Redaktor seçimi
Sumqayıt "qohum-əqrəba" şirkətlərin yaşıllıq meydanına çevrilib-
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Günün xəbəri

YENİ YARANAN MƏHƏBBƏT DASTANLARI

 

 

AMEA Folklor İnstitutunun doktorantı Cəmilə Çiçək (İsbəndiyarova) "Yeni yaranan məhəbbət dastanları" adlı müəllif elmi yazısını "Xeberinfo.com" -a təqdim edib, onu oxuculara təqdim edirik:

 

 Məsələnin qoyuluşu: Ənənəvilik və müasirlik baxımından məhəbbət dastanları

 İşin məqsədi: Məhəbbət dastanlarında ənənəvilik və müasirlik məsələlərinə yeni baxış bucağı altında aydınlıq gətirmək, hər iki keyfiyyəti ayırd edərək, müqayisəli təhlilini verməkdir.

Şifahi xalq ədəbiyyatı nümunələri arasında orta əsrlərdən üzü bəri aparıcı mövqeyini qoruyub saxlayan dastan yaradıcılığımızın inkişafının XX əsrdən etibarən enən xətt üzrə davam etməsi xeyli təəssüf doğursa da, sevindirici haldır ki, qədim xalq sənətinin bu janrında yeni nümunələrin yaradılması davam etməkdədir. Türkün qəhrəmanlıq tarixindən bəhs edən qədim oğuznamələrdən sonrakı dövrdə ozan sənətinin yerini aşıq sənətinə buraxması ilə orta əsrlərdə dastançılığın, xüsusən məhəbbət dastanlarının çiçəklənmə dövrü başladı. Bu dövrdə artıq ozan-aşıq keçidi başa çatmış, sufizmin fəal təbliğatçıları olan aşıqların cəmiyyətdə nüfuzu olduqca yüksəlmişdi. Onların repertuarında isə təcnis, divani, müxəmməs, qoşma, gəraylı və s. kimi şeir formaları ilə yanaşı, dastan janrı, xüsusən məhəbbət dastanları aparıcı mövqe tuturdu. Həmin dövrdə aşığın siyasi hakimiyyət tərəfindən himayə olunması, irəli çəkilməsi, saraydakı nüfuzu onun cəmiyyətdə, xalq arasında da şöhrətini və hörmətini artırır, onu sadə kütlənin sevimlisinə çevirirdi. Şah İsmayıl Xətai dövründən üzü bəri aşıq elin ağsaqqalı, başbiləni sayılmış, qeyri-adi, mötəbər şəxsiyyət kimi dəyərləndirilərək uca tutulmuş, məclislərdə başa çəkilmişdir.

Qeyd edək ki, klassiklik statusu qazanmış ustad aşıqların yaratdıqları, düzüb-qoşduqları və ya onların adları ilə bağlı yaradılan orta əsr məhəbbət dastanlarının məclislərdə yüksək coşqu və həvəslə dinlənilməsinin, xalq arasında geniş yayılaraq sevilməsinin əsas səbəbini də elə bu reallıqda axtarmaq lazımdır. Aşıqlığın, dastan yaradıcılığının ən geniş yayıldığı əraziləri idarə edən siyasi hakimiyyətin İslam dininin şiə təriqətinə, sufizm cərəyanına sıx bağlılığı təkkə ocağından çıxmış sufi dərvişlərin davamçıları olan aşıqları xalqa, el-obaya sevdirməkdə, ideologiyanın təbliğatçıları kimi idarəçilikdə dolayısı ilə aşıqlardan istifadə etməkdə maraqlı idi. Bu məqsədə çatmağı asanlaşdırmaqda isə digər janrlarla yanaşı, qəlblərin “sarı sim”ini tərpədən məhəbbət dastanları ən tutarlı vasitə idi. Orta əsr məhəbbət dastanlarının yaranması həm də bu zərurətdən doğurdu. Diqqət yetirsək görərik ki, bu dastanların əsas mahiyyəti ideologiyanın fəal təbliğatçısı olan aşığın  böyüklüyünü, ilahi qüvvələr tərəfindən himayə edildiyini, qeyri-adi ilahi gücə malik olduğunu və s. nümayiş etdirib, xalqa, cəmiyyətə aşılamaqdır. Doğrudur, burada eyni zamanda Haqq aşıqlarının həmişə haqlı, ədalətli, məsum, günahsız olmaları, düzlüyü, ilqar-imanı, sevgisinə sadiqliyi, əyilməzliyi, dönməzliyi, mübarizliyi məsələləri də qabarıq nəzərə çarpır. Bir tərəfdən də bütün bu keyfiyyətlər aşığı ucaldır, elin sevimlisinə çevirir.

