“Dağların dağ boyda ahı”
AMEA Folklor İnstitutunun doktorantı, AJB və AYB-nin üzvü tədqiqatçı - publisist Cəmilə Çiçəyin (İsbəndiyarova) “Dağların dağ boyda ahı” yazısını təqdim edirik:
Xeberinfo.com: Məhəmməd Nərimanoğlu həsrətli adamdır –Yurda, Ocağa... o Yurdun, o Ocağın adamlarına, o yurdun dağlarına, çaylarına, o Ocağın işığına...
...Onunla bağlı nəsə yazmaq haqqında çoxdan düşünmüşəm. Açığı, bir dəfə də qələmimi sınamışam: bir məqalə yazıb “Təzadlar” qəzetində dərc elətdirmişəm (“Təzadlar” qəzeti, 15-22 dekabr 1998-ci il.). Amma bu gün də yazmaq istəyirəm, yalnız ona görə yox ki, aradan illər keçib və onun yaradıcılığı, əlbəttə, bir qədər də genişlənib. Ona görə yazmaq istəyirəm ki, o zaman demək istədiklərimi indi hiss edirəm ki, ifadə eləyə bilməmişəm, ya bəlkə zamanı deyilmiş. Bu illər ərzində hər ikimizin həm dünyaya baxışımız dəyişib, həm də müəyyən səbəblər ortaya çıxıb. İstərdim ki, istəkli oxucumuzu qiyabi də olsa illər öncə qələmə aldığım həmin yazının bəzi məqamları ilə bir daha tanış edim. Çünki, əlavə edəcəklərimin vacibliyi onda ortaya çıxacaq.
Beləliklə, ilk dəfə onun haqqında (“Puplisist Məhəmməd Nərimanoğlu ilə üz-üzə” ) məqaləmdə yazmışam ki, insan özünü tanımırsa, onu kənardan kim tanıyar ki? 1957-ci ildə indi ermənilərin at oynatdığı (qəsdə bax ki, atlar da bizimkidir, oylaqlar da) dağlar diyarı Kəlbəcərdə, tarixi qədər qədim, ulusu tanınmış bir nəslin – Məşədi Atakişinin nəvəsi, Nəriman Ələkbər oğlunun ocağında (Səfərlərdə) dünyaya göz açmısan. Məhəmməd Peyğəmbərin adını sənə qoyanda, bəlkə səndə də peyğəmbərlik nişanəsini var imiş. Bu sevincin elə birinci sinifə gedəndə perik düşüb. Ayaqyalın olduğundan, anan öz köhnə corablarına yamaq vurub, yamaq tutmayan “qaloş”la səni məktəbə aparıb. Az sonra gur saçlı və şaqraq gülüşlü “artist”, “aşıq”, “şair”, sinif və məktəb əlaçısına çevrilmisən. Və sonra... Uşaqlığın və gəncliyin keçən yerlər də o illər kimi əlindən çıxıb. Nəcəf Şirinovu “Əlifba” müəllimin, Zimistan Həsənovu ilk redaktorun kimi, Mədəniyyət və İncəsənət Univerisitetində Həbib Qurbanovu kamil rejissorun kimi unutmursan.
Professorlardan Cəlal Ağakişiyev, cərrah Zərraf Şirinov, Vahid Əliyev, həkim-dermatoloq Nuru Orucov, jurnalist Qəhrəman Nağıyev... çalışırlar ki, döyüntüsü az qala Kəlbəcər dağlarında eşidilə biləcək yumruq boyda ürəyinin ağrılarını ovundursunlar. Amma...
