DOST İTKİSİ AĞIR OLUR
Yenixeber.org: Ömrün iki qapısı var. Biri düyaya gəlmək,biri də getmək üçün. Bu təbiətin əbədi və dəyişməz qanunudur. Giriş qapısından girmisənsə,çıxışından da çıxmalısan.Dayanmaq,durmaq,ləngimək də imkansız.Həyatda bu mümkünsüz və əlçatmazdır.Doğmalarımızın,əzizlərimizin,dostlarımızın bu qapıdan əbədi və bir dəfəlik çıxıb getməsini heç istəməmişik və istəmirik də. Amma onlar bizim istəyimizdən asılı olmayaraq çıxıb gediblər. Ömür qapısının arxasında qalan bizlər çıxanların arxasınca qıyya çəkmişik, göz yaşı tökmüşük,saç yolmuşuq,üz cırmışıq.Heyhat, gedənləri göz yaşlarıyla,üz cırmaqla,saç yolmaqla geri qaytarmaq olsaydı yer üzü yaşamaq üçün insanlara bəs eləməzdi. Və şükür ki,bunu anlayırıq,başa düşürük ki,həyat “olum”dan və “ölüm”dən ibarətdir.
Məlumdur ki,ömrün çıxış qapısına doğru gedən ayaqlar heydən düşər, təngnəfəs olar,illərin vaxt anında ilişib qalar,ölümün rəhimsizliyindən gileylənər,yaşamağın necə çətin olmağından,ölməyin də qapının ağzında gözləməyindən xəbər tutar.
Həyatda yaşamaq üçün yaxasından dörd əlli tutduğumuz dünya vəfasızdır,qəddardır,amansızdır,fanidir deyib qabırğasına o ki, var döşəyərik. Nə qədər haqlı,haqsız olduğumuzu yaşadığımız həyat göstərər.
Bəzən adam öz-özünə sual verir: Bu dünyanın dərdsiz-ələmsiz,kədərsiz vaxtı olubmu? Və öz sualına özün də cavab verirsən: Bu dünyanın dərdi- qəmi,kədəri sevincindən daha çox olub. Axı niyə? Bəlkə sırf sevinclə,keflə yaşamağı bacarmırıq? Elə kədərə, ağrıya meyil edirik.Yox,yox,min dəfə yox.Bu belə deyil.Təbiətin öz nizam tərəzisi var, qayda-qanunu var.Deyir kədərlə,çətinliklə,ağrıyla yaşamasan sevincin,şadlığın,rahatlığın qədrini bilməzsən.
Deyir həyatda bir neçə dostluq var ki,onları yaddan çıxarmaq,unutmaq olmur.Onlardan biri də (bəlkə də elə birincisi) uşaqlıq,məktəblik dostluğudur.Onunla eyni kənddə doğulmuşuq- Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində. Kəndimiz rayon mərkəzindən xeyli uzaqda qədim Misgər dağının ətəyində,Zəyəm çayının yanında yerləşir. Bu kəndin orta məktəbində bir sinifdə oxumuşuq. O məktəbdə deyirəm ki,gözümüzü açandan onun valideyinləri müəllimlərimiz olub.Onların və bütün dünyasını dəyişən müəllimlərimizin ruhları şad olsun.
Vaxt,zaman özünü təngnəfəs çatdırdı və biz orta məktəbi bitirib oxumaq üçün üz tutmuşuq Bakıya.O,sənədlərini A.Zeynallı adına musiqi məktəbinə verdi,yüksək qiymətlərlə məktəbin muğam şöbəsinə daxil oldu.Zamanın əl çatmaz musiqiçiləri olan Cabbarın,Bülbülün,Seyidin yadigarı olan Xan Şuşinskidən muğam dərsi alır.O,hələ orta məktəbin aşağı sinifdə oxuyanda məktəbin özfaliyyət kollektivində iştirak edirdi. Gözəl tar çalıb oxumağı varıydı.Dəfələrlə kənd zəhmətkeşləri qarşısında çıxış etmişdi.Və beləcə hər kəsin yaddaşında gözəl ifaçı kimi qalmışdı.