Məhəbbət dastanlarının necə, hansı üsulla, kimlər tərəfindən yaranması məsələsinə gəlincə isə, burada bir sıra mübahisəli məsələlər, ehtimallara söykənən neçə-neçə doğru olduğu qədər yanlışa, yanlış olduğu qədər doğruya bənzəyən müxtəlif fikirlər,  mülahizə və qənaətlər mövcuddur.  Son dövrün ən görkəmli, nüfuzlu folklor tədqiqatçılarının əksəriyyəti dastanların,  haqqında dastanda söhbət gedən ustad aşıqların sağlıqlarında özləri tərəfindən yaradıldığı fikrini irəli sürmüş və ya müdafiə etmişlər. Məsələn M.H.Təhmasibə görə, “əsas yol ustad-dastançı aşığın özünün dastan yaratması (yəni öz adı ilə bağlı – C.Ç.) yolu olmuşdur ki, bu, indi əsas yol, əsas üsul olaraq yaşamaqdadır” (4, 19). Qeyd edək ki, bu məsələyə ənənəvilik və müasirlik baxımından yanaşmaq daha doğru olardı. Belə ki, fikrin son hissəsi ilə tamamilə razılaşmaq mümkündür. Doğrudan da XX əsr məhəbbət dastanlarımızın ustad aşıqların adları ilə bağlı olanlarının böyük əksəriyyətinin, bəlkə də hamısının həmin ustad aşığın özü tərəfindən yaradılması şübhəsizdir. Lakin orta əsrlərdə də məhəbbət dastanlarının yaradılmasında bu üsulun əsas üsul olmasını birmənalı qəbul etmək, bizcə, o qədər də dürüst yanaşma deyil. Çünki belə olan halda sual meydana çıxır: əgər orta əsrlərdən bəri ustad aşıqlar haqqında dastanları həmin ustadların özləri yaradırdısa, bəs nisbətən bizə yaxın zamanda yaşamış Aşıq Ələsgər kimi görkəmli ustad niyə özü haqda dastan yaratmayıb, sadəcə müxtəlif səfərlər zamanı və s. başına gələn əhvalatları rəvayətlər şəklində oğlu Bəşirə danışmaqla kifayətlənib? Fikrimizcə, bu sualın cavabı M.H.Təhmasibin yuxarıdakı qənaətini (əslində ehtimalını) şübhə altına alır...

Görkəmli tədqiqatçı fikrini davam etdirərək yazır: “Lakin bir qədər ətraflı araşdırmalar aydın göstərdi ki, bu (görkəmli ustad aşıqlar haqqında dastanların onlardan sonra gələn aşıqlar tərəfindən yaradılması fikrini qəbul etmək – C.Ç.), bizim məlum-məşhur ustad aşıqlarımıza qarşı haqsızlıq, dastançılıq kimi mühüm bir yaradıcılıq prosesini isə görkəmli, qüdrətli sənətkarların əlindən alıb, təsadüfilərə bağlamaq kimi yanlış bir yoldur” (4, 19). Dəyərli alimin bu fikri ilə də razılaşmaq mümkün deyil. Əvvəla, nəzərə çatdıraq ki, F.Qasımzadə və bu kimi tədqiqatçıların irəli sürdüyü, şərik olduğu “ustad aşıqlar haqqında dastanlar onlardan sonra gələn aşıqlar tərəfindən yaradılırdı” (3, 137) müddəası heç də “bizim məlum-məşhur ustad aşıqlarımıza qarşı haqsızlıq, dastançılıq kimi mühüm bir yaradıcılıq prosesini isə görkəmli, qüdrətli sənətkarların əlindən alıb, təsadüfilərə bağlamaq”  kimi başa düşülməməlidir. Çünki burada hər bir ustad aşığın özündən əvvəl yaşayıb-yaratmış digər ustad aşıq haqqında dastan yaratmasından söhbət gedir. Nəzərə alsaq ki, xüsusən orta əsrlərdə aşıq sənətində ədəb-ərkan qaydaları, mərifət, etika, təvazökarlıq məsələlərinə olduqca ciddi riayət olunmuşdur, onda ustad aşığın özü haqda dastanı yaratmasına qətiyyən inana bilmərik. Üstəlik də məhəbbət dastanlarımız (xüsusən orta əsr dastanları) ağlasığmaz hadisə və əsas aparıcı qəhrəmanın (ustad aşığın) şişirdilmiş bacarıq və keyfiyyətləri ilə o qədər zəngindir ki, heç vaxt dastanı yaradan ədəbli-ərkanlı ustad aşıq özünü bu qədər şişirdib-ucaldaraq, necə deyərlər, göylərə qaldırmazdı. Bunu yalnız pərəstiş etdiyi ustadını hədsiz heyranlıqla sevən şagird və bir də aşığa qeyri-adi ilahi varlıq kimi yanaşan hər hansı bir istedad nümayəndəsi, el-oba edə bilər. Odur ki, fikrimizcə, ustad aşıqlarımızın adları ilə bağlı yaranan “Abbas və Gülgəz”, “Aşıq Qərib”, “Qurbani”, “Xəstə Qasım” və bu kimi klassik məhəbbət dastanlarımız həmin görkəmli el sənətkarlarını göz bəbəyi kimi sevən, onlara pərəstiş edən el-obanın istedadlı nümayəndələri və (ya) öz şagirdləri tərəfindən xatirələrinə ucaldılmış abidələrdir; sonsuz sevgi və heyranlığın təcəssümüdür. Bu izahatlardansa belə nəticəyə gəlmək olar ki, M.H.Təhmasibin yuxarıda inkar etdiyi fikirlər məntiqi cəhətdən daha ağlabatan görünür.