Unudulmaq yaman bəladır. Kəlbəcərin dağlarını, daşlarını, ağrılarını unudulmağa qoymamısan. Misralarından, sətirlərindən qan daman yazılarınla, hələ kağız-qələm üzünə həsrət könül ovuntularınla sən bütün kəlbəcərlilərin ürəyinə köçmüsən. Biz o yerlərə, o bəxtəvər günlərimizə hökmən qayıdacağıq. Elə bu inama söykənib 1996-cı ildə “Ümüd işığı” kitabını nəşr etdirdin. Bu işığa qədər “Dağların sinə dağı” (1994-cü il), “Yurd göynərtisi”ndə (1995-ci il), haray və fəryadlarla əllərini göylərə qaldıran şəhid ana-bacıların, yurdu yağmalanan yurddaşlarımın səsini-ününü dünyanın o başına çatdırmağa çalışdın. Bilənlər bilir ki, Ağdaban faciəsini “Dədə ocağı”nın işığına gətirəndə neçə yol ölüb-dirilibsən. Qanlı tarix yaşadığımızı növbəti kitablarından biri - “Qanlı köynəklər” təsdiqləyir. Bu kitab da göz yaşı ilə yox, qanla yazılıb. Ağdərə-Tərtər ərazisində - Kəlbəcərə gedən yolda ermənilərin vəhşicəsinə qətlə yetirdiyi və meyitlərinin başına min bir müsibət açdığı şəhidlərimizin qanlı taleyinə işıq salan bu ağrı-acını qardaşın İbrahimlə qoşa yaşamısan...
P.S. Əziz oxucum! Məhəmməd Nərimanoğlu haqqında qeydlərimi yazıçı-publisist İslam Əsgəroğlunun aşağıdakı fikirləri ilə yekunlaşdırıram: “Məhəmməd Nərimanoğlu həsrətli adamdır –Yurda, Ocağa... o Yurdun, o Ocağın adamlarına, o yurdun dağlarına, çaylarına, o Ocağın işığına... Məhəmməd o Ocaqdan, o Yurddan, o dağlardan, adamlardan... yaza-yaza özü dönüb Yurd olub, Ocaq olub... O yurdun yurd boyda qayası olub, o dağların dağ boyda ahı olub Məhəmməd. ”Dağların sinə dağı”ndakı, “Yurd göynərtisi”ndəki, “Ümüd işığı”ndakı “Dədə ocağı”ndakı kimi”...
***
Yəqin ki, istəkli oxucularım köhnə yazımdakı fikirlərimə nələri əlavə edəcəyim barədə düşünür. Xatırladım ki, Məhəmməd Nərimanoğlunu bugünkü qələm və söz adamı deyil, sanki əsrlərin o başından yol gələn, heykəlləşən biri olduğu üçün haqqında yazmağa qərar vermişəm. Təkcə ona görə yox ki, o, Kəlbəcərimizin və kəlbəcərlilərimizin ən ağır günlərində qələmini süngüyə çevirib, döyüşkən igid, qorxmaz qəhrəmanlarımızın düşmənlə üzbəüz qaldığı günləri yazırdı. Kəlbəcərlilərimizin şəhidlik tarixini də ilk dəfə yana-yana o yazırdı. Belə olmasaydı 1996-cı ildə baş prokuror cənab Eldar Həsənov bir qrup ziyalılarımızla görüşərkən onu nümunə çəkməzdi, Kəlbəcərin müsibətli günlərindən ildə bir şəhid kitabı yazmağından. Məhz Məhəmməd müəllimin “Dağların sinə dağı” və “Yurd göynərtisi” kitabları 1996-cı il aprelin 1-də ulu öndərimiz Heydər Əliyevlə bir qrup kəlbəcərlinin görüşündə masa üzərinə qoyulmuşdu. Yataqxanada məskunlaşmış M.Nərimanoğlu qısa vaxt ərzində kəlbəcərli şəhidlərin örnək ömürləri və döyüş yollarından söz açan iki kitabı hazırlamış, Eldar Həsənov, Rəfael Hacıyev və hazırda kəlbəcərlilərin sevimli deputatı olan, Dədə Şəmşirin soyunu şərəflə daşıyan Cavid Qənbəroğlunun maddi və mənəvi dəstəkləri ilə işıq üzü görmüşdü.