Adını böyük “O” kimi göstərdiyim OQTAY HACIYEV elimizin,obamızın sevimlisi,fəxri,qüruru idi. Ona görə keçmiş zamanda deyirəm ki,bu yaxınlarda amansız ölüm onu namərdcəsinə aramızdan apardı. Onun ölümünə ölüm sevinmədi,o da bu ölümə acıdı,üzüldü,göz yaşı belə tökdü.
Oqtay haqq-sayı dəyərləndirən,itirməyən,mehirban,qayğıkeş insan idi. Qohumluqda üzə vari, adı qohum özü yad olanlardan deyildi,doğmasına diqqət yetirən,can yandıran idi. Mən onunla nə xala oğluydum,nə dayı oğluydum,nə bibi oğluydum,nə də əmi oğluydum.Atalarımız xala uşaqlarıydı.Buna baxmayaraq biz bir-birimizə xala oğlundan,bibi oğlundan,əmi oğlundan,dayı oğlundan da yaxın idik.Biz dost idik,qardaş idik.Sevincimizi bir yerdə bölüşər,kədərimizi də birgə çəkərdik.İş elə gətirmişdi ki,uzun illər Bakıda həyət evində divar qonşusu olmuşduq.Sonralar hərəmiz şəhərin bir yerinə köçmüş,amma bir-birimizdən uzaqlaşmamışıq,sıx-sıx görüşmüşük.Mənim onu bu qədər dəyərləndirməyə tam haqqım var.ona görə ki,o,ürəyi və dili bir olan,heç zaman heç kimin diqtəsiylə oturub,duran deyildi.öz fikiri olan insan idi.
Həyat göstərir ki,yaxşı hər şey insana soydan,kökdən gəlir və qana hopur nəsildən nəsilə keçir.
Mərhum OQTAY HACIYEV muğamın böyüklüyünü,incəlikliklərinin ustad xanəndə Xan Şuşinskidən almışdı.Böyük sənəkarlarda olan əzəməti,həzinliyi,kövrəkliyi Xan Şuşinski tələbəsinin avazına hopdurmuş,sehirli ahəng,nadir səs nümunəsi yaratmışdır.Xanəndənin ifasını dinləyən tamaşaçılar muğamdakı mübarizliyi,həzinliyi,lirik əhvali-ruhiyyəni.döyüş nidalarını hiss edib duyurdular.Oqtay “Mənsuriyyə” oxuyanda sanki uca dağ başından vahiməli dərəyə tökülən şəlalənin səsini.igidlərin döyüş meydanında düşmənin üstünə çəkdiyi qılıncın şaqqıltısını eşidirsən.Mahir muğam ifaçısı,150-dən çox mahnının müəllifi olan,Azərbaycan Televiziya və Radio verilişlərinin qızıl fondunda ifaları qorunan Oqtayın heç bir fəxri adı olmadı. Amma xalqın arasında şöhrət qazanmış “Neyçün bəs” (Xalq artisti Arif Babayevin ifasında) mahnışı onu xalq artisti mərtəbəsinə qaldırmışdır.
Yaxşı ki,Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi AzTV-nin rəhbərliyi ilə birlikdə Beynəlxalq Muğam Mərkəzində onun yaradıcılığının 50 illik yubleyini geniş şəkildə qeyd etdi.Gecədə sənət dostlarının ifasında onun onlarla mahnıs səsləndi.
50 il Azərbaycan Televiziyasının solisti olan xanəndə- bəstakar Oqtay Hacıyev bu gün cismən aramızda yoxdur,amma ruhən bizimlədir.Əvəzsiz dost,səmimi.təvazokar insan OQTAY HACIYEVİN işıqlı xatirəsi doğmalarının,dostlarının qəlbində yaşayacaq.
Rahat yat dəyərli dost,Allah sənə rəhmət eləsin.AMİN!
Məhərrəm Şəmkirli.
AYB-nin və AJB-nin üzvü.