            XX əsr Azərbaycan məhəbbət dastanlarına gəlincə isə, burada adıçəkilən tədqiqatçının irəli sürdüyü müddəa birmənalı qəbul edilməlidir. Belə ki, bu dövrdən artıq ümumilikdə aşıq sənətinin tənəzzülü başlanır. İstər sənətkarlıq, istər ədəb-ərkan, təvazökarlıq baxımından hər şey enən xətt üzrə davam edir. Aşıq Alıdan, Dədə Ələsgərdən sonra nə Aşıq Hüseyn Bozalqanlı, nə Həsən Pərvanə, nə Aşıq Əli, nə Aşıq Şəmşir, nə şair Nəbi, nə şair Novruz, nə də digərləri Tufarqanlı Abbas, Qurbani, Miskin Abdal, Aşıq Qərib və bu kimi nəhəng klassiklərin səviyyəsinə doğru istər təcnis, qoşma və gəraylıda, istərsə də dastan yaradıcılığında yarıyacan belə yüksələ bilirlər. Aşıq sənətinin ən uca zirvələr cərgəsi Alı və Ələsgərlə başa çatır. Ələsgərdən sonra gələn aşıqlarsa, olsa-olsa, bu uca zirvələrin əl-ətəklərini təşkil edir. Bu təəssüfdoğurucu reallığınsa bir sıra özünəməxsus səbəbləri var ki, onlardan bəzilərini aşağıda göstərmək istərdik. İlk növbədə onu qeyd edək ki, aşıqlığın ən böyük çiçəklənmə dövrü Şah İsmayıl Xətai zamanına və ondan bir neçə əsr sonrayaqədərki dövrə təsadüf edir. Məlumdur ki, həmin dönəmdə sənət meydanında təsadüfi sənətkar ola bilməzdi və heç bir sənətkar öz sənətinə nəinki məsuliyyətsiz, hətta az məsuliyyətlə yanaşmağa cəsarət etməzdi. Çünki dövlətin başçısı birbaşa söz sərrafı, yaradıcı sənətkar idi. Bütün saray əhli, xalqın kübar təbəqəsi sənətə, saza-sözə həssas yanaşırdı. Bu ənənə Xətaidən sonra da bir neçə əsr davam elədi. Orta əsrləri əhatə edən həmin  dönəmdə dövlətin qiymət verdiyi, dəstəklədiyi, alqışlayıb himayə etdiyi cəhət sənətkarın ideologiyanı əzizləyə-əzizləyə tərənnüm etməsi deyil, sənətinin, sənətkarlığının səviyyəsi, qüdrəti idi. Odur ki, xüsusilə aşıq sənəti orta əsrlərdə çox böyük yüksəliş edərək, ən nəhəng simalarını ortaya qoydu. Ən mükəmməl qıfılbənd, təcnis, qoşma və gəraylılar da, ən məşhur dastanlar da həmin dövrlərdə yarandı. Çünki sözügedən siyasi ideologiya sənətkardan yaltaqlanmaq, yarınmaq deyil, həqiqi sənət tələb edirdi. XX əsrin sovet sosialist ideologiyasında isə bunun əksi tələb olunduğundan sənətkarın sənəti yox, şəxsiyyəti, kimliyi, necə yazması, yaratması yox, nə haqda, hansı mövzuda əsər ortaya qoyması ön plana adladı. Artıq sənət meydanında nəhəng simaların yetişməsinə nə minbit şərait vardı, nə də ehtiyac, tələbat. Ortaya qoyulan əsərlər deyil, “əsər yaradan” sənətkarlar  – şəxsiyyətlər rəqabət aparmağa başlamışdılar. Nəticə etibarilə ustad aşıqlar haqqındakı dastanların onların özləri tərəfindən yaradılması ənənəsi də, fikrimizcə, bax bu, necə deyərlər, ara qarışıb, məzhəb itən bir dönəmdə ərsəyə gəlmişdir. Çünki daha çox yarınmaq, daha çox tərif etmək uğrunda rəqabət apardığı (bəlkə də buna məcbur edildiyi) bir zamanda artıq sənətkar üçün ədəb-ərkan, etika, təvazökarlıq məsələlərinin arxa plana keçməsi olduqca təbii hal idi. Demək, XX əsrdə – sovet dönəmində sənətkarların özlərindən əvvəlki ustadlarını deyil, özlərini təbliğ  eləyib, ucaltmalarına daha çox ehtiyacları yaranmışdı. Bu arzuolunmaz reallığınsa ən ağır zərbəsi yenə həqiqi sənətə dəymiş oldu. Sənətkarlar, o cümlədən aşıq