Xüsusi təyinatlılar 6 saatdan çoxdur 60 yaşlı sahibkarla döyüşür-VİDEO
Yenixeber.org: Bu gün martın 30-da günorta saatlarında Rusiya Daxili İşlər Nazirliyinin və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Moskva ətrafındakı Mıtişi şəhərinin elit kotteclərin yerləşdiyi Novıe Vışki qəsəbəsində qanunsuz silah saxlamaqda şübhəli bilinən şəxsin evinə baxış keçirməyə cəhd edib. Lakin hadisələr əsl “Hollivud” döyüş filmlərindəki kimi cərəyan etməyə başlayıb. Belə ki, ev sahibi güc strukturlarının nümayəndələrini içəri buraxmayıb və onlarla atışmağa başlayıb. Bu zaman o, iki azyaşlı uşağı və kürəkənini girov kimi istifadə edib. Daha sonra uşaqları buraxıb.
Hadisə yerinə əlavə qüvvələr, o cümlədən elit xüsusi təyinatlı dəstələr cəlb olunub, amma axşam saat 20 radələrində çoxsaylı xüsusi təyinatlı döyüşçülərin tənha atıcı ilə döyüşü hələ davam edirdi və onu zərərsizləşdirmək, yaxud tutmaq mümkün olmamışdı.
Rusiya KİV-ləri xəbər verir ki, xüsusi təyinatlılarla döyüşə girən şəxs 60 yaşlı Vladimir Bardanovdur. O, avtoservis sahibidir və əvvəllər özəl mühafizə şirkəti də olub, hazırda həmin şirkət işləmir. Şəxsin arsenalında çoxlu sayda silah-sursat qalıb və o, xüsusi təyinatlılarla saatlarla davam edən döyüşə girib. Bu zaman avtomatdan istifadə edib, onlara tərəf çoxsaylı əl qumbaraları atıb.
Əməliyyata “Rosqvardiya”nın “Rıs” xüsusi təyinatlı dəstəsi, “Bulat” və OMON-un “Zubr” xüsusi təyinatlı dəstələri cəlb olunub. Kottec mühasirəyə alınıb, amma xüsusi təyinatlılar heç cür evə yaxınlaşa bilməyiblər. Bardanov onlara tərəf vaxtaşırı olaraq əl qumbaraları atıb, kottecin ikinci mərtəbəsinə qalxan pilləkəni partladıb və ikinci mərtəbədə mövqe tutaraq çoxsaylı xüsusi təyinatlıların evə yaxın düşməsinə imkan verməyib. Son saatlara olan məlumata görə Bardanov xüsusi təyinatlılara tərəf 20-dən çox əl qumbarası atmışdı. Xüsusi təyinatlılar isə evə qumbaraatan zərbəsi endirib, bu zaman yanğın başlayıb, amma Bardanov təslim olmayıb. Atışma zamanı bir xüsusi təyinatlı yaralanıb, onu təcili yardım maşını ilə aparıblar.
Axşam saatlarında Bardanovun tutulduğu haqda xəbərlər yayılsa da bu xəbər təsdiqlənməyib, amma atışma səngiyib və bildirilirdi ki, xüsusi təyinatlılar hücumun yeni planını müzakirə edirlər.
KQB-nin “Alfa” xüsusi təyinatlı dəstəsinin veteranı Sergey Qonçarov baş verənləri şərh edərək deyib ki, Bardanovu “kottecin yaxşı möhkəmləndirilmiş olması səbəbindən” tutmaq mümkün olmur. Onun sözlərinə görə, bina və pəncərələr elə qurulub ki, snayperlər işləyə bilmir. “Mənim gördüyüm qədər bu, ciddi döyüş mövqeyidir, pəncələri balacadır və nəticədə snayperlərin işi çətinləşir. Üstəlik adamın böyük sursat ehtiyatı var və hücumun qabağını saxlaya bilir”,-ehtiyatda olan polkovnik bildirib.