TAP “Qazprom”a açıq elan edildi
Avropa Komissiyası bəyan edib ki, Rusiyanın “Qazprom” şirkəti Azərbaycan qazının Avropaya nəqli üçün çəkiləcək Transadriatik Qaz Kəmərindən (TAP) istifadə edə bilər.
"Xeberinfo.com": Məlumata görə, Virtualaz.org saytı euraktiv.com portalına istinadən xəbər verir ki, bu haqda Avropa Komissiyasının energetika üzrə komissarlığının müşaviri Brendan Devlin bəyan edib.
“Əgər Rusiyanın qaz ixracı inhisarçısı “Türk axını” kəmərini çəksə və Türkiyənin Yunanıstanla sərhədinə qaz nəql etsə, onu daha sonra Avropanın cənubuna ötürmək üçün TAP kəmərindən istifadə edə bilər” -deyə Brendan Devlin Avropa Araşdırmaları üzrə Martens Mərkəzində (Martens Centre for European Studies) “Cənub axını sonrası” mövzusunda konfransda çıxışı zamanı bildirib.
Xatırladaq ki, Rusiya “Cənub axını” kəmərini ləğv edib. Əvəzində “Qazprom” elan edib ki, Türkiyənin Yunanıstan sərhədinə qədər eyni gücdə yeni kəmər-“Türk axını” çəkiləcək.
Həmçinin “Qazprom” taktikanı dəyişib. Şirkət bildirir ki, avropalı alıcılara qazı birbaşa evdə çatdırmayacaq, alıcılar özləri qazı Türkiyə-Yunanıstan sərhədində qəbul etməli olacaqlar. Bu isə “Cənub axını” kəmərindən qaz alacaq ölkələr üçün Yunanıstanın Türkiyə ilə sərhədinə qədər yeni kəmərlər sisteminin çəkilməsi zərurəti deməkdir.
İndi Avropa Komissiyası elan edir ki, yeni kəmərlərin çəkilməsinə ehtiyac yoxdur və “Qazprom” “Türk axını”nı TAP kəmərinə birləşdirə bilər.
Hərçənd ki, Rusiyanın TAP kəmərində payı yoxdur. Devlin bildirib ki, TAP kəmərinin həcmi Azərbaycanın “Şahdəniz” qazının nəqli üçün artıqlaması ilə bəs edir. “Şahdəniz” qazının nəqli ilə yanaşı TAP kəmərindən 50 faiz daha artıq həcmdə qaz nəql etmək mümkündür. Və “Qazprom” bu həcmi doldura bilər.
TAP kəmərinin buraxılış gücü ildə 10 milyard kubmetrdir, ancaq əlavə kompressor stansiyaları tikməklə buraxılış gücünü 20 milyard kubmetrə qədər artırmaq olar. “Türk axını” kəməri ilə ildə 63 milyard kubmetr qaz nəqli planlaşdırılır.
“Burası vacib deyil ki, yükü göndərən kimdir, bunun rus qazı olması bizi narahat etmir. İstər Rusiya qazı olsun, istər Azərbaycan, istər Liviya qazı. Daxili bazar belə işləyir. Bu qaydaları biz Rusiya, yaxud “Qazprom” üçün tətbiq edirik”- Devlin bildirib.
“Və biz onlardan da bu qaydalara əməl etməyi tələb edirik, onlar sərbəstdirlər və Avropa İttifaqının ərazisində də kəmərlərdən eyni əsaslarla istifadə edə bilərlər”- deyə müşavir əlavə edib.
Devlin “Qazprom”un TAP-dan istifadəsinin “normativ və siyasi baxımdan mümkün olduğunu” vurğulayıb.
Bununla belə diplomatlar EurAktiv-ə bildiriblər ki, “Türk axını”nın elan edildiyi kimi yaxın 3-4 ilə tikilməsi mümkün deyil, Rusiyanın buna daha çox vaxtı gedəcək. Diplomatların bildirdiyinə görə, TAP kəmərinin kranlarından Azərbaycan qazının alınması prioritet olacaq, ancaq gələcəkdə Rusiyanın da bu kəmərdən istifadəsi mümkündür.
Xatırladaq ki, “Türk axını” da Yunanıstan-Türkiyə sərhədinə TANAP kəməri ilə eyni məntəqədə çıxacaq. Bu layihənin Azərbaycan qazının Avropaya nəqli strategiyasına müəyyən əngəllər yarada biləcəyi istisna deyil. İki gün əvvəl Azərbaycan prezidenti İlham Əliyevin Bolqarıstana səfəri zamanı tərəflər2013-cü ildə ləğv edilmiş “Nabucco” layihəsini bərpa etməyə qərar veriblər. Azərbaycan və Bolqarıstan liderlərinin əldə etdiyi razılaşmaya əsasən “Nabucco”nun Bolqarıstan ərazisindən keçən hissəsi bərpa oluna və TAP kəmərinə birləşdirilə bilər. Nəticədə Azərbaycan qazı Bolqarıstandan keçməklə Rumıniya və Macarıstana nəql olunar. “Nabucco”nun bərpası layihəsi Rusiyada narahatlıqla qarşılanıb və ekspertlər bunun “Türk axını”ın perspektivlərinə zərbə vurduğunu düşünürlər.
Virtualaz.org