sənətinin  istedadlı nümayəndələri ola biləcəklərinin onda birindən böyük ola bilmədilər. Özləri həyatda ikən öz adları ilə bağlı yaratdıqları şişirtmələrlə dolu dastanlar da xalq arasında  bir o qədər geniş yayılıb sevilmədi. Xalq özünün görüb tanıdığı aşıqların fövqəltəbii gücə, ilahi qüvvələrlə təmasına inanmadı. Ağlasığmaz hadisələrlə zəngin olmayan, reallıqlara daha yaxın dastanlara isə maraq yaranmadı. Hətta mövzusu Şərqin hikmətamiz qədim hekayət, əfsanə, nağıl və rəvayətlərindən, yazılı mənbələrdən götürülmüş “Şahzadə Bəhrəm”, “Fərhad və Şirin” (Aşıq Əli), “Sam Şahzadə” (şair Novruz), “Dilsuz və Xəzangül” (şair Nəbi) kimi yeni dastanlar belə xalq arasında orta əsrlərin məhəbbət dastanları qədər sevilərək, geniş yayılıb şöhrət qazana bilmədi. Sosializm  quruculuğunun təbliğinə və tərənnümünə həsr olunmuş, müəlliflərinin adları ilə bağlı “Tarlaçı qız”, “Soltan və Qəndab”, “Şəmşir və Sənubər”, “Bəhmən və Humay” dastanlarına gəlincə isə, onu deyə bilərik ki, bu əsərlərin ömrü SSRİ-nin ömrü ilə bərabər bitmiş sayıla bilər. Çünki onlar yaranandan sonra xalq arasında şifahi şəkildə məclis-məclis, ağız-ağız gəzib-yayılaraq, şöhrət qazana bilmədi. Nəşr olunaraq, elə kitabların səhifələri arasında da mürgüyə daldı. Bununsa ən başlıca səbəbi həmin dastanların istər nəsr, istərsə də şeir (daha doğrusu, nəzm) hissəsinin bədii cəhətdən xeyli zəif olmasıdır. Sovet dönəminin ən görkəmli folklor tədqiqatçılarından olan M.H.Təhmasibin “dastanı ustad aşıq özü yaradırdı” qənaətini də, fikrimizcə, yalnız XX əsrdə yaranan yeni – Azərbaycan sovet dastanlarına aid etmək mümkündür. Demək, XX əsrin məhəbbət dastanlarımızın müasirlik baxımından ən mühüm özünəməxsusluqlarından biri də onların əksəriyyətinin müəllifləri ilə əsas aparıcı obrazlarının eyniyyət təşkil etməsidir. Başqa sözlə desək, burada müəllif özü baş rolda əsas qəhrəman kimi iştirak edir. “Bəhmən və Humay”, “Tarlaçı qız”, “Soltan və Qəndab”, “Şəmşir və Sənubər” və s. kimi yeni dastanlar bu qəbildəndir. Məsələn, “Şəmşir və Sənubər”də bu cəhət daha qabarıq nəzərə çarpır. Dastan birbaşa əsas aparıcı qəhrəmanın (eyni zamanda müəllifin) adicə bir tərcümeyi-halı ilə başlanır: “İndi sizə kimdən, nədən danışım, Ağdabanlı şair Qurbandan. Şair Qurbanın atası Şəmşəddin elindən köçüb, Gədəbəy rayonunun Böyük Qarabulaq kəndinə, sonra isə Cavanşir qəzasının Dəmirçidam kəndinə gəlib orada yaşamışdır. Şair Qurban Güneypəyə kəndində Səlmi adlı bir qıza aşiq olub, onunla evlənmişdir. Qurbanla Səlminin 1893-cü ildə bir oğlu olur, adını Şəmşir qoyurlar. Şəmşir 15 yaşında Ağdaban kəndində molla məktəbinə daxil olub, orada 7 il oxuyur. Aşıq Şəmşir yaxın qonşuları Hilalzərin qızı Sənubərlə hələ mədrəsəyə gəlməzdən qabaq sevişirlərmiş” (1, 207). Göstərilən misaldan da aydın olur ki, bu dastan sırf müəllifin özü tərəfindən bədiiləşdirilmiş tərcümeyi-halı, həyatı və yaradıcılığını əhatə edir. Sənubərlə sevişib qızın dalınca getməsindən, eşqi, sevgisi uğrunda çəkdiyi əziyyətlərdən, elləri-obaları gəzib-dolanmasından söz açan Aşıq Şəmşir müxtəlif vaxtlarda müxtəlif hadisələrlə bağlı qoşduğu şeirlərdən də dastanda istifadə etmişdir.