Məqsədim eyni zamanda M.Nərimanoğlunun Kəlbəcər üçün ondan sonra da bir jurnalist kimi elədiklərini qabartmaq, nümunə olduğunu diqqətə çatdırmaq deyil. Təəssüfümü gizlətmirəm ki, onun 50 və ya 55 illik yubiley illərində belə əməyinə biganə qalındı. Bu barədə indiyə kimi açılmayan, deyilməyən fikirlərə aydınlıq gətirmək də deyil amacım. O, elədiklərini nəyinsə xatirinə deyil, mənəvi borcu yerinə yetirdiyini dönə-dönə müsahibələrində bildirib. Məgər azmı işdir 23 il ərzində Kəlbəcər və Qarabağımızın taleyindən, hələ də davam edən dünyanın ikiüzlü - ikisifətli-ikili standartlı siyasətinin qurbanına çevrilməsindən 26 kitab yazmaq və xahiş-minnətlərlə onların nəşrinə nail olmaq?!
Yaxşı ki, yaxşılarımız, mənəvi dünyamızın dəyərini verənlərimiz var. Dədə Şəmşir ocağının odqoruyanlarının Kəlbəcərin tarixi və ədəbi dünyasının toplanıb bir araya gətirilməsi, çap olunması məsələsini filologiya elmləri üzrə fəlsəfə doktoru, türkoloq-şair Adil Cəmillə Məhəmməd Nərimanoğluna tapşırmaları heç də təsadüfi deyildi. Məhz həmin iki ziyalının zəhməti və vətənpərvərliyi ilə bu vacib məsələ öz həllini layiqincə tapdı: “Kəlbəcər dünyası: yüz şairin bir kitabı”nın nəşrindən sonra M. Nərimanoğlunun Kamal Nemət və şair Yusif Hüseynlə birlikdə toplayıb ortaya qoyduqları “Kəlbəcər: sazın-sözün harayı” və “Kəlbəcər dünyası: folklor nümunələri” də doğulduğumuz yurdun yalnız əsrarəngiz təbiəti deyil, ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə desək, insanlarının da sərvət olduğunu təsdiqlədi. Məhəmməd Nərimanoğlu o zamanlar araşdırıcı-tədqiqatçı jurnalist kimi tanınırdı. Lakin dövri mətbuatda göstərdiyi jurnalistlik fəaliyyəti onun yaradıcılıq imkanlarının daha geniş olduğunu da ortaya qoydu.
Hələ Kəlbəcərdə olduğu illərdən Aşıq Şəmşir adına rayon Mədəniyyət evində bədii özfəaliyyət kollektivinin nəzdində səhnəyə çıxan, az vaxt ərzində “Kəlbəcərin Arif Quliyevi” ləqəbini qazanan, Vaqif Vəlioğlunun tərəf-müqabili olan Məhəmməd Nərimanoğlu istedadı ilə tamaşaçıların da qəlbinə yol tapmışdı. Sonralar rayonda çıxan “Yenilik” qəzeti redaksiyasına (RPK-nın göndərişi ilə) işə gedən bu gənc qələm sahibi az vaxt ərzində maraqlı yazıları ilə də diqqəti cəlb etmişdi. Kitab müəllifi kimi isə o, ilk xeyir-duanı Qənbər Şəmşiroğludan və Əli Qurban Dastançıdan almışdı.
...Bütün bunlar, təbii ki, həmyerlimizin bugünkü parlaq yaradıcı simasının açılmasına aparan yolların eniş-yoxuşu, aşırımı, dolaylarında qalan xatirələrin bir əlçimi ola bilər. M. Nərimanoğlunun anası Güllər Məmmədqızının şeir yazması isə onun kitablarının nəşrindən sonra bilindi. Sən demə, onu bu dünyaya bir şair ruhlu, Kəlbəcər həsrətindən ürəyi paralanacaq ana gətiribmiş. Ona görə də oğulun ana südü ilə aldığı qidada şairlik təbii var imiş. Məhəmməd Nərimanoğlunun ara-sıra qoşma, gəraylı, hətta, təcnis belə yazması qeyri-adi qarşılanmadı. Hər iki qardaşın (Məhəmməd Nərimanoğlu ilə İbrahim Səfərlər) və anaları Güllər Məmmədqızının “Kəlbəcər dünyası: yüz şairin bir kitabı” və “Avrasya şairlərinin antologiyası”nda şeirlərinin yer alması məhz Kəlbəcərin təbiətindən gəlmə ilahi təb kimi dəyərləndirildi. Məhəmməd Nərimanoğlunun oxucularla növbəti görüşü “Qala dərdim” kitabı ilə oldu. Kitab Zaur Qafarzadə tərəfindən və Dədə Şəmşir Ocağından hədiyyə edildi. Qənbər Şəmşiroğlunun və Göyçə dərdli, yurd nisgilli Eldar İsmayılın ön sözləri ilə açılan kitab “Aşıq Şəmşir Ocağı” İctimai Birliyinin dəstəyi ilə ikinci dəfə işıq üzü gördü...
