İran İsrailə nə vaxt hücum edəcək? -Yaxın 24-48 saat...
İsrail yaxın 24-48 saat ərzində İranın hücum edəcəyini gözləyir.
Yenixeber.org xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti mənbəyə istinadən yazıb.
Nəşrin məlumatına görə, İsrail öz ərazisinin cənub və ya şimalının hücuma məruz qalacağını ehtimal edir. Qəzetin adını açıqlamayan mənbəsi hücum planlarının müzakirə edildiyini, lakin hələlik yekun qərarın verilmədiyini söyləyib.
"Axios" portalı isə yazır ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian alman həmkarı Annalena Baerbokla telefon danışığında vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün Tehranın cavabının “məhdud” olacağını bildirib.
Məlumata əsasən, Almaniyanın xarici işlər naziri dünən, aprelin 11-də İranın İsrailə hücumunun bölgədə gərginliyə səbəb ola biləcəyindən “son dərəcə narahat olan” ABŞ-ın tələbi ilə İranın xarici işlər naziri ilə telefonla danışıb. Onların söhbəti saat yarım davam edib. Abdullahian deyib ki, İran İsrailin Dəməşq konsulluğuna hücumuna “cavab verməkdə qərarlıdır”, lakin bunu “uyğun və məhdud şəkildə” edəcək.
Nəşr daha əvvəl bildirib ki, İsrail İranın planlarından xəbərdardır. Məlumata görə, amerikalı general Erik Kurilla hərəkətləri əlaqələndirmək üçün İsrailə səfər edəcək. O, müdafiə naziri Yoav Gallant ilə birlikdə İsrail ordusunun yüksək rütbəli rəsmiləri ilə görüş keçirəcək.
"Bloomberg" nəşrinin mənbələri isə bildirirlər ki, İran yaxın günlərdə dəqiq idarə olunan raketlərdən istifadə etməklə İsraili vura bilər. CNN hücumun İranın dəstəklədiyi qüvvələr tərəfindən həyata keçiriləcəyini istisna etmir.
Qeyd edək ki, İsraildəki xarici diplomatik nümayəndəliklər artıq fövqəladə hallarda təxliyə planlarını tərtib edib, mümkün hücumlara hazırlıq gedir.
İranın BMT-dəki missiyası da müvafiq bəyanat yayıb. Qeyd olunub ki, əgər BMT Təhlükəsizlik Şurası İsrailin hücumunu pisləsə, İran cavab tədbirləri görməkdən imtina edə bilər.
İsrail aprelin ilk günü Suriyanın paytaxtı Dəməşq şəhərinə aviazərbələr endirib. Hücum nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 7 hərbçisi ölüb. Bunlar generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Haca Rəhimi, eləcə də SEPAH-ın zabitləri - Seyid Mehdi Cəlalati, Möhsün Sədaqat, Əli Ağa Babai, Seyid Əli Salehi Rozbahani və Hüseyn Əmanullahidir.
Tehran zərbə endirilən obyektin konsulluq binası olduğunu açıqlayıb. İsrailin "Ynet" portalının iddiasına görə, İsrail İranın Suriyadakı konsulluğuna hücumu inkar edir, hücuma məruz qalan binanın İran səfirliyinə aid olmadığını iddia edir. Həmçinin qeyd olunub ki, vurulan bina SEPAH-ın Qüds xüsusi təyinatlı qüvvələrinin istifadə etdiyi hərbi strukturdur.
İranın mövqeyinə gəlincə, Tehran hücuma görə qisas alacağını bəyan edib.