İŞİD Britaniya vətəndaşını da edam etdi
“İslam Dövləti” (İŞİD) təşkilatı britaniyalı humanitar yardım işçisi Alan Henninqin edamsayağı öldürüldüyünü göstərən video yayıb.
"Xeberinfo.com": İŞİD bəyan edib ki, Henninqin qətli “Amerika və onun müttəfiqlərinə daha bir mesaj” olaraq icra edilib.
Bundan əvvəlki İŞİD videolarında olduğu kimi bu süjetdə də Henninqdən sonra öldürülməsi planlaşdırılan daha bir girov – amerikalı Peter Edvard Kassig görünüb.
ABŞ mətbuatı yazır ki, Kassig əslən İndiana ştatındandır və ABŞ əsgəri kimi İraq müharibəsində iştirak edib. Onun ixtisası təcili tibbi yardımdır və o, 2012-ci ildə Suriya qaçqınlarına yardım göstərmək üçün Livana gedib.
Yenə də cihadçı Con
Videonun xalisliyi rəsmi qaydada təsdiq edilməsə də o, üslubuna görə bundan əvvəl iki Amerika jurnalistinin və britaniyalı humanitar yardım işçisinin qətlini görüntüləyən videolarla eynilik təşkil edir.
Mətbuat yazır ki, videoların çəkildiyi ərazinin topoqrafik landşaftı da oxşardır.
Bu videoda da cəllad qismində yenə London ləhcəsində danışan maskalı şəxs görünür.
Amerika və Britaniyanın kəşfiyyat xidmətləri bundan əvvəl yayılmış videolardakı şəxslə eyniyyət təşkil edən və “Cihadçı Con” kimi tanınan şəxsin kimlyini dəqiqləşdirdiklərini elan ediblər.
Rəsmi orqanlar onun əsl adını hələlik açıqlamayıblar. Britaniyanın Xarici İşlər Nazirliyi bildirib ki, hazırda videomaterialı təhqiq edir.
Nazirliyin bəyanatında deyilir ki, “əgər bu, həqiqətdirsə, deməli, daha bir iyrənc qətl hadisəsi törədilib”.
“Şəriətin ədaləti naminə”
Dostları arasında “Qadcet” ləğəbi ilə tanınan 47 yaşlı Henninq İngiltərənin Salford şəhərində taksi sürücüsü işləyib. O, ötən ilin dekabrında Suriyaya humanitar yardım apararkən Türkiyə sərhədini keçdikdən sonra oğurlanmışdı.
Onun öldürülməməsi üçün İŞİD-ə 100-dək tanınmış və nüfuzlu müsəlman din xadimi müraciət etmişdi.
Hətta terrorçu kimi məhkum edilmiş Əbu Məhəmməd əl-Məqdisi də İŞİD-ə müraciət edərək şəriətin ədaləti naminə Henninqin azad edilməsinə çağırmışdı.
Baş nazir David Kameron, müxalifət liderləri və Britaniya parlamentinin üzvləri Heninqin qətli xəbərinə hiddətli reaksiya veriblər.
Britaniya müsəlmanları da bu qətli qətiyyətlə pisləyiblər və bildiriblər ki, “Henninqi öldürənlərin İslama zərrəcə ehtiramı yoxdur”.
Britaniya Müsəlmanları Şurasının baş katibi doktor Şuca Şəfi diqqəti xüsusilə də qətl barədə xəbərin müqəddəs Həcc ziyarəti zamanında yayıldığına çəkib və deyib ki, bu hadisəni törədənlər İslamın əleyhinə olan şəxslərdir.
Britaniya mətbuatı yazır ki, Alan Henninqin öldürülməsi Britaniyanın İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qoşulması və İraqdakı cihadçı mövqelərinə ilk hava zərbələri endirməsinin dərhal ardınca baş verib.
Raket zərbələrindən əvvəl teleəlaqə
“The Guardian” qəzetində dərc olunmuş məqalədə qeyd olunur ki, Kral Hərbi-Hava Qüvvələrinin İŞİD-in iki hədəfi üzərinə zərbə endirməsindən az əvvəl Xarici İşlər Nazirliyi A.Henninqin xanımı Barbara ilə İŞİD-çilər arasında teleəlaqə təşkil edib. Bu əlaqə zamanı Henninqin xanımı girovçulardan ərinin azad olunmasını xahiş edib.
Sözügedən qətl videosunda isə Alan Henninqin özü də qısa çıxış edərək ölümündə Britaniya parlamentinin İŞİD-ə qarşı hava kampaniyasına səs verməsini məsul bildiyini söyləyir.
ABŞ prezidenti Barak Obama bu qətli pisləyərək bir daha bəyan edib ki, Amerika britaniyalı müttəfiqləri ilə bərabər terrora qarşı mübarizəni davam etdirəcək, habelə Cim Fouli, Stiven Sotloff və David Heynesin qatillərini ədalət qarşısına gətirəcək. /AzadlıqRadiosu