Yeri gəlmişkən qeyd edək ki, bu dastanda ənənəviliklə müasirliyin fərqi daha çox diqqəti cəlb edir. “Şəmşir və Sənubər” məhəbbət dastanıdır. Aşiqlə məşuq bir-birini sevir, sevgiləri uğrunda başlarına bir çox müsibətlər gəlir. Neçə-neçə sınaqdan keçirlər və s. Bunlar orta əsrlərin məhəbbət dastanlarında da bu cürdür. Lakin dastanda sevgililərə yuxuda buta verilməməsi, fövqəltəbii qüvvələrin köməyindən istifadə edilməməsi onun müasirliyinə dəlalət edən amillərdir və sözügedən əsəri klassik məhəbbət dastanlarından fərqləndirir.

Qeyd edək ki, kommunizm quruculuğuna, “yeni həyat”ın tərənnümünə həsr edilmiş “Bəhmən və Humay”, “Tarlaçı qız”, “Soltan və Qəndab” və s. kimi dastanlarda isə “Şəmşir və Sənubər”ə nisbətən vəziyyət bir qədər fərqlidir. Doğrudur, bunların da başlanğıcda müəlliflərin (aparıcı obrazların) valideynləri, harada, necə bir ailədə doğulmaları, uşaqlıq və gənclik illəri, ilk təhsil və təlim-tərbiyələri, aşıq sənətinə yiyələnmələri və s. barədə məlumat verilir. Amma bu məsələlər adıçəkilən dastanlarda “Şəmşir və Sənubər”dəki qədər qabarıq nəzərə çarpmır.

            Yeni dastanlarda bir cəhət diqqəti daha çox cəlb edir və maraq doğurur ki, klassik məhəbbət dastanlarımızdakı kimi, bunlarda da üzbəüz deyişmələr və bağlamalara vaxtaşırı təsadüf olunur. Demək, butaalma, fövqəltəbii qüvvələrin yaxından, həlledici iştirakı, dini inanclara etiqadın təbliği, tərənnümü məsələləri XX əsr dastanlarında artıq, demək olar ki, tamamilə aradan qaldırılmış olsa da, orta əsr məhəbbət dastanlarımızda aparıcı mövqe tutan bağlama, qıfılbənd və deyişmələr ənənəsi qorunub saxlanılmışdır. Lakin sözügedən ənənə olduğu şəkildə deyil, mövzu istiqamətini dəyişmiş formada təzahür eləyir. Belə ki, dastan qəhrəmanı olan aşıqlar qabaq-qabağa deyişərkən artıq dindən, sufizmdən, İslam elmindən yox, kommunizmdən, partiyadan, Lenindən, sosializmin gətirdiyi yeniliklərdən, pambıqdan, traktordan, əməkçilərin rəşadətlərindən və s. söz açırlar. Bağlamalarda verilən suallar belə XX əsr dastanlarında bu mövzular ətrafında olur. Aşıq sənəti orta əsrlərdə – yaranışının formalaşmasının başlanğıcında İslam dininin sufizm cərəyanına, Səfəvilərin (daha sonra osmanlıların da) dinə dayanan siyasi ideologiyasına xidmət etdiyi kimi, XX əsrdə də Sovet hakimiyyətinin sosializm, kommunizm ideologiyasına xidmət etmiş olur. Məhz bu cəhət də klassik və yeni dastanları birləşdirən, varislik ənənəsini qırılmağa qoymayan amillərdən hesab olunmalıdır. Lakin burada bir məqamı diqqətdən yayındırmamaq lazımdır ki, klassik dastanlarımızda, o cümlədən XIX əsrin sonlarına doğru yaradılan nümunələrdə deyişmə və bağlamalarda toxunulan mətləblər XX əsr dastanlarına nisbətən daha zəngin, rəngarəng və çoxşaxəlidir. Bunlarda təkcə İslam fəlsəfəsi, Qurani-Kərim möcüzələri, sufizmə məxsus inanclar və s. deyil, maddi aləm, təbiət qanunları ilə bağlı suallar da yer alır. Məsələn, “Aşıq Alının Türkiyə səfəri” dastanında Aşıq Yığvalın Aşıq Alıya ünvanladığı suala və Alının ona verdiyi cavaba diqqət yetirək:

 

Sual:  O nədi ki, otuzunda cavandı,

            On beşində qocalayar, uludu?

            O nədi ki, dili ayrı, sözü bir?

            Hansı dərya hər dəryadan doludu?

 

            O nədi ki, qışda dağlar bürüyər?

