“Nabucco” qərarı Rusiyada narahatlıq və şübhə doğurdu
Bu həftə Azərbaycan prezidenti İlham Əliyevlə Bolqarıstan baş naziri Boyko Borisov arasında Sofiyada aparılan danışıqlardan sonra iki il əvvəl ləğv edilmiş “Nabucco” qaz kəməri layihəsinin bərpasına dair veirlmiş bəyanat gözlənildiyi kimi Rusiyada narahatlıq və geniş əks-səda yaradıb.
"Xeberinfo.com": Məlumata görə, “Nabucco”nun bərpasının “Qazprom”un “Cənub axını” kəməri layihəsini dayandırmasından sonra Türkiyə-Yunanıstan sərhədinə qədər eyni gücdə “Türk axını” kəməri çəkmək planlarına zərbə olduğu göstərilməklə yanaşı bunun qeyri-real olduğunu irəli sürənlər də var. O cümlədən “Qazprom”un özündə.
“Vedomosti” həftəliyi “Nabucco”nun bərpasına dair Sofiyada verilən bəyanatı şərh edib və bu kəmərin Bolqarıstan hissəsinin Azərbaycan qazının Avropanın cənubuna nəqli üçün nəzərdə tutulan TAP kəmərinə birləşdirilməsi perspektivlərini araşdırıb.
Qeyd olunur ki, “Nabucco” Bolqarıstandan Rumıniyadan, Macarıstandan keçib Avstriyaya daxil olmalı idi. Rusiyanın “Cənub axını” kəmərinin marşrutu da demək olar ki, eyni idi. Ona görə də bu layihələr bir-biri ilə rəqib hesab edilirdi. Ancaq iş elə gətirdi ki, əvvəlcə “Nabucco” rəqabətə davam gətirməyib bağlandı. Daha sonra Avropa İttifaqı (Aİ) “Cənub axını” layihəsinə qarşı əngəllər yaratmağa və bundan Rusiyanın Ukrayna məsələsində mövqeyini dəyişdirmək üçün yararlanmağa cəhd göstərdi.
Rusiya isə geri çəkilmədi, əksinə, “Cənub axını”nı bağlayıb “Türk axını” layihəsini irəli sürdü.
Bəs indi “Nabucco”nun yenidən bərpası və TAP kəmərinə birləşdirlməsi nə dərəcədə real plandır?
Rusiyanın FNEB konsaltinq qrupunun direktor müavini Aleksey Qrivaç deyir ki, TANAP və TAP kəmərlərini “Nabucco”ya birləşdirmək təkcə “Şahdəniz” yatağının resursları hesabına mümkün olmayacaq. Çünki bu yataqda qaz ehtiyatları məhduddur. “Qazprom”un isə “Cənub axını” üçün resurs baxımından problemi yox idi. Lakin Rusiya ilə Aİ arasında Ukraynaya görə münasibətlər kəskinləşəndə Avropa Komissiyası “Cənub axını”nın tikintisini dondurdu, “Qazprom” isə layihədən imtina etdi.
Aİ Rusiya qazından asılılığı azaltmaq istəyir və bu məqsədlə yeni strategiya qəbul edib. İndi Aİ Azərbaycanla yanaşı Türkmənistan və İrandan da qaz almağa çalışır. Əslində hər iki ölkə əvvəldən də Cənub Qaz Dəhlizi üçün mənbə hesab edilirdi. Lakin İran Qərbin sanksiyaları altındadır.
Türkmənistan qazını almaq üçün isə Xəzərin dibindən kəmər çəkmək tələb olunur.
“Xəzərin statusu bəlli olmadığından bu kəmərin tikintisi də mümkün olmayacaq”- deyə Qrivaç bildirir.
Yeri gəlmişkən Sofiyada “Nabucco”nun bərpası haqda müzakirələrlə eyni vaxtda Bakıda Xəzərin statusu da müzakirə edilirdi. Və bu müzakirələrdə Xəzərin dibindən kəmərlərin çəkilməsi məsələsi ətrafında ciddi fikir ayrılıqlarının olduğu bir daha təsdiqlənib.
“Azərbaycan və Türkmənistan Avropaya qaz nəql etmək imkanlarını və istəklərini ifadə ediblər. Aİ buna siyasi və hüquqi dəstək verməyə hazırdır”- Avropa Komissiyasının rəsmisi məsələni şərh edərkən bildirib.
Ancaq adının açıqlanmasını istəməyən həmin rəsmi “Nabucco”nun bərpasına dair verilən bəyanatları şərh etməyib. Qeyd edib ki, Azərbaycan qazının Cənub-Şərqi Avropaya nəqli “strateji baxımdan mühümdür. “Qazprom”dakı mənbə isə “Nabucco”nun bərpasına dair verilən bəyanatları ciddi hesab etmir.
““Nabucco”ya qayıtmaq barədə deyilənlər ancaq siyasi bəyannamədir, bunun üçün qaz yoxdur”- Rusiya şirkətinə yaxın mənbə bildirib.
BP-nin məlumatlarına əsasən Azərbaycanın qaz ehtiyatları cəmi 900 milyard kubmetrdir. Lakin ARDNŞ-in məlumatına görə, ölkənin təsdiqlənmiş qaz ehtiyatları 2,5 trilyon kubmetrə yaxındır. İranın qaz ehtiyatları 30 trilyon kubmetr, Türkmənistanın ehtiyatları isə 17,5 trilyon kubmetr hesablanır.
“Ancaq heç kim bilmir ki, bu qazı nə vaxt hasil edib boruya vuracaqlar”- deyə “Qazprom”a yaxın mənbə istehza ilə bildirir.
Virtualaz.org