“Həm çoxlu düşmən, həm də çoxlu dost qazandım”
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın 50 yaşı tamam olub. Milli Məclisin sədri Oqtay Əsədov Fazil Mustafanı 50 illik yubileyi münasibətilə təbrik edib, ona təbrik məktubu ünvanlayıb. Məktubda Fazil Mustafanın ömür yoluna nəzər salınıb, Azərbaycanın ictimai-siyasi mühitindəki xidmətləri sadalanıb, elmi fəaliyyəti yüksək qiymətləndirilib.
"Xeberinfo.com": Məlumata görə, modern.az saytı da Fazil Mustafanı təbrik edərək, ondan 50 yaşın təəssüratlarını öyrənib.
-Fazil bəy, 50 yaşınız tamam olur. Aktiv siyasətçi kimi tanınan Fazil Mustafa 20-30 il bundan əvvəlki qaynar siyasi proseslərdəki dövrünü xatırlayanda özünə özündən razılıq hesabatı verə bilirmi? Həmçinin, Fazil Mustafanı romantik siyasətçi kimi xarakteri etmək olarmı?
-Düşünmürəm ki, olar. O baxımdan ki, siyasətin özünün qaydaları çərçivəsində çox da keçmişlə bağlı hansısa xatirələri, romantizm elementlərini elə də qabartmağı xoşlamıram. Yaşamaq bir ömürdü. Ömrün hamısı bütövdür. Çətinliyi də, rahatlığı da, xoş günləri də bir kompleks olaraq həyatımızın içində gedir. Ona görə də o dövrə baxış zamanı vaxtsız ömür yaşamadığımı düşünürəm. Təlatümlərin, ziddiyyətlərin, problemlərin içində də olsa, rəngarəng ömür yaşamışam. Bu gün keçmişə nəzər salanda deyə bilərəm ki, müəyyən dərəcədə zövq alacağım, rahatlıq tapa biləcəyim ömür sürmüşəm. Etmədiyim nələrsə var ki, narahat edir. Nələrisə etmək üçün daha artıq potensial sərf edə bilərdim. Bundan sonra nə qədər ömür yaşamaq qismət olacaqsa, daha çox çalışmaq, cəmiyyətə, insanlara, ailəyə fayda vermək üçün fürsəti qaçırmamaq, əlimizdən gələni etməyimiz vacibdir. Allahıma çox şükür edirəm ki, mənə maraqlı həyat qismət edib. Açığı, geri dönəndə rahatlıq tapıram.
-Rahatlıq tapdığınız keçmişinizdə qırmızı xətt kimi keçən faciə də var. Ümumiyyətlə, Fazil Mustafa faciəyə qarşı bu dərəcədə soyuqqanlı ola bilərmi?
-Hər bir insanın həyatında dediyiniz məqamlar çox olur. Dost itkisi, övlad itkisi, valideyn itkisi insanın həyatında ağır izlər buraxır.
-Bəlkə, faciəni olduğu kimi qəbul etmək siyasətçi olmağınızdan irəli gəlir?
-Bütövlükdə bu, siyasətlə bağlı deyil. Bu, iman anlayışı ilə bağlı məsələdir. Hər zaman bir şeyi dərk etməliyik ki, xoşbəxtlik də, bədbəxtlik də nisbi anlayışlardır. Allah insana verdiyini ala da bilər, daha da yaxşı edə bilər. O baxımdan iman anlayışı fəlsəfəsini anlayandan sonra həyat hadisələrinə bu cür baxmağa başlayır insan. Əslində, sevinc də, kədər də insanın qazancıdır. Allah bunların hamısı ilə insanı sınaqdan çıxarır. O sınaqdan başıuca çıxmaq hamının niyyəti olmalıdır.
-Həm də övlad itkisi çox ağırdır..
- Eyni zamanda, xaraktercə çox duyğusal insanam. Tez kövrələn, müəyyən məsələlərdən tez təsirlənən, acını şox ağır keçirən insanam.
-O zaman biruzə verməyi sevmirsiniz...
-Biruzə vermək məsələsində bir məqama diqqət etmək lazımdır. İnsan sevincə nə hədsiz dərəcədə sevinməlidir, nə də çox kədərlənməlidir. İnsan gələcəyə doğru addımlamağı bacarmalıdır.
-50 yaşla 40 yaşın tamamında insanların sizə olan münasibətinin dəyişdiyinin fərqindəsiniz?
-Hətta, bu gün bir az da narahatam ki, insanların doğum günü təbriklərini cavablandırmağa fiziki gücüm çatmır. Təbii ki, hər bir təbriki cavablandırmağa çalışacam. Eyni zamanda, bəlli 40 yaşda tanınmaq, insanlarla fikirlərimi bölüşmək imkanım bu qədər geniş olmayıb. 40 yaşda da ictimai-siyasi fəaliyyətim geniş idi. Daha çox ideoloji kursu yaxın olan insanlar haqqımda məlumata malik idilər. Amma son illərdə sosial şəbəkə imkanlarından istifadə etməklə diapazon daha da genişlənib. Öz fikirlərimizi cəmiyyətə çatdıra bilirik.
-Sosial şəbəkələr ictimai-siyasi baxımdan sizə nə verə bildi?
-Həm çoxlu düşmən, həm də çoxlu dost qazandırdı. Bu dəqiqə siyasətçiyə uyğun olmayan üslubda cəmiyyətin neqativ məsələrinə istər siyasi, istər dini, istər ideoloji dünyagörüşü ilə bağlı nə kimi natamamlıqlar var, onların üzərinə sərt formada gedirəm. Təbii ki, cahillərin də hücumuna məruz qalıram. Əleyhimə də çoxlu işlər gedir. Bütövlükdə onu bilirəm ki, səmimiyyəti, Azərbaycana sevgisi, Azərbaycan haqqında ən azı yaxşı duyğular daşıyan insanlar Fazil Mustafa haqqında heç vaxt pis düşünməməlidirlər. Mənim cəmiyyətə, xalqa ancaq yaxşı niyyətlə nəyinsə yaxşıya doğru dəyişməsi üçün çalışmalarım olduğunu qəbul etməlidirlər. Başqa niyyətim yoxdur.