Yenixeber.org: Gələn ilin dövlət budcəsində sosial müdafiə və sosial təminat xərclərinin azaldılması nəzərdə tutulur. Maliyyə Nazirliyinin sentyabrın 8-də açıqladığı büdcə layihəsinə əsasən 2022-ci ildə bu istiqamətdə 3 milyard 584 milyon 408 min manat xərclənməsi nəzərdə tutulur. Cari ildə sosial müdafiə və sosial təminat xərcləri 3 692 746 545 manat olub ki, bu da gələn il bu sahədə xərclərin təxminən 108 milyon manat azaldılacağını göstərir.
Maliyyə Nazirliyi xərclərin hansı səbəblərdən ixtisar edildiyinə aydınlıq gətirməyib. Amma son 3 ildə pensiya və müavinətlərin kəsilməsi, əlillik qruplarının kütləvi şəkildə ləğv edilməsi hökumətin sosial öhdəliklərini maksimum azaltmaq niyyətindən xəbər verir. İqtisadçıların bildirdiyinə görə, artıq 186 mindən çox vətəndaş qeyd olunan pensiya və müavinətlərdən məhrum edilib.
Bir məqamı da qeyd edək ki, ötən il baş vermiş 44 günlük müharibədə 3 minə yaxın hərbçi şəhid olub, 12 minə yaxın hərbi qulluqçu isə müxtəlif dərəcəli xəsarətlər alıb. Onların bir hissəsi hazırda müharibə əlili kimi təqaüd almaqdadır. Şəhid ailələrinin müavinəti, sosial problemlərinin həll edilməsi də əsas etibarilə büdcə vəsaitləri hesabına həyata keçirilir. Beləliklə, dövlətdən pensiya və müavinət alan imtiyazlı vətəndaşların sayında kifayət qədər artım olduğu halda, gələn ilin büdcəsindən müdafiə və sosial təminat xərcləri 108 milyon manatdan çox azaldılır. Bu rəqəm son 3 ildə sosial qurumların büdcənin yükünü yüngülləşdirmək üçün nə qədər “gərgin əmək” sərf etdiyinin bariz nümunəsidir. Aparılan “islahatlar” Azərbaycanı MDB məkanında əhalisinin ən az qisminə pensiya və müavinət verən ölkələr sırasında liderliyə yükslədib.
İqtisadçı Nemət Əliyev bildirdi ki, 3,723 milyon nəfər əhalisi olan Gürcüstanda 2021-ci ilin əvvəlinə olan vəziyyətə görə, 932 min nəfər pensiyaçı olub:
“Gürcüstan hökuməti əhalinin 25 faizinə, Azərbaycan hökuməti isə əhalinin vur-tut 12 faizinə pensiya verir. 2017-2020-ci illər arası dövrdə pensiyaçıların sayı Gürcüstanda 6 faiz artıb. Azərbaycanda bu göstərici 7 faiz azalıb. Hətta pensiyaçıların sayı yalnız son 1 ildə Gürcüstanda 2,4 faiz artdığı halda, Azərbaycanda 4 faizə yaxın aşağı düşüb. Bəs, necə olur ki, çox az təbii sərvət imkanları ilə Gürcüstan hökuməti öz əhalisinin 25%-nə pensiya verə bilir, lakin iri maliyyə imkanları ilə Azərbaycan hökuməti bu işin öhdəsindən gələ bilmir?!”
N. Əliyev qeyd etdi ki, bu məsələdə Azərbaycanın Ermənistandan geri düşməsi isə ümumiyyətlə, heç bir əndazəyə sığmır:
“2020-ci ilin göstəricilərinə görə, 2,962 milyon nəfər əhalisi olan Ermənistan 467 min nəfərə pensiya verib. Orada əhalinin hər 1000 nəfərinə 158 pensiyaçı düşür. Azərbaycan isə hər 1000 nəfərin 122-nə pensiya verir. Ermənistanda pensiyaçıların sayı 2017-2020-ci ilər arası dövrdə 2 faiz artıb, Azərbaycanda 7 faiz azalıb. Bu illərdə pensiyaçıların sayı Ermənistanda hər il yüksəlib, Azərbaycanda isə hər il düşüb. Niyə belə olmalıdır? Azərbaycan xalqının daha yüksək səviyyədə pensiya təminatı sistemindən faydalanmaq haqqı yoxdurmu?!”
İqtisadçı əlavə etdi ki, Azərbaycan əhalinin pensiya təminatı göstəricisinə görə çox ölkələrdən geridə qalıb. Cari ilin əvvəlinə olan məlumatlara görə, Rusiya hər 1000 nəfərin 312-nə, Belarus hər 1000 nəfərin 265-nə, Moldova hər 1000 nəfərin 262-nə, Türkiyə hər 1000 nəfərin 160-na pensiya verir. Azərbaycanda isə bu göstərici 122 nəfərdir. Nemət Əliyevin sözlərinə görə, 2017-ci ilə qədər – Azərbaycanda pensiya yaşı həddinin qaldırılmasını nəzərdə tutan qanun qüvvəyə minənədək – bu sahədə vəziyyəti onsuz da yaxşı deyildi. Yeni qanunun qüvvəyə minməsi ilə göstəricilər daha da pisləşdi:
“Görünən budur ki, pensiya islahatı adıyla xalqa sırınan bu qanun müasir tələblərlə ayaqlaşmır. Yaş həddinin qaldırılmasının əhalinin etirazı ilə üzləşməsini də nəzərə almaq vacibdir. Odur ki, hökumət ətrafına baxmalı, inadkarlığından əl çəkməli və pensiya yaşı həddinin qaldırılmasını nəzərdə tutan bu biabırçı qanunu ləğv edərək buraxdığı kobud səhvləri düzəltməlidir”.(pressklub)
Turqut