            O nədi ki, əl dəyməmiş hörülər?

            O nədi ki, əmanətə verilər?

            O nədi ki, o da onun gülüdü?

 

Cavab:  O Aydı ki, otuzunda cavandı,

              On beşində qocalayır, uludu.

              O qələmdi, dili ayrı, sözü bir,

              Elm dəryası hər dəryadan doludu.

             

            O qardı ki, qışda dağlar bürüyər,

            O könüldü, məhəbbətnən hörülər.

            O urufdu, əmanətə verilər,

            İlqar, iman, o da onun gülüdü (2, 158).

  

Göstərilən nümunədən də aydın olur ki, nəinki orta əsrlərdə yaranan klassik məhəbbət dastanlarımız, hətta XIX əsrin sonlarında formalaşan dastanlar belə XX əsrin sovet dastanları ilə müqayisədə daha ədalətli, tutumlu və dolğun, bədii-sənətkarlıq cəhətdən daha keyfiyyətlidir. Yeni yaranan dastanlarda onlardakı qədər rəngarənglik, poetika nəzərə çarpmır. Sovet aşıqlarının, necə deyərlər, sözlərinin dalı da, qabağı da partiyadır, kolxoz, sovxoz, pambıq, əmək, kommunizm, Lenin, Stalindir. Bağlama və deyişmələrdə belə XX əsrin məşhur aşıqlarının, demək olar ki, böyük əksəriyyəti bu çərçivələrdən kənara çıxa bilmir. Misal olaraq “Tarlaçı qız” və “Soltan və Qəndab”, eləcə də “Bəhmən və Humay” dastanlarını klassik dastanlarla müqayisəli şəkildə nəzərdən keçirək.

 “Tarlaçı qız”da əvvəlcə əsas obrazların deyişərək, bir-birinə bağlama ünvanlamalarına fikir verək.

 

Tarlaçı qız:

Bir bulaq görmüşəm, on beş gözü var,

Hər gözü bir yerdə bərqərar oldu.

O bulaqdan içən oldu novcavan,

Yayı da, qışı da novbahar oldu.

 

O bulağın kimlər tapdı gözünü?

O kim idi, itirmədi izini?

O kim idi, açdı yerin üzünü?

Bulaq çıxdı, ölkəmizdə car oldu?

 

Həsən Pərvanə:

Sovet ölkəsidi bir bulaq kimi,

On beş respublika bərqərar oldu.

Bu qanunu görən oldu novcavan,

Yayı da, qışı da novbahar oldu.

 

O bulağın Marks tapdı gözünü,

Engels də itirmədi izini.

Lenin açdı o bulağın üzünü,

Bulaq çıxdı, ölkəmizdə car oldu (1, 324).

 

Olduqca acı, təəssüfdoğurucu bir reallıqdır. Aşığın, daha doğrusu, aşıqların Sovet hakimiyyəti illərində ilhamlarını, istedadlarını bu cür müvəqqəti mövzulara kökləmələri, yuxarıda da qeyd etdiyimiz kimi, necə yazıb-yaratmağı arxa plana ötürüb, diqqətlərini nədən yazmağa, nədən danışmağa yönəltmələri, bəlkə də buna məcbur qalmaları (və ya edilmələri) son nəticədə onların sənətkarlıqlarının zəifləməsinə, mövcud potensiallarını reallaşdıra bilməmələrinə gətirib çıxardı. Bununla da onların əksəriyyətinin adlarının tarixdə uzun müddət yaşaya bilməsi sual altına düşmüş oldu.

Lakin bütün bunlarla yanaşı, “Tarlaçı qız”, “Bəhmən və Humay”, “Soltan və Qəndab” kimi yeni dastanlarda sənətkarlıq baxımından diqqəti cəlb edən bir sıra məqamlara da təsadüf olunur. Məsələn, “Tarlaçı qız”da Aynaxanımın atası Əli kişinin Həsən Pərvanəni sorğu-suala tutub, imtahana çəkməsi və gənc aşığın bu imtahandan müvəffəqiyyətlə çıxması bu cəhətdən xüsusi qeyd olunmalıdır. Fikrimizcə, bu hissə dastanın özəyini, canını-qanını təşkil edir. Dastançı-aşığın (eyni zamanda əsas aparıcı obrazın – qəhrəmanın) sənətkarlıq məharəti məhz burada üzə çıxır. Belə ki, dastanda Aşıq Həsən Pərvanə aşıqlar dəstəsi ilə Abbaslı kəndinə (əsərdə bu kəndin hansı rayona daxil olduğu göstərilməyib. Tarlaçı qızın (Aynaxanımın) atasının adı isə bəzi yerdə “Qərib”, bəzi yerdə isə “Əli” kimi qeyd olunub) (1, 315-330) tarla zəhmətkeşləri üçün konsert verməyə gəlir. Həmin kənddə Aynaxanıma vurulur. Hər ikisi bir-birini elə ilk baxışdanca sevirlər. Qız atasından xahiş edib, Həsənin gecəni onlarda qonaq qalmasına nail olur. Əli kişi qonağı soyuq qarşılayır. Bu münasibətlə aşığın oxuduğu qoşayarpaq qoşma dastandakı poetik nümunələr içində nisbətən mükəmməlliyi ilə diqqəti cəlb edir:

 

            ...Uymuşam o yara – gözəl dildara,

            Yanmışam odlara  – düşmüşəm hara?

            Bulunmaz azara kim eylər çara,

            Bu rövşən gözlərim tara düşübdü.

           

            Tərpənir o tellər əsəndə yellər,

            Bəzənir bu çöllər açanda güllər.

            Nahaqdan bülbüllər şeyda ötüllər,

            Gülün açılmağı xara düşübdü (1, 329).

 

Bu qoşmadan sonra Həsən tarlaçı qızın xahişi ilə bir dodaqdəyməz təcnis oxuyur. Qeyd edək ki, üç bənddən ibarət olan bu təcnisin də ikinci bəndi öz mükəmməlliyi, qüsursuzluğu ilə seçilərək orta əsr dastanlarındakı dodaqdəyməzləri  xatırladır:

 

            Gəl axtar dərdimi, ay ara, gəl-gəl,

            Dərin dəryaları a yara gəl-gəl.

            Diliylə söylədi a yara gəl-gəl,

            Ya lalə dər, gətir, ay yanar-yanar (1, 330).

 

Bundan sonra Aynaxanımın atası “A bala, mənə elə gəlir ki, sənin elə bir atımlıq barıtın varımış” (1, 330) deyə başlayır Həsəni imtahana çəkməyə. Gənc aşıqsa sevdiyi qızın atası qarşısında öz sənətkarlıq məharətini göstərərək, dalbadal bir neçə saya və dodaqdəyməz təcnis, lam hərfi üstə təcnis və s. oxuyur ki, onların da içində bəzi mükəmməl, tutarlı bəndlərə rast gəlirik. Lakin bütün bunlara rəğmən bir daha vurğulamaq lazımdır ki, təcnis janrı Aşıq Ələsgərdən sonra yaşayıb-yaradan aşıqların heç birinin, o cümlədən Həsən Pərvanənin yaradıcılığında özünün əvvəlki səviyyəsinə yüksələ bilmir. Lakin “Tarlaçı qız” və bu qəbildən olan bir sıra digər dastanlarda ənənəvi olaraq təcnis, dodaqdəyməz, diltərpənməz təcnis, qoşayarpaq qoşma, cığalı təcnis kimi çətin, istedad və məharət tələb edən aşıq şeiri formalarından istifadə edilməsi sevindirici hal kimi qiymətləndirilməlidir. Yeri gəlmişkən onu da qeyd edək ki, bu janrlarda şeir yaratmaq üçün aşığa bacarıq və istedadla yanaşı yüksək savad lazımdır. Dilin qrammatikasını dərindən bilmədən yaxşı, bədii cəhətdən mükəmməl təcnis yaratmaq, fikrimizcə, mümkünsüzdür. Hesab edirik, “Tarlaçı qız” dastanında Əli kişinin bir-birinin ardınca dalbadal təcnislər söyləyən aşığa “Oğul, hazırcavab aşıqsan, amma hayıf ki, beysavadsan”  (1, 333) deməsi də məhz bu mətləbə işarədir. Doğrudur, dastanda müəllif öz prototipinə ünvanlanan bu iradla razılaşmaq niyyətində görünmür. Özünü həmin fikrin əsassız olduğunu sübuta yetirmiş kimi hiss edir. Lakin diqqətli oxucu və ya dinləyici iradın haqlılığını istər-istəməz anlamalıdır. Ola bilsin, harada, hansı məclisdəsə aşığa belə bir irad bildirilmişdir və o, yaratdığı dastanda həmin iradı puça çıxarmağa cəhd etmişdir. Lakin bu cəhdin belə uğursuz alındığı göz qabağındadır. “Tarlaçı qız” dastanında, o cümlədən yeni dastanların bir çoxunda nəzərə çarpan zəif cəhətlərdən biri də süjet xəttində çoxşaxəliyin olmaması, baş verən, yaranan hadisə və konfliktlərin klassik dastanlardakına nisbətən seyrəkliyi, bəsitliyidir. Belə ki, əsərin əsas qəhrəmanı olan sevgililər bu dastanlarda buta almadan real həyatda bir-birini görüb, sevişdikləri kimi, sevgilərinə qovuşmaq yolunda qarşılarına çıxan maneələr, başlarına gələn hadisələr, çəkdikləri əzab-əziyyətlər də xeyli sönük görünür; oxucu və dinləyicilərin qəlblərini orta əsrlərin məhəbbət dastanları qədər riqqətə gətirə bilmir. Sufizm elementlərinin olmaması, realizmin romantizmi üstələməsi də bir tərəfdən yeni dastanların təsir gücünü azaldır. Bundan əlavə, klassik dastanlarda şeirlərin hər biri hər hansı bir hadisə ilə bağlı təbii şəkildə söylənildiyi, dastan qəhrəmanı olan ustad aşıq tərəfindən oxunduğu halda, məsələn, “Tarlaçı qız”da bu təbii qanunauyğunluğun pozulduğunun şahidi oluruq. Adıçəkilən dastanda konfliktlər zəif, kiçik, hadisələr seyrək olduğu halda, şeirlər həddən artıq sıxlıq təşkil edir. Sanki müəllif yazdığı şeirlərin mümkün qədər daha çoxunu dastana yerləşdirməyə çalışmışdır. Aşıq tarla zəhmətkeşləri qarşısında bir şeirini oxuyub bitirincə dinləyicilərin yerdən “birini də oxu” demələri və ya Aynaxanımın atasının Həsəndən dodaqdəyməz təcnisdən sonra “bir saya təcnis” də istəməsi qətiyyən inandırıcı görünmür. Sadəcə, bu xahişlər, sifarişlər müəllifin yaratdığı dastana əlavə bir neçə şeirini də yükləmək üçün axtarıb-tapdığı bəhanələr təsiri bağışlayır.

