Ermənilər Goranboyda yaşayış evini gülləyə tutdu
Ermənistan silahlı qüvvələri mülki əhalinin yaşadığı Azərbaycan kəndini gülləbaran edib.
Xeberinfo.com: Anspress bildirir ki, ötən axşam saat 21 radələrində Goranboyun cəbhə xəttinə yaxın yerləşən Tap-Qaraqoyunlu kəndində atəş səsləri eşidilməyə başlayıb. Qarşı tərəf Azərbaycan ordusunun mövqeləri ilə yanaşı kəndi müxtəlif çaplı silahlardan atəşə məruz qoyub. Təmas xəttində baş verənləri müşahidə edə bilmək üçün açıq əraziyə çıxmağa cəhd edən çəkiliş qrupu bu iş təhlükəli olduğundan istinad divarının arxasına sığınmalı olub.
Təqribən yarım saatdan sonra atışma səngiyib. Gülləbarandan geriyə, evlərin divarlarında, qapılarda və pəncərələrdə güllə izləri qalıb.
Yaşı 60-ı haqlamış Minə xalanın isə az ölümlə arasındakı məsafə yarım metrdən də az olub. "Mən oturmuşdum divanda, gördüm ayna şaqqıldadı, güllə aynadan girib qapıya dəydi, qapıdan da keçdi getdi divara girdi", - deyə kənd sakini Minə xala bildirib...
Ümumiyyətlə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan da istifadə etməklə son sutka ərzində atəşkəs rejimini ümumilikdə 126 dəfə pozub.
Müdafiə Nazirliyinin saytına istinadən xəbərə görə, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Qızılhacılı kəndində, Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Çinari, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Əlibəyli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Göyarx, Çiləbürt, Çaylı, Yarımca, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Yusifcanlı, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 130 dəfə atəş zərbəsi endirib.