Yenixeber.org: Saxta müavinət və pensiyaların müəyyən edilməsi üçün əlillik üzrə tibbi ekspertizanın aparılması və əlillik qruplarının təyinatı ilə bağlı yaranan problemlər ölkədə sosial gərginliyə səbəb olub. Məlumdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSM) bir neçə ildir əlillik təyinatları ilə bağlı geniş araşdırma aparır. Prezident İlham Əliyevin 3 il əvvəl imzaladığı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun tətbiqi barədə fərmanda Nazirlər Kabineti qarşısında 5 ay müddətində aşağıdakı məsələlərin həlli tapşırılmışdı:
– Bu sahə üzrə qanunların və prezident aktlarının “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflər hazırlayıb, prezidentə təqdim etmək;
– Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin edib, prezidentə məlumat vermək;
– Əlilliyin qiymətləndirilməsi qaydasını prezidentlə razılaşdırmaqla təsdiq etmək;
– Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını təsdiq edib, prezidentə məlumat vermək;
– Əlilliyin müəyyən olunması meyarlarını prezidentlə razılaşdırmaqla təsdiq etmək.
Beləliklə, əlillik müddəti bitən vətəndaşların xəstəlik tarixçəsi, müavinət aldığı müddətdə müalicəsini davam etdirib-etdirməməsi, habelə travmaların, daxili xəstəliklərin əlillik hüququ yaradıb-yaratmadığı ciddi şəkildə araşdırılır.
Hərbi və mülki əlillərin əksəriyyəti Bakıda nazirliyin müvafiq qurumlarında yaradılmış komissiyalara çağırılaraq sorğu-sual edilir. Rəsmi məlumata görə, 17 mindən artıq əlillik təyinatı ləğv edilib, onların arasında müharibədə yaralanmış 500-ə yaxın hərbi əlil də var. Komissiya onların əlilliklə bağlı müraciətlərini rədd edib. Ümumilikdə pensiyası kəsilən, sənədləri saxta hesab edildiyinə görə dövlətdən aldığı pulu geri qaytarması tələb edilən vətəndaşların sayı on minlərlədir. Nazir Sahil Babayev ilin əvvəlində bildirmişdi ki, görülən bu sayaq tədbirlər nəticəsində 750 milyon manatdan artıq dövlət vəsaitinə qənaət edilib. Amma nazir gəlir yerlərindən məhrum edilən vətəndaşların sosial vəziyyətinin araşdırılması, onların dövlətin sosial müdafiə alətləri ilə dəstəklənməsi ilə bağlı hər hansı açıqlama verməyib. Məsələnin ən ağrılı tərəfi budur ki, müavinət, pensiya hüququ əlindən alınan insanların əksəriyyətinin yeganə gəlir mənbəyi dövlətdən aldıqları vəsait olub. Bu mənbə bağlandıqdan sonra vətəndaş ağır sosial-iqtisadi şərtlər, bahalıq şəraitində necə dolanacaq?
İkinci mühüm məsələ əlillik təyinatları aparılan müddətdə vətəndaşların pensiyasının dayandırılması ilə bağlıdır. Məsələn, əlilliyi olan şəxsin pensiyası yanvarın 18-də dayandırılır, təkrar müayinə, komissiyadan keçirilmə, sənədlərin sistemə vurulması 6 aydan çox çəkir. Bu müddətdə vətəndaş gəlir mənbəyindən məhrum olunur. Fiziki imkanları məhdud, ciddi xəstəlikləri olan insanlar bu vəsaitin əsas hissəsini dava-dərmana və qidaya yönəldir. Əgər əlilliyi olan şəxsin ailədən başqa yardım edəni yoxdursa, ailəsinin yeganə gəlir mənbəyi həmin müavinətdirsə, o 6 ay ərzində necə yaşayacaq? Bu sual da təəssüf ki, sosial qurumları narahat etməyib.
Narahatlıq doğuran daha bir problem əlillik təyinatının müayinə tarixi ilə deyil, məlumatın sistemə daxil edilməsi günüylə hesablanmasıdır. Bu, o deməkdir ki, minlərlə əlil vətəndaş qanunsuz olaraq bir neçə aylıq pensiyadan məhrum edilib. Belə çıxır ki, ilkin komissiyadan sonrakı müddətdə səhiyyə müəssisəsi istədiyi qədər vətəndaşın sənədlərinə etinasız yanaşa bilər və bu müddətdə faktiki təyinat aparılmadığından, əlil vətəndaş pensiya məbləğindən məhrum ediləcək. Heç kəs də buna görə məsuliyyət daşımayacaq. Söhbət bir neçə aylıq pensiyanın verilməməsindən gedir.
Qeyd edək ki, ƏƏSM Milli Məclisə təqdim etdiyi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişikliklər layihəsi iyulun 2-də üçüncü oxunuşdan keçərək təsdiq edilib. Dəyişikliklərə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində vətəndaşın əlilliyi yenidən müəyyən edildikdə o, ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab ediləcək. Yəni dövlət müavinəti sonradan vətəndaşa ödəyəcək.
Nazirliyin bu barədə yaydığı məlumatda bildirilir ki, layihə əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi məqsədilə hazırlanıb. “Beləliklə, həmin müddət üçün vətəndaşın sosial ödənişlərinin aparılmasını təsbit edən dəyişiklik əlilliyi olan şəxslərin sosial təminatının daha da yaxşılaşdırılmasını nəzərdə tutur“, – deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, bu layihənin parlamentdə ilkin müzakirəsi zamanı bildirilmişdi ki, yeni qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Məlumdur ki, parlamentin təsdiq etdiyi qanunlar prezident tərəfindən imzalandıqdan və rəsmi mətbuatda dərc edildikdən sonra qüvvəyə minir. Hazırda bu qanunun qüvvədə olub-olmaması barədə informasiya əldə edə bilmədik. İnternet resurslarında prezidentin yeni qanunu imzaladığı barədə məlumat yoxdur, ƏSSM-ə ünvanladığımız sorğu isə cavabsız qaldı.
Qeyd edək ki, qanunda aparılan dəyişikliyə əsasən “I dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 81-100 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər“, “II dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 61-80 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər“, “III dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 31-60 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər” anlayışı ilə əvəzlənib.
İstehsalat qəzaları və peşə xəstəlikləri ilə bağlı orqanizmin funksiyalarının 10-31 faiz itirilməsinə görə də əlillik müəyyən ediləcək.(pressklub)
Turqut