Məhz bu kitab geniş ədəbi ictimaiyyətdə yayıldıqdan sonra çoxlarının M.Nərimanoğlu yaradıcılığı barədə fikirləri dəyişdi. Çünki, sən demə, o, yalnız publisistik yazılar müəllifi deyil, həm də poetik və lirik duyğularla sinəsi dolu qələm adamı imiş. Belə olmasaydı, ədəbiyyatşünasların, tənqidçilərin və tanınmış şairlərin onun şeirləri barədə dövri mətbuatda yazılarına da rast gəlməzdik. Bu sıraya tənqidçi, ədəbiyyatşünas-alim Vaqif Yusiflinin, Şakir Albalıyevin, şair-publisistlərdən Əbülfət Mədətoğlunun, Hikmət Məlikzadənin, imzası ilə tanınan peşəkar jurnlistlər - Fariz Çobanoğlunun, Daşdəmir Əjdəroğlunun, Natiq Səfiyevin qələmə aldıqları təhlili yazı - resenziyaları əlavə edərdim.
M. Nərimanoğlunun şeirlərini üç mövzuya bölərdim: vətən, ana təbiət və doğulduğu yurd -Kəlbəcərin dərdi. Dərd sözündən sanki o, bir qala yapıb. Elə kitabın da adını da beləcə qoyub: “Qala dərdim”. Dərdin qalasını hörmətli alimimiz Vaqif Yusifli də, Əbülfət Mədətoğlu da “söküb”-“dağıdıb”, amma, yaxşı mənada. Necə də doğma olarmış dərd.
M.Nərimanoğlu nədən belə yazmasın ki, axı, doğulduğu yurd, üstündə iməklədiyi torpaq, söndürülmüş ata-ana ocağı əsirlikdə qalıb illərdir? Ona görə də yazır ki, anası bilib əzizləyib dərdi, qucağında böyüdüyü üçün dərdi də qocalıb, onun kimi:
Qalaq-qalaq qaldırmışam,
Qalaqlanıb qala dərdim.
Böyüyübdü, qocalıbdı,
Mənim kimi bala dərdim...
Yaxud;
Anam bilib saxlamışam,
Qucağında yuxlamışam,
Oxşamışam, qoxlamışam,
Oxşadıb mən Gülə dərdim.
Əlbəttə, şeirləri “saf-çürük” eləmək ədəbiyyatşünasların, tənqidçilərin işidir. Mən burada bir oxucu kimi fikirlərimi bölüşmək istəyindəyəm. Şeirlərin rəngi qan qırmızı və qapqaradır,-desəm, müəllif inciməsin. Onun qələmində vəsf-hallar da bir özgə libasdadır. Haraylıdır, sanki bu dağdan o dağa haray çəkir. Əsir yurdların və onların girov aparılan, imdad diləyənlərin eşidilməyən ah-naləsidir bu şeirlərin mayası:
Heydər baba!
Xəyalıyla qovrulduğum yurdumun
Açılmır səhəri düz on üç ildir!
Yəhərsiz-yüyənsiz, bir də ki, nalsız
Minilir kəhəri düz on üç ildir!
Şeirin 2006-cı ildə qələmə alındığı da buradan bilinir.
