İŞİD-in AVROPAYA BÖYÜK KÖÇÜ–Qaçaqmalçılar "xilafət" ordusunun döyüşçülərini Türkiyəyə keçirir - ARAŞDIRMA
Coann Stokker
“The Defence Post”
Suriyada YPG öz əks-terror qüvvələrinin bu yaxınlarda Türkiyəyə qaçmağa çalışan bir neçə əcnəbi İŞİD döyüşçüsünü həbs etdiyini açıqlayıb. Onlar Avropada intihar missiyaları həyata keçirməyi planlaşdırıblarmış.
Yenixeber.org: Son iki həftə ərzində Tunis, İordaniya, Səudiyyə Ərəbistanı, Türkiyə, Albaniya, Almaniya, İsveç, Fransa, Böyük Britaniya və digər Avropa ölkələrindən olan neçə-neçə İŞİD döyüşçüsü “Suriya Demokratik Qüvvələri”nin nəzarətində olan ərazidən Türkiyəyə qaçmaq istəyərkən həbs olunub.
Sərhədi yaxınlığında əsir götürülənlər arasında Əbu Məhəmməd əl-Fransi – Fransada intihar hücumları ilə bağlı olan 36 yaşlı fransız Tomas Barnuin də var.
Həbs olunmuş digər üç şəxsin şəxsiyyəti də müəyyən edilib: Kevin Qonot (Əbu Sufyan əl-Fransi), Məhəmməd Məğarbi (Əbu Maymunə əl-Fransi) və Nəcib Meğarbi (Əbu Süleyman əl-Cəzairi).
Fransız mediası dekabrın 28-də xəbər verib ki, YPG Barnuini 10 gün əvvəl Hassakahda iki digər fransız əsilli – 31 yaşlı Romen Qarnye (Əbu Sələmə əl-Fransi) və 30 yaşlı Tomas Kollanj (Əbu Hüsey əl-Fransi) ilə birlikdə əsir götürüb.
Barnuin Suriyaya 2005-ci ildə səfər edib, 2006-cı ildə həbs olunub və Fransa hakimiyyət orqanlarına təhvil verilib. Bir Fransa həbsxanasında beş il dustaq olduqdan sonra 2014-cü ildə arvadı və iki uşağını Suriyaya apararaq İŞİD-ə qatılıb. Onun yeddi nəfərin öldüyü, beş nəfərin yaralandığı, 2012-ci ildə həyata keçirilən Tuluza və Montobandakı hücumların arxasında duran "Artigat şəbəkəsi" ilə əlaqəli olduğu güman edilir.
Barnuin ilə birlikdə həbsdə olmuş başqa bir adam – Fabyen Kleyn 2015-ci ildə Parisdə İŞİD hücumunda ittiham olunur. Kleyn 2014-cü ildə Suriyaya gedərək Raqqadakı İŞİD döyüşçülərinə qatılıb.
YPG tərəfindən yayımlanan 10 dəqiqəlik videoda Barnuin İŞİD-in tərkibində dörd il döyüşdüyünü, YPG-nin təhlükəsizlik qüvvələri tərəfindən həbs olunduğunu və həbsxanada 105 gün keçirdiyini bildirir. O, 2017-ci ilin dekabrında digər Fransa əsilli döyüşçülərlə birlikdə Türkiyə sərhədində tutulduğunu açıqlayır.
İngiliscə danışan Barnuin İŞİD-ə qoşulmaq üçün Fransadan İspaniyaya, oradan Türkiyəyə və sonradan Suriyanın Latakiya şəhərinə qaçaq yola gedib çıxıb. "Mənim kimi bütün döyüşçülər Türkiyə sərhədini keçiblər”.
Ötən ay SDQ zabiti Civan Xəlil “The Times”a bildirib ki, Mosul və Raqqanın süqutundan sonra yüzlərlə britaniyalı İŞİD-çi Türkiyəyə qaçıb. “Guardian” onlarla xarici döyüşçünün Suriyanın İdlib vilayətində qaçaqmalçılara pul ödədikdən sonra Türkiyənin cənubunda sərhəd şəhərlərinə doluşduğunu yazıb.
"İŞİD terrorçularının Türkiyə vasitəsilə Avropaya keçməsinə dair məlumatımız yoxdur", – bunu İŞİD əleyhinə ABŞ koalisiyasının sözçüsü bildirib. Sözçü Türkiyəni koalisiyanın dəyərli üzvü adlandırıb və qeyd edib ki, "Türkiyə beynəlxalq təşəbbüsləri fəal şəkildə dəstəkləyir".
Koalisiya və Qərb səlahiyyətliləri dəfələrlə İŞİD-in xarici döyüşçülərinin Avropada hücumlar edə biləcəyinə dair xəbərdarlıq verib. Gözlənilən baş verməsə də, Fransa hökuməti təxminən 1700 nəfərdən 300-nün Fransaya qayıtdığını düşünür.
Fransız səlahiyyətlilər ötən ay “Suriya Demokratik Qüvvələri” tərəfindən tutulan 33 yaşlı Emili Köniqin ekstradisiya olunacağını bildirib. Polis məmurunun qızı olan Köniq Fransaya qaytarılması üçün müraciət edib.
Fransa hökuməti sözçüsü Benjamin Qrivo RMC radiosuna deyib ki, İŞİD döyüşçülərinə ərə getmiş Köniq və digər fransız qadınların hüquqi müdafiəsi və mühakiməsi təmin olunacaq.
Fransa Cinayət Məcəlləsinin 113-6 maddəsinə əsasən, Fransa məhkəmə orqanları xaricdə törədilən cinayətləri araşdırmaq hüququna malikdir.
Tərcümə: Strateq