25 milyardlıq büdcə layihəsi müzakirədə
Gələn ilin büdcə zərfi parlamentə daxil olub.
Yenixeber.org: Büdcə zərfinə “2020-ci il dövlət büdcəsi haqqında”, ” 2020-ci il üçün yaşayış minimumu haqqında”, “2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında” qanun layihələri, Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının gələn il üçün xərclər smetaları daxildir.
Sənəd yaxın vaxtlarda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
Həmçinin dövlət büdcəsi zərfinə daxil olan məsələlər Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-ü keçiriləcək plenar iclasında müzakirəyə ediləcək.
2020-ci ildə Azərbaycan dövlət büdcəsinin xərcləri 25 milyard 617 milyon 700 min manat təşkil edəcək. 2019-cu illə müqayisədə bu göstərici 427,7 milyon manat çoxdur.
Sosial yönümlü xərclər dövlət büdcəsinin 40,7% təşkil edəcək, bu da 2019-cu ilin analoji göstəricisindən 2662,2 milyon manat yaxud 9% çoxdur. Əmək haqlarının ödənilməsinə 6723,4 milyon manat, pensiya və sosial müavinətlərin ödənməsinə 3213,4 milyon manat, icbari tibbi sığortanın tətbiqinə 902,9 milyon manat xərclənəcək.
Dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat səviyyəsində proqnozlaşdırılır, bu da 2019-cu ilin büdcəsinin gəlirlərindən 1 milyard 316 milyon manat, yaxud 5,7% çoxdur. Neft gəlirləri 13947,5 milyon manat, yaxud büdcənin 57%-i, qeyri-neft gəlirləri isə 10536,5 milyon, manat yaxud büdcənin 43% təşkil edəcək. Cari illə müqayisədə qeyri-neft gəlirlərinin səviyyəsi 1068,8 milyon manat, yaxud 11,3% çoxdur.
Büdcə kəsiri 1133,7 milyon manat səviyyəsində proqnozlaşdırılır, bu da 2019-cu ilin analoji göstəricisindən 888,3 milyon manat, yaxud 43,9% azdır.
Naxçıvan Muxtar Respublikasının büdcəsi 480,3 milyon manatdır. Bu da 2019-cu illə müqayisədə 96,6 milyon manat çoxdur.
Büdcədə neftin qiyməti 1 barelə görə 55 dollar hesabı ilə götürülüb. 2019-cu ilin dövlət büdcəsində neft 60 dollar səviyyəsində göstərilib.
Ekspertlərin şərhinə görə, 2020-ci ildə dövlət büdcəsinin xərclərinin ümumi həcmində cari xərclərin xüsusi çəkisi ilk dəfə olaraq 60%-dən çox olacaq, bu da onu deməyə əsas verir ki, qeyri-neft gəlirləri hesabına cari xərclərin 80% təmin etmək mümkün olacaq.
Cari xərclərin qalan hissəsi, həmçinin dövlət borcları və kapital xərclər neft gəlirləri hesabına ödəniləcək. Bu o deməkdir ki, indiyə qədər dövlət büdcəsinin xərclərini qeyri-neft sektoru hesabına ödəmək mümkün deyil. Beləliklə, gələn ilin dövlət büdcəsinin xarici şoklardan asılılığı, həmçinin dövlət büdcəsi gəlirlərini təmin etmək riski artıb.
2019-cu il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 23 milyard 168 milyon manat, xərclər 25 milyard 190 milyon manat planlaşdırılıbr. 2019-cu il dövlət büdcəsinin kəsiri 2 milyard 22 milyon manat və ya ÜDM-in 2,5% -i səviyyəsində proqnozlaşdırılır.