Bu xitabda hər şey var: dərd də, həsrət də, haray-nifrin də. Daha hansı dillə haraylamaq olar?! Daha bir nisgilli bəndə bənd olaq:
Şəlalədə yuyunardı kəndimiz,
Heç saymazdıq bərəni biz, bəndi biz.
Xəyallarla danışırıq indi biz,
Həsrətin çox çəkir balam dağların.
Kitabda müəllif anaya və onu şair kimi yetirən təbiətə ayrıca bir məhəbbətlə yer ayırıb:
Dədə Şəmşir, bilirsənmi gül açmır,
Xəzan vurub bahar çağı dağları?!
Balaları şirin-şəkər dil açmır,
Bürüyübdü fəryad, ağı dağları.
Yaxud;
Xəyalı dağlarda, çatmayır əli,
Qaçqın-köçkün olub didərgin eli.
Tərtərdi göz yaşı, daşqındı seli,
Cənnəti dərədi, düzdü anamın.
Məhəmməd Nərimanoğlunun çox qısqanclıqla toxunduğu bir mövzu da var ki, onu, sən demə, uşaqlıq illərindən bu yana kövrək qəlbində qaladığı ocaqda odunu qoruyub saxlayıbmış. Bu, məhəbbət, gözəllik, ilahi sevgi imiş. İnana bilmirsən ki, bayaqkı ağrı-acılı dil birdən belə dadlı-tamlı şeiriylə könülləri oxşasın:
Bu nə işvə, bu nə nazdı bilmirəm,
Mələk kimi göylərdənmi gəlmisən?!
Su sonası, yoxsaki bir ilahə,
Bir almanı tən yarıya bölmüsən.
Yaxud;
Yad baxışdan saralarlar, solarlar,
Dodaq büzsən, bulud olub dolarlar,
Kol dibində bənövşə tək qalarlar,
Eyləyib yamanca naz bu gözəllər.
Təbii ki, bir kitabda toplanmış şeirlərin hamısını burada oxuculara təqdim etmək imkanından uzağıq. Heç bunu qarşıya məqsəd də qoymamışam. Sadəcə, onu bir daha diqqətə çatdırmaq istərdim ki, çoxlarının ancaq jurnalist-publisist və peşəkar qəzetçi kimi tanıdığı Məhəmməd Nərimanoğlunun bədii yaradıcılığının istənilən səviyyədə ədəbi tənqidin diqqət mərkəzində olmaması narahatedici faktordur. O, yalnız şeir yazmır (əslində, şairlik iddiasında olmayan biri kimi tanıyırıq), həm də qələmini publisistikada və nəsrdə sınayıb. Ayrı-ayrı kitablarından oxuduğumuz “Dədə ocağı”, “Yaralı saz”, “Məhəbbət dastanı” povestləri, eləcə də “Yetimlər”, “Qanlı köynəklər”, “Əsirlikdə 31 gün”, “Qanlı gündəlik” və s. hekayələri onu oxucuya bir yazıçı kimi də tanıdır.
Nəhayət, dağlarda dünyaya göz açıb o yerlərin gözəlliyini gözünə-könlünə yığan, bundan doymayan, dərdə çevirib ellərə və dillərə yayan Məhəmməd Nərimanoğlunun yaradıcılığına qısa nəzər saldıq. Əlbəttə, bu, hələ haqqında söz açdığımız qələm və söz adamının könül dünyasına səyahət deyil. Sağlıq olsun. Eşitmişik ki, o, çapa hazırladığı yeni (“Qoşa zirvə: Heydər Əliyev-Kəlbəcər”, “Kəlbəcər: təbii sərvətlər və möcüzələr diyarı” (5 dildə), “Ömrümün köçkün illəri”, Ağdabanım - bağrı qanım” (beş dildə), “Qarabağ: faciələr silsiləsi”, “Sazla deyil, sözlə deyim dərdimi”, “Nakam talelər”) kitablarla oxucuları ilə hesabat görüşünə hazırlaşır. Yaradıcılıq uğurları diləyək...