    

İşin elmi yeniliyi: Məqalədə klassik və yeni yaranan məhəbbət dastanlarımız ənənəvilik və müasirlik baxımından araşdırılmış, daha dəqiq məntiqi qənaətlər ortaya qoyulmasına cəhd edilmiş, bir sıra məsələlərə tənqidi münasibət sərgilənmişdir.

 

İşin elmi nəticəsi: Məqalədə klassik və yeni yaranan məhəbbət dastanlarımız müqayisəli təhlil edilmiş, həmçinin ənənəvilik və müasirlik keyfiyyətləri elmi-tarixi aspektdən şərh olunaraq, orijinal mövqedən dəyərləndirilmişdir.

 

 

 

QAYNAQLAR:

 

Azərbaycan dastanları, beş cilddə, V cild, Bakı: Elm, 1972

Aşıq Alı, Əsərləri, Bakı: Avrasiya Press, 2006

Qasımzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi, Bakı: ADU, 1956

Təhmasib M.H. Azərbaycan dastanları (orta əsrlər), Bakı: Elm, 1972

                                  

 

 

 

Yeni yaranan məhəbbət dastanları

  Özət: Məqalədə Azərbaycan məhəbbət dastanları ənənəvilik və müasirlik prizmasından təhlil edilərək, maraqlı elmi-məntiqi qənaətlər irəli sürülmüşdür. Klassik və müasir məhəbbət dastanlarının hər birinin ayrı-ayrılıqda təhlil edilərək qiymətləndirilməsi, aparılan müqayisələr xüsusilə maraq doğurur. Yeni (yəni sovet dönəmində) yaranan məhəbbət dastanlarımızın klassik məhəbbət dastanlarımıza nisbətən bədii cəhətdən aşağı səviyyədə dayanmasının səbəbləri ilə bağlı irəli sürülən fikirlər orijinallığı ilə seçilir.

 

Açar sözlər: Məhəbbət, dastan, ənənə, müasirlik, aşıq, ustad, klassik, yeni...

 

 

 

НОВОСОЗДАННЫЕ ЛЮБОВНЫЕ ДАСТАНЫ

 

 РЕЗЮМЕ: В статье, любовные дастаны (эпосы), анализируются с приз­мы традиционности и современности, выдвигаются интересные научно-ло­ги­чес­кие выводы. Особый интерес представляет анализ и сравнение оцен­ки каж­до­го из классических и современных любовных дастанов. Отличаются  сво­ей оригинальностью идей, выдвинутых по поводу низкого уровня, с ху­до­жественной точки зрения, новосозданных (т.е. в советский период) лю­бов­ных дастанов (эпосов), относительно наших классических любовных дас­та­нов (эпосов).

 

 

       Ключевые слова: любовь, дастан, традиционность, современность

The new creating love eposes

Summary

In the article the Azerbaijan love eposes are being analyzed from the view of traditional nature and contemporaneity, the interesting scientific-logical results are put forward. Estimating each of the classical and modern love eposes separately and the carrying comparisons are especially interesting. The thoughts about the new created eposes (Soviet period is meant) are differed with its originality from the classical love eposes as they are in the low level according to the artistic point.

 

Key words: love, epos, tradition, contemporaneity, ashug, master, classical, new     

 

Cəmilə Çiçək (İsbəndiyarova) AMEA Folklor İnstitutunun doktorantı

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam