Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Yaşamaq istəyirdi Akif Səməd

 

 

   (Akif Səmədin 55 yaşına) 

  "Xeberinfo.com": Akif Səmədin şeirlərində insanı sevmək, onu tanımaq, anlamaq var.
Bir şair olaraq onda gözəl ruhani duyum vardı. O, gerçəkliyin arxasındakı ilahi gözəlliyi görə, şeirə gətirə bilirdi. Çağımızda yaradıcılığın müxtəlif sahələrində bu cəhət qıtlaşıb. Ancaq Akif Səməddə ilahi duyğuları, mənanı şeirdə ifadə etmək ustalığı vardı.
Daşda bitən kolmuşam,
Öz-özümü yolmuşam, 
Özümdən yol almışam, 
Özümə yol gedirəm.
O, təsvirçi, tərənnümçü şair deyildi. Şair var ki, bütöv bir şeirində belə fikrə rast gəlmək olmur. Onun şeirlərində demək olar, hər beyt dolğun fikir ifadə edir.
Zəmidə bağrı xal lala — 
Mənimlə başlanan dünya. 
Qoymurlar özümə qala — 
Mənimlə başlanan dünya.
İnsan adicə lalədə dünyasını tapır, həmin tapıntıdan başlanır onun üçün dünya. Ancaq insanın o mənəvi dünyasını da əlindən alırlar dünyasızlar – mənəviliyi ələ salmaqla, arxa çevirməklə.
***
Təbiətlə biriydi Akif Səməd. Onun dağını, daşını, cığırını dərindən tanıyırdı.
“İç” dedikcə içim göynər,
Necə içim, bulaq, səni? 
Dağ yolunda köçüm göynər, 
Necə qucum, yaylaq, səni? 

O, dağa-daşa, çaya sevdalıydı. Dərdini təbiətlə bölüşür, özündən bezar olanda təbiətə üz tuturdu.
***
İnam Ata (Asif Ata) deyir: «Ölümü yaşadan qorxudur. Ölümdən qorxmuram. Bu səbəbdən də ölümsüzəm. İnsan ömrü bir cümlədir, ölüm onun son nöqtəsi»;
Ölüm mövzusu da Akif Səmədin şeirlərində aparıcı yer tuturdu – o, ölümlə oynayırdı sanki.
Doğru-düzünə yaşasan,
Halal sözünə yaşasan,
Ömrü özünə yaşasan, 
Qardaş, ölüm nəmənədi?
Akif Səməd dərd şairi idi. Yaşamdan tez getdi. Bununla da Akifin dərdləri yetim qaldı…
***
Şeirdə irfani, ruhani duyğular ifadə etmək asan deyil. Gərək ömürdə ruhani yaşantılar ola ki, onu ifadə edə biləsən.

Yadındamı qardım?
Səhraya yağardım,
Əvvəl də mən vardım, 
Sonra da mən varam.
Şair burada təbiətə ruhani, insani münasibət bəsləyir, özünü qarda, səhrada görür. İnsanın əzəli, əbədi varlıq olduğunu fəhmən duyur.
***
«Özümə yol gedirəm» deyən Akif Səməd hərdən şeirə sığmırdı. Şeir onun üçün əslində özünüifadə vasitəsi idi.
Akif Səməd şeirlərində özünü elə hey axtarırdı. Özünü tapanda onu uğurlu da ifadə edirdi.
Səni özümdə görürəm, 
Görməyin bilinməz sənin.
Daşı divara hörürəm, 
Hörməyin bilinməz sənin.
Həm də həyatda, gerçəklikdə özünü tapa bilmirdi Akif. Tapmayanda içinə, özünə, insaniliyinə üz tuturdu.
Sonuna çıxmışam ömrün, 
Otuz doqquz otağının. 
Hələ dərdin yazammadım,
İydənin bir budağının. 

Buradan anlaşılan odur ki, insan həyatda təkcə öz dərdlərini, duyğularını ifadə etmir, o həm də danışmayan ağacların, bitkilərin, çayların... dərdini dinləməyi, onları ifadə etməyi öz borcu sanır.
***
Əsl yol, yolçu azdır, az olub həmişə. Dünyada çoxlu yalan yollar var, adamları çaşdırır, doğru yoldan sapdırır. Görünür, Akif “Yolu olan qalmaz darda…” deyəndə içində həqiqi yol ehtiyacı duyurmuş. Belədə insan düşdüyü çətin durumdan çıxmaq üçün doğru yolu sanki möcüzə kimi gözləyir, arayır...
***
Özünü tanıyan təbiətdəki balaca yarpağın da dilini bilir. Akif Səməd bu halı içində gəzdirdiyinə əmin idi. 
Yaşamaq istəyirdi Akif Səməd.
O, dərdi ilə dost olmağı, özünü qınamağı, bütün əzabına, dəhşətinə baxmayaraq dünyanı sevməyi bacarırdı. Şeiriyyət zamanı o halda ötə bilər ki, yaradıcı şəxs gedişatı aşa bilsin.
***
Akif Səmədlərin ömrü, duyğuları şeirdəmi qalsın? Gedənlərin ömürlərini, xəlqi diləklərini yaşamaq gərəkdir ki, xalq var olsun.
Akif Səmədin cismani yaşı 45-də qırıldı, qaldı... Ancaq ruhunun yaşı çoxuydu. Ondan qalan şeirlər bunu deyir...

 

 

   İşıqlı ATALI
   Mütləqə İnam Ocağının Yükümlüsü


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam