması anlaşılan deyil.

Digər korrupsiya idarələrini bir tərəfə qoyaq, axı baş prokurorluğun özündə bilavasitə korrupsiyaya qarşı mübarizə qurumu var. Nədən bu faktlar onların diqqətini cəlb etdmədi? Bəlkə gözləyirlər kimsə “rəsmi qaydada” bu faktların araşdırılması üçün onlara müraciət etsin. Məhkəmə prosesində Cahangir Hacıyev tərəfindən bəyan edildi ki, Daxili İşlər Nazirliyinin vəzifəli şəxsləri oğurlanmış həyat yoldaşının qaytarılması ilə bağlı ondan 20 milyon pul istəyib. Kifayət qədər cinayət tərkibin özündə əks etdirən bir məsələdir. Nədən bu fakt prokurorluq orqanlarının diqqətini cəlb etmədi, axı burada konkret məbləğ və konkret ünvan göstərilir. Məhkəmədəki son sözündə Cahangir Hacıyev çox maraqlı bir məqama toxundu. O, bildirdi ki, cinayət işi İdarə Heyəti sədrinin birinci müavini Emin Mustafayevin məktubu əsasında başlanıb. Emin Mustafayevdən soruşmağa imkan yaratmadınız ki, axı sən nəyin əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmisən? Sənə bu, göstərişi kim verib?

Nə vaxtdan mülki işlərə “Bandotdel” baxır? Ora müraciət etməyi sən müəyyən etmisən yoxsa, himayədarların. Praktika belədir ki, kreditlər qaytarılmırsa, məhkəməyə verib, girova yönəldilir”. Bir vaxtlar Cahangir Hacıyevin həyat yoldaşının oğurlanmasında yüksək vəzifəli əməkdaşlarının bilavasitə iştirakı olmuş bir nazirliyin nəzdində olan “Bandotdeldə” bu işin istintaqının aparılması heç bir hüquqi anlayışlara sığmır. Yaxud, məhkəmə prosesində qaytarılmayan kreditlərdən söhbət gedir, lakin Beynəlxalq Bankın ən böyük kredit borclusu (deyilənlərə görə 1, 3 milyarda borcu olan) “Akkord” şirkətinin üstündən sükutla keçilir. Axı, tək “Akkord”un banka olan borcu, üst-üstə məhkəmə araşdırmasına çıxarılan borc məbləğdən dəfələrlə çoxdur. Necə olub ki, yalnız bir şirkətə milyardın üzərində kredit verilib, Beynəlxalq Bankın kredit siyasətinin müəyyən edilməsində xüsusi məsuliyyəti olan Maliyyə Nazirliyi niyə bu fakta biganə qalıb. Görünən odur ki, belə böyük məbləğlərin arxasında elə o boyda vəzifəli şəxslər dayanıb.

Beynəlxalq Bankın işinin “Bandotdel” vasitəsi ilə aparılması ölkənin işgüzar həyatına ağır zərbə vurdu. Bankdan kredit alıb iş görən adamların çoxu “Bandotdelin” zirzəmisindən keçməli oldu, bu kreditlər hesabına qurulmuş müəssisə və şirkətlər sahiblərinin əlindən alındı, müsadirəyə “qanuni” xarakter vermək üçün hətta bu adamların bəziləri həbs yerlərinə dəvət edilmiş notariuslar vasitəsi ilə öz mülkiyyətlərindən “könüllü” şəkildə imtina etdilər. Nəticəsi nə oldu? Həmin müəssisələr hamısı fəaliyyətini dayandırmalı oldu. Minlərlə adam işsız qaldı, qalan iş adamları öz vəsaitlərini ölkədən çıxarmalı oldu. Böhranla üz-üzə dayanan ölkədən kapital axını sürətləndi. Cahangir Hacıyev bütün məhkəmə prosesində əsaslandırmağa çalışdı ki, iddia edilən vəsaitlər mənimsənilməyib, bilavasitə səhmlərin alınmasına yönəldilib. Son sözündə o, dedi: “2015-ci il dekabrın 6-da “Bandotdel”də Ramil Usubov, Zakir Qaralov və Azər Bayramovun (Maliyyə nazirinin müavini) iştirakı ilə bu məsələ müzakirə olundu. Azər Bayramov orda da dedi ki, bu qədər vəsait səhmlərin alınmasına gedib. Niyə imkan vermədiniz ki, həmin adama bu barədə bir-bir sual verək?” Doğrudan da məhkəmə bu məsələnin araşdırılmasında niyə maraqlı olmadı? Axı, məhz bu məqam bütün ittihamın taleyini həll etməli idi.

Məhkəmədə diqqəti cəlb edən məqamlardan biri Beynəlxalq Bankın keçmiş rəhbərinin özünü çox sərbəst və güvənli aparması idi. O, çox inamlı formada dedi ki, “bu cinayət işində mənimsəməni sübut edən nəinki bir fakt, heç yarım fakt yoxdur. Siz nəyin əsasında mənə 17 il iş istəyirsiniz? Lap 117 il olsun, heç mənim vecimə deyil. Ancaq hamı bilməlidir ki, bu vəsaitlər hara gedib. İndi internet əsridir. Jurnalistlər Bakıda oturub internet vasitəsi ilə hansı şirkətin kimə məxsus olduğunu tapa bilərlər”. O, öz haqlılığını eyni zamanda onun həyat yoldaşı Zamirə Hacıyevanı gətirmək üçün Londona yollanmış “Bandotel” əməkdaşlarının əliboş qayıtması ilə izah edirdi. Yəni demək istəyirdi ki, Sizin ittihamlar yalnız Azərbaycanda keçərlidir, normal hüquq sistemi olan ölkələr belə cəfəngiyyata görə adam təslim etməzlər. O, ittihamları qəbul etmədi və yekun olaraq bildirdi ki, “məhkəmədən xahiş etmirəm, tövsiyə edirəm ki, hamıya bəraət verilsin, iş geri qaytarılsın, müstəntiq və prokuror haqqında xüsusi qərar çıxarılsın. Əgər bunlarda zərrə qədər vicdan varsa, üzr istəsinlər. Nə qərar çıxaracaqsınızsa, o sizin işinizdir. Amma bu günün sabahı da var”.

Məhkəmə maliyyə “mənimsəmələri” ittihamı ilə Cahangir Hacıyevi 15 il azadlıqdan məhrum etdi. Qəribə hüquqi kontrast yaranır. Vətənə xəyanət ittihamına görə bu ölkədə adama 8-10 il iş verirlər, maliyyə “xəyanətinə” görə 15 il. Görünür bizim hüquq sistemində maliyyə maraqları, rejimin vətən anlayışından daha üstündür. Əks təqdirdə bunu nəylə izah etmək olar? Mətbuatdan aldığımız məlumata görə məhkəmə elan etdiyi hökmdə Cahangir Hacıyevin əmlakının müsadirəsi barədə bir şey olmayıb. Lakin hökm oxunandan dərhal sonra Daxili İşlər Nazirliyi tərəfindən ona, anasına və bacısına məxsus mənzillərin mühasirəyə alınması, binaların ətrafına polis qüvvələrinin yeridilməsi, onların ətrafında polis postlarının qurulması ölkədə hansı özbaşnalığın hökm sürməsinin aydın göstəricisi idi. Maliyyə-iqtisadi xarakterli məsələlərin “Bandotdellə” başlayıb Ağır Cinayətlər Məhkəməsində tamamlanması ölkənin biznes, işgüzar həyatına nəinki iqtisadi, eyni zamanda ağır psixoloji zərbə endirir, bu zərbənin bir nəticəsi artıq göz qabağındadır. Son il yarımda ölkəni maliyyə-iqtisadi böhran bürüyüb, işsizlik geniş xarakter alıb, investisiyaların cəlb edilməsi üçün vacib olan etimad itirilib, ölkədən kapital axını qarşısıalınmaz prosesə çevrilib, açılan müəssisələr öz fəaliyyətini dayandırıb, sosial sarsıntılar təhlükəli həddə yaxınlaşıb”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam