Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Oyuna qocalar qoşulur -İran hakimiyyəti daxilində yeni qarşıdurma ocağı yaranır

news content

Bu günlərdə İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei yeni yaradılan Müdafiə Şurasına nümayəndələrini təyin edib. O, Ali Milli Təhlükəsizlik Şurası keçmiş katibi Əli Əkbər Əhmədian və dövlət başçısının müşaviri Əl Şamxaniyə bu səlahiyyəti verib. 

Yenixeber.org: 70 yaşlı Əli Şamxani hərbi zabit və siyasətçidir. 1997-2005-ci illərdə müdafiə naziri,  2013-2014-cü illərdə Ali Milli Təhlükəsizlik Şurasının katibi olub. Sonra Xameneinin müşaviri təyin olunub. Ərəb etnik qrupunun nümayəndəsidir. 

Əli Şamxani haqqında ziddiyyətli məlumatlar var. 

Bu cür məlumatlar daha çox müdafiə naziri işlədiyi zaman müavini olmuş Əlirza Əkbərini edamından sonra səslənməyə başlayıb. Keçmiş nazir müavini Böyük Britaniyaya casusluq etməkdə təqsirli bilinərək, edam edilib. 

Qeyd edək ki, Ə.Əkbəri 1997-2005-ci illərdə müdafiə nazirinin müavini işləyib. Onun Britaniya-İran ikili vətəndaşlığı var. 2005-2020-ci illərdə Britaniyada yaşayıb, Tehrana səfəri zamanı casusluqda ittiham olunaraq, həbs edilib. Sonradan girov qarşılığında sərbəst buraxılmışdı. İran kəşfiyyatı 2023-cü il yanvarın 1-də onu yenidən həbs etdi. 

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli “X” səhifəsində onun barəsində çıxarılan edam hökmünün siyasi motivli olduğunu bildirərək, təcili azad edilməsini yazmışdı. 

O vaxtlar Şamxaninin də Britaniya ilə əlaqələrinə dair çoxsaylı fikirlər söylənilmişdi. Onun həbs, hətta edam ediləcəyi də ehtimal olunurdu. Ancaq Xamenei onu özünə müşavir təyin etməklə, xilas etdi. 12 günlük müharibədə İsrailin raket hücumları nəticəsində onun da öldüyünə barədə xəbərlər yayılmışdı. Ancaq sonradan yaralı vəziyyətdə görünmüşdü. 

Bununla da ata Şamxani hakimiyyətə sədaqətini bir növ təsdiqləmişdi. 

Bu günlərdə ABŞ Maliyyə Nazirliyinin İrana qarşı tətbiq etdiyi sanksiya siyahısında Əli Şamxaninin oğlu Hüseyn Şamxaninin də adı var. İddialara əsasən, Hüseyn Şamxaninin gəmiçilik imperiyası İrandan, Rusiyadan neft və neft məhsullarının beynəlxalq bazarlara daşınması ilə məşğul olub, hakimiyyətə milyardlarla dollar gəlir gətirib.

Xatırladaq ki, ABŞ hökuməti İrandan olan 50 fiziki və hüquqi şəxsə, həmçinin bu ölkənin nəzarətində olan, əllidən çox neft daşıyan gəmiyə qarşı iyulun sonunda sanksiyalar tətbiq edib.

Hüseynə sanksiya tətbiqi də Şamxanilərin İslam Respublikasına, ali rəhbərə bağlı olduqlarının göstəricisi sayıla bilər. 

Ancaq 2023-cü ilin yanvarında İslam İnqilabı Keşikçiləri Qvardiyası (SEPAH) komandirlərinin görüşündə onun adının hallanması hakimiyyət daxilində bu ata-oğula münasibətin xoş olmadığını təsdiqləyir. Həmin çıxışlardan qısa məlumatı diqqətinizə çatdırırıq. SEPAH polkovniki Xudarəhim Sarani bildirib: “Ali rəhbərin qarşısında bir misal çəkmək istəyirəm. Tabe olduğum qüvvələr cənab Şamxaninin oğlunun qolundakı saatı göstərib, mənə deyirlər ki, bu saatın qiyməti mənim silahlı qüvvələrdəki dörd illik xidmətimin haqqına bərabərdir, mən komandir olaraq cavab verə bilmirəm. 

Problemləri həmişə düşmənin üzərinə yıxmaq olmaz. Bəli, biz sanksiyalar altındayıq, amma ölkənin gəliri aşağı deyil. Ölkədə problemlər varsa, bəs necə olur ki, bu problemlər milli və hərbi komandirlər səviyyəsində görünmür? Mən bir şəhərin hərbi qüvvələrinin komandiriyəm, maaşım da bəllidir və bu iclasda iştirak edənlərlə müqayisədə gəlirim də azdır. Lakin milli mətbuatda SEPAH və ordu komandirləri və generalları, onların maaşlarının azlığından danışmaq mümkün deyil, amma onların övladları milyardlıq maşınlar sürürlər. Bu azad zonada gəlin, araşdırın, görün adamların villaları, biznesləri necədir, gömrüyün də cəsarəti çatmaz ki, həmin adamların xaricdən gətirdikləri dəbdəbəli əşyalardan ibarət malları buraxmasın. Bu məsələlər görünən qüvvələr arasında qarşıdurmanı artırır, ideoloji problemləri təşkil edir”.

Başqa bir yüksək rütbəli hərbçi - SEPAH-ın ikinci dərəcəli briqada generalı Möhsün Kərimi də bənzər çıxış etmişdi: “Sosial şəbəkələrə sızan xəbərləri və informasiyaları görmüsünüz? Mənim bir idarə rəhbərim var. Ona ölkədəki məsələlərdən xəbərdar olmağım üçün sosial şəbəkədən gündəlik bülleten hazırlayıb mənə göstərməsini istədim. 

Natiqlər arasında hörmətli bir komandir cənab Şamxaninin oğlunun qol saatı haqqında danışdı və düz də deyirdi. Oğullarımız və qızlarımız da bu dəstədən ayrı və fərqli deyillər. Ölkənin bir hissəsini azad qoymuşuq, sistem də onların yeməyini təmin edir, bununla belə camaata deyə bilmərik ki, yoxumuzdur, bacarmırıq və ya təskinlik üçün deyək ki, bəzi şəhərlərdə problem su, çörək qıtlığına qədər gəlib çatıb. 

Sığınacaq növbəti mərhələdədir. Öz evində padşah taxtından daha yumşaq və daha yaxşı divanda oturan hərbi qüvvələrin başçısı, komandiri və ya məmur küçə döşəməsinin problemlərini əsla düşünmür.  

Zati-aliləri, sizdən xahiş edirəm, xalqın təminatı məsələsinə xüsusi diqqət yetirəsiniz. Biz ordu komandirləri düşünə bilmədik, tabeliyimizdə olan ordunu özümüzə dost, köməkçi hesab etmədik, onlarla ünsiyyət həmişə birtərəfli olub. Xalq və silahlı qüvvələr üçün xüsusi diqqət və xüsusi plan olmalıdır”.

Haqqında bu cür söhbətlər yayılan keçmiş müdafiə naziri, Təhlükəsizlik Şurasının keçmiş katibi, Xameneinin müşaviri Əli Şamxani indi də İranın Müdafiə Şurasında ali rəhbəri təmsil edəcək. 

Yeri gəlmişkən, 1980-ci ildə İraqla müharibə zamanı Ali Müdafiə Şurası yaradılmışdı. Bu qurum ordunun təchizatı, əlaqələrin qurulması kimi məsələlərlə məşğul olurdu.  

Ehtimal etmək olar ki, İran hakimiyyəti bu qurumu 12 günlük məlum müharibə zamanı baş vermiş hadisələrdən nəticə çıxararaq yaradıb. Güman etmək olar ki, güc strukturlarındakı kadrlara müəyyən inamsızlıq var. Xüsusən 60-dan çox yüksək vəzifəli və rütbəli zabit heyətinin müharibənin ilk günündə İsrailin hücumu nəticəsində öldürülməsi hərbi qurumda təhlükəsizliyin təmin edilməsini heç də qənaətbəxş olmadığını təsdiqləyir. Bu baxımdan, yeni quruma daha böyük etimad göstərilir. 

Ancaq bir məqam da var ki, Əli Şamxaninin şurada təmsil olunması yeni qurumun da formallığını göstərir. 

Əli Laricaninin yenidən Təhlükəsizlik Şurasının katibi təyin olunması da hakimiyyətdaxili ziddiyyətin göstəricisi, bir oyunun davamıdır.

Əli Ərdəşir Amoli Laricani İraqın Nəcəf şəhərində anadan olub. 2005-2007-ci illərdə, Mahmud Əhmədinejatın prezidentliyi dövründə Təhlükəsizlik Şurasının katibi olub. Ancaq Prezidentlə münasibətlərini tənzimləyə bilmədiyindən istefa verib. 

Onu bir çoxları mülayim xətt tərəfdarı sayır. Çünki o vaxt mühafizəkar Mahmud Əhmədinejatla aralarında olan mübahisələr belə mülahizə yürütməyə əsas verirdi. Hətta islam liberaliziminə dar müəyyən yazılarla çıxış edirdi. Ancaq katib olduğu illərdə İranın nüvə danışıqlarına uğursuz rəhbərlik etməsi, islahatçılara qarşı çıxışları onun da mühafizəkarlardan biri olduğu qənaətinə gəlməyə səbəb olur. 

Laricaninin yenidən bu vəzifəyə təyin edilməsi mühafizəkarların ona etimadının yüksək olduğunu göstərir. Çünki Əli Əkbər Əhmədian SEPAH-ın strukturlarında müxtəlif yüksək vəzifələrində işləyib. Hakimiyyətin etibarlı kadrlarından sayılır. Onun hökumətdə xüsusi məsələlər üzrə müavin vəzifəsinə təyin olunacağı barədə məlumatlar yayılırdı. 

Ona görə də belə ehtimal edilir ki, Əhmədian islahatçı xəttin nümayəndəsidir, yaxud bu cərəyana yaxındır. Müdafiə Şurasında ali rəhbəri təmsil etməsinin isə qurumda paritetin təmin edilməsi ehtiyacından irəli gəldiyini düşünmək olar.

Müdafiə Şurası Ali Milli Təhlükəsizlik Şurasının nəzdində fəaliyyət göstərəcək. Bu qurumların hər ikisinin sədri isə Prezident Məsud Pezeşkiandır. Deməli, yeni şura hakimiyyətdəki görünən və görünməyən qarşıdurmanı özündə əks etdirəcək. Xüsusilə Əli Laricani və Əli Şamxaninin bir yerdə işləməsi Tehran hakimiyyət üçün sürprizlər verə bilər…(pressklub)

Sədrəddin Soltan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam