Dədə Şəmşirin doğum günüdür
16 mart tarixi XX əsrdə Azərbaycan aşıq sənətinin inkişafında böyük xidmətlər göstərmiş Aşıq Şəmşirin doğum günüdür.
Yenixeber.org-un məlumatına görə, Aşıq Şəmşir Qacayev 1893-cü il martın 16-da Kəlbəcərin Dəmirçidam kəndində Qurban Məşədi Məmmədalı oğlunun ocağında dünyaya göz açıb. O, sənətin ilk sirlərini də atasından öyrənib.
Şair Qurban oğlunun qeyri-adi istedada malik olduğunu görüb ona hansı ustadlardan nəyi və necə öyrənməyin yollarını göstərmişdi.
Sənətin sehrini, sirrini böyük ustadlardan öyrənəndən sonra artıq 1915-ci ildən etibarən Aşıq Şəmşir müstəqil aşıqlıq etməyə başlayıb. Məclisdən-məclisə, toydan-toya yetkinləşib, püxtələşib. O, artıq gənclik çağlarında öz elində, obasında tanınır, sevilirdi.
Aşıq Şəmşirin “Şeirlər” adlı ilk kitabı 1959-cu ildə “Akademiya” nəşriyyatı tərəfindən buraxılıb. Sonralar müəyyən fasilələrlə ustad sənətkarın “Qoşmalar”, “Seçilmiş əsərləri”, “Dağ havası”, “Şeirlər”, “Öyüdlər” və s. kitabları işıq üzü görüb.
9 dekabr 1963-cü ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.
Aşıq Şəmşir 1980-ci ildə, 87 yaşında dünyasını dəyişib. Kəlbəcər Ermənistanın işğalına məruz qaldığı dövrdə Ağdabanda yerləşən məzarı dağıdılıb.
Mərhum prezident Heydər Əliyev Dədə Şəmşirin sənətinə yüksək qiymət verərək 2003-cü ildə Aşıq Şəmşirin anadan olmasının 110 illiyinin ölkə miqyasında qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb. Həmçinin, sərəncama əsasən, Göygöl rayonundakı yeddiillik musiqi məktəbinə Aşıq Şəmşirin adı verilərək büstü ucaldılıb.
Aşıq Şəmşirin həyat və yaradıcılığına həsr olunmuş ”Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir” (Osman Sarıvəlli, 1973), “Saxla izimi, dünya” (Məmməd Aslan, 1989), “Dədə Şəmşir yaddaşlarda” (Qənbər Şəmşiroğlu, 2000) “Dədə Öyüdləri” iki çildilik və s. kitabları çap olunub.
Aşıq Şəmşir yaradıcılığının ana xəttini vətən və torpaq sevgisi, doğma yurda, elə, obaya dərin məhəbbət hissləri tutur.
Dədə Şəmşirin yaradıcılığı çoxşaxəlidir, onun qoşma, təcnis, gəraylı, bayatıı, rübai, qəzəl və müxəmməsləri xalq yaradıcılığı üstündə köklənib.
Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev də Dədə Şəmşirin sənətini yüksək qiymətləndirmişdi. “Qədim köklərə malik Azərbaycan aşıq sənəti ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsində Aşıq Şəmşirin böyük əməyi vardır”, -deyə Heydər Əliyev vaxtilə Dədə Şəmşirin yubiley tədbirlərinin birində söyləmişdi.
Böyük söz adamı Dədə Şəmşir təkcə ustad aşıq kimi yox, həm də bir şair kimi məşhurlaşmışdı.
Onun yazdığı poeziya inciləri xalqın əsl mənəvi sərvətinə çevrilib, dillər əzbəri olub.
Ustad sənətkarın qoşduğu mahnılar və yazdığı şeirlər bu gün də sevə-sevə dinlənilir.