Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“VAXTDAN UCA” və “CAVİDNAMƏ”

 

 

 

  Rafael Hüseynovun “VAXTDAN UCA”- əsəri uzun illər öncə işıq üzü görməsinə baxmayaraq yenə də oxucuların maraq dairəsindədir. Mən özüm də bu kitabı  yaxın günlərdə gec də olsa oxudum. Bu o demək deyil ki, mənim Hüseyn Cavidin yaradıcılığından heç xəbərim yoxdur. Onu qeyd edim ki, Azər Turanın “CAViDNAMƏ” – ni Rafael Hüseynovun “VAXTDAN UCA” əsərindən əvvəl oxumuşdum. Lakin hər iki yazarın əsərinə fikir bildirməyimin əsaslı səbəbi mütaliəni sevən  Cavidsevər oxucular kimi,  məni də bu əsərlərə olan  fikir müxtəlifliyi məcbur etdi. Bu günlərdə tanınmış araşdırmaçı-alim Azər Turanın tədqiqat əsəri, olan“CAVİDNAMƏ”ni oxuyub,mətbuat səhifələrində fikrimi bildirmişdim. Buna baxmayaraq, hər iki əsərə qarşı  oxucuların fikir ayrılığını nəzərə alaraq yenidən fikrimi oxucularla   bölüşmək istərdim.  İlk öncə onu qeyd edim ki,”VAXTDAN UCA” əsəri “CAVİDNAMƏ” ilə müqayisədə elmi əsər deyil, sadəcə Rafael Hüseynovun Hüseyn Cavidə olan sevgisinin bəhrəsi kimi səciyyələndirilə bilər. Çünki yazılmış fikirlər müəyyən mənada tarixi  faktlara əsaslanmasa da oxucunu Cavidin yaşadığı həyatın keşməkeşinə səyahət etdirir. Kitabın adına gəlincə, VAXT VƏ ZAMAN ALLAHA məxsusdur. Kitaba ön söz yazan Anar müəllim vaxt və bəxt anlamlarının bir-birini tamamladığını önə çəkir. Mən bir oxucu kimi önə çəkilən fikir haqqında belə deyərdim, Hüseyn Cavidin başına gələnlər nə vaxtdır, nə bəxtdir, sadəcə yaşadığı dövrün burulğanlı mühitidir. Onu bu burulğana sürükləyənlər onun nə qədər əlçatmaz olduğunu bilənlər idi. Bu əlçatmazlıq Hüseyn Cavidi ucaltdı. O ucalığı ilə əqidə və təffəkürünün,  ilahi bəsirətinə sığınan  əqli, zəkası oldu ki, ona qarşı üzü dönmüş zamanın gərdişinə tanrısına üsyan etmədən dözdü və yaşadı.  Bəli, zamanın haqsız məngənəsində çabalayan Hüseyn Cavid məfkurəsinin cilalanması mümkünsüz olduğundan,  zaman–zaman onun bənzərsizliyi  bu günümüzə də gəlib çatdı. Hüseyn Cavid “dayanan zaman”ın nə vaxtsa onun bəxtinə sarı irəliləyəcəyini sanki əvvəldən bildiyi üçün heç mücadilə etmədən öz tanrısına sığındı. Tutduğu bu yol dözülməz olsa da, Hüseyn Cavid dözdü və düşmənlərinin gözünə dik baxdı. O, hətta bilirdi ki, onu 1937 – ci ilin burulğanına sürüklüyənlər zaman gələcək o dövr xatırlanarkən murdar xislətli insanların bu günümüzə gəlib çıxan tör – töküntüləri  utanc hissi keçirəcəklər, hətta öləcəklər belə.... Yarım əsr əvvəlin saralmış qəzet səhifələrində bu iyrənc misraları oxuyub təəccüblənməmək mümkün deyil:

                                              

                                                Millətçilər adına dedi böyük sənətkar,

                                               Gəlin düz araşdıraq sənin sənətinmi var?

                                                O murdar arzuların torpaqlara gömüldü,

                                                Sənin yaratdıqların özündən əvvəl öldü.

        

         Mən bu əsəri oxuduqca təəssüf edirəm ki, bu millətçilər adından danışan kimdir?  Niyə Rafael Hüseynov bu  XA-İN  misraları yazanın kimliyindən xəbər vermir? Əlbəttə, o murdarı (mən ona insan deməzdim) tanımaq oxucular üçün də çox maraqlı olardı. Bəli, Hüseyn  Cavidi cismən məhv etsələr də, mənən öldürə bilmədilər. Hüseyn Cavid sanki öz ruhunda qurduğu taxtda dilini, allahını sevən TÜRK oğlu TÜRK, bir MÜCAHİD kimi əyləşmişdi. Bu duruş onun ömrünün sonunadək davam etdi. Sadaladıqlarımı hər iki yazar əsərləində bizlərə catdırmağa müvvəffəq olub. Amma, Rafael Hüseynov Hüseyn Cavid mövzusuna müraciət edən dövrdə arxivlərdə tutarlı dəlillər tapmadığından lazımı araşdırmanı apara bilməyib. Əslində əsərdə təqdim olunan şeirlər Hüseyn Cavid qələminin məhsulu kimi göstərilsə də, onun yenicə işıq üzü görmüş külliyyatı ilə müqayisədə Rafael Hüseynovun əsərində təhrif olumuş şəkildə oxuculara çatdırılıb. Bir nümunə kifayət edər ki, oxuyuruq.

                                         Ey bütün xilqətin, böyük rəbbi!

                                         Məni anlat görüm nədir səbəbi...

                                        O neçin hakim oldu,mən məhkum,

                                        O neçin zalım oldu,mən məzlum?

        

        Bu şeir parçasını oxuduqca Hüseyn Cavid xislətinin allaha üsyan etdiyinin şahidi oluruq. Lakin Hüseyn Cavid çəkdiyi məhrumiyyətlərə baxmayaraq həyatının təhlükəsizliyi üçün heç amma heç mücadilə etmədi. Onun dini, imanı, əqidəsi tanrıya elə qaynaq edilmişdi ki, o bu düşüncəyə heç vaxt xilaf çıxmazdı. Hüseyn Cavid, varlığına yön alan işığa sarı addımlayırdı. Bu düşüncəylə bütövləşən allah qulu heç vaxt onu yaradana üsyan edə bilməzdi.Məlum məsələdir ki, o mücadilə etmişlərdən olsaydı mühitin burulğanına düşməzdi. Düşündükcə insanda belə fikir formalaşır ki, Cavid dili, Cavid məfkürəsi onun türklüyü mühitin məngənəsində cilalanmış olsaydı onu PANKÜRTİST adlandırmazdılar. Əsərləri oxuduqca hər iki yazar etiraf edir ki, Hüseyn Cavidin qızı Turan Cavid ömrünün sonuna kimi atasının təhrif olunmuş əsərlərini qaydaya salmaqla məşğul olub. Demək, Rafael Hüseynov araşdırmalarında təhrif olunmuş materiallardan istifadə edib. Bu gün “VAXTDAN UCA” kitabında göstərilən şeirlər Azər Turanın tərtibatıyla hazırlanmış Hüseyn Cavidin külliyyatıilə müqayisədə daha qabarıq çalarlarla daha orijinal nəzərə çatdırılır. Lakin zamanında Turan Cavid sözügedən  əsərin ərsəyə gəlməsi üçün Rafael Hüseynovu atasının arxivindəki müəyyən sənədlərdən istifadə etməsi üçün şərait yaratmış olsa da, istənilən nəticə alınmayıb. “VAXTDAN UCA”əsərində bəzi nəzərə çarpan müddəalar  var ki, Azər Turanın “CAVİDNAMƏ”-sində göstərilən dəlillərlə üst–üstə düşür, lakin təfərruatı ilə açılmır. Nəhayət, dayanan vaxtın hərəkətə gəlməsi Hüseyn Cavid bəraət aldıqdan sonra böyük ustadın yatmış bəxtının açılmasına səbəb olur, irəliləyən zaman Hüseyn Cavidin xeyrinə işləyir. Zaman–zaman Hüseyn Cavid adını dilinə gətirə bilməyənlər, XIX əsrin sonlarına yaxın durğunlaşan ədəbi mühiti canlandırmaq üçün iş başına keçirlər. Ədəbi mühitdə Cavidsevərlər meydana gəlir. Bu meydanda Hüseyn Cavid məfkurəsinə sığınıb ucalmaq istəyənlər ədəbi mühitdə görünmək üçün çaba göstərirlər. Onun yaradıcılığına çox yanaşmalar olsa da, əsası olmayan mənbələrdən çatdırılan məlumatlar qənaətbəxş deyildi. Deməzdim Rafael Hüseynovun əsəri oxunaqsızdı, yox, ən azı daha sadə və oxunaqlı olduğu uçün oxucuda müəyyən təəssurat yarada bilir. Lakin buna baxmayaraq Rafael Hüseynovun qələmi çox sıçraqdır,hadisələrdə sanki zamanı qabaqlamağa çalışır. Rafael müəllim tələsdiyi kimi oxucu da hadisələrin təfərruatına varmağa tələsir. Mən onu qınamazdım, çünki hər yazarın öz üslubu var. Hörmətli Cavidsevərlər, nəzərinizə çatdırım ki, hər iki ktabı oxuyub müqayisə etsəniz Cavidşunas alim Azər Turanin Cavidnaməsilə müqayisədə “VAXTDAN UCA” çox sadə görünür. Böyük araşdırmasılə tarixi faktlara əsaslanan Azər Turan istinad etdiyi nğqtələrə güvənərək Hüseyn Cavidi şəcərəsilə bizlərə çatdırır. Hüseyn Cavid kimdir sualına cavab tapmaq istəyən hər oxucu “CAVİDNAMƏ”- dən yararlana bilər(hətta dərs vəsaiti kimi də). Mən isə yenə vaxt və bəxtın üzərində dayanmaq istərdim. Əgər zaman Hüseyn  Cavidin xeyrinə işləmiş olsaydı AZƏR kimi tədqiqatçı o dövrdə dünyaya gələ bilərdi. Bu gün onun haqqında düşündüklərini zamanında etsəydi Hüseyn Cavid meydanda tək qalmazdı. Lakin Cavid üçün dayanan vaxt bu gün Azər Turanın taleyinə bəxt kimi yazıldı. Ancaq onu deyə bilərəm ki, həqiqətən də bu Azər müəllim üçün  ALLAHIN bəxş etdiy taleyin qisməti, alın yazısıdır. Azər müəllimdən Hüseyn Cavidə olan sevgi sizi özünə nə vaxtdan çəkib soruşanda, o,öz uşaqlığını xatırlayır: ”Mən kiçik yaşlarımda heç  şer əzbərlələməyə marağım yox idi. Bir dəfə atam mənə Hüseyn Caviddən dörd misra şeir söyləyir.Atam şeri bitirər-bitirməz həmin misraları təkrar edirəm. Elə o gündən Hüseyn Cavidə olan sevgi məni bu yolda yolçu etməyə başlayıb.Biz bir anlığa Azər dünyaya göz açan mühitə nəzər salsaq düşünmədən, axı doğrudan da balaca Azər kəhkəşan içində dunyaya göz açmışdı deyərdik. Onun atası tənqidçi alim, ədəbi mühitdə öz dəstixəttilə seçilən İmamverdi Əbilov idi. Azər yaşadığı mühitdə kimləri görməmişdi, kimləri eşitməmişdi, kiçik yaşlarında onun saçlarına kimlər sığal çəkməmişdi....!

       Əslində Azər Turan kimdir? Cavabı heç də çətin deyil. Azər Turan zəngin tariximizi araşdıraraq başqa tarixi əsərləri kimi “DARÜlMÖMİNİN”i də, bizlərə təqdim edərək bu  yolun tarixi keçmişinə ayna tumuşdur. Həmin bu yurdda, bu ocaqda Böyük Turana açılan qapıya sarı addımlayan, bu istəyi kiçik yaşlarından bir ovuc qəlbində böyük ürəklə daşıyan Azər Turan dünyaya göz açıb, ata xeyir-duasıni, ustad nəsihətini də məhz bu yurdda mənimsəyib. Belə bir mühitdə yetişən Azərin şüur və təffəkküründə Turana gedən yolun başlanğıcı heç də uzaq deyildi. Əlbəttə, bütün bunlar Azər hələ məktəbdə oxuduğu illərdə özünü göstərməyə başladı. Elə bu baxımdan da, Hüseyn Cavidə olan sevgi irfan qaynağı olub, Azərlə birgə boy atdı. Azər bu kəhkəşana sarı Hüseyn Cavidin düşüncəsilə addımladı, bu yolu Hüseyn Cavidin gözlərilə gördü,Cavidin keçdiyi küsgün, qaş-qabaqlı ömür yoluna ayna tutdu. Böyük Cavidin yoluna kölgə salanlara “HƏRB” elan edərək şairin yaradıcılıq yollarında sanki bir vəkilə, hakimə çevrildi və Hüseyn Cavidin qəhrəmanı Azərin illərlə düşündüklərini dəfələrlə xatırlayaraq bir mənəviyyat kitabı kimi bizlərə çatdırmağa çalışdı. Azər “CAVİDNAMƏ” ni ədəbi mühitə təqdim edərək bulanmış suları durultdu. Onun millətə, xalqa ”ÖZÜNÜ DƏRK”çağırışı,  yazdığı əsərlərdə özünü göstərməkdə, gördüyü  işlərin əks-sədası hüdudları aşaraq Azərbaycandan kənarda da öz əksini tapmaqdadır.

     Mən bir oxucu kimi Rafael Hüseynovu  Azər Turan qədər tanımıram, amma bilirəm ki, millət vəkilidirsə, demək xalq arasından seçilən nümayəndədir. Haqqında bildiyim bunlar olsa da, kitablarının oxucusuyam. Rafael Hüseynov da, öz oxucularına sözünü sadə və anlaşılan dildə deyib. Mənə elə gəlir əgər Rafael müəllim “CAVİDNAMƏ”- ni oxuyubsa,mənim kimi oxucularla razılaşar ki, onun “VAXTDAN UCA” kitabındakı “CAVİDLƏR”- i oxucunun tələbini ödəmir. Hüseyn Cavidi bu gunki ədəbi mühitə, türk dünyasına daha dərindən tanıtmaq üçün qiymətli bir əsərə ehtiyac duyulurdu . Belə bir kitabı da Azər müəllim Turan  Cavidin ona təqdim etdiyi arxiv materiallarından istifadə edərək, əmələ-ərsəyə gətirib oxuculara təqdim etdi. Mən adı çəkilən  kitabların heç birini təhlil etmək fikrində deyiləm. Sadəcə,məktəbdə oxuduğum illərdə eşitmişdim ki, Hüseyn Cavidin əleyhdarlarından birinin xalq şairi Süleyman Rüstəm bilirdik, amma “CAVİDNAMƏ”ni oxuduqdan sonra bu fikrin tamamilə yalnış olduğunu başa düşdüm. Sən demə,  Süleyman Rüstəm Hüseyn Cavidin bəraət alması üçün verilən sərəncama imza atan altı tanınmış insandan biri imiş. Demək olar ki, mənim illərlə  Süleyman Rüstəmə qarşı qəlbimdə daşıdığım nifrətin üzərinə su çiləndi. Bəlkə bu gündən sonra gec olsa da Süleyman Rüstəm adlı şairi tanıyıb  sevə bilim. Hüseyn Cavidin əleyhinə fikir söyləyənlərdən biri də hamının sevdiyi o dövrün burulğanından aydan-arı sudan-duru çıxan Səməd Vurğun olub.Mənim kimi illərlə haqqı nahaq sananlar çoxdur,bu əsər çox insana  doğruları aydınlatmağa kömək edəcək. Bəlkə bunları aşkara çıxarmaq böyük cürət tələb edirdi lakin, Hüseyn Cavid sevgisi  Azər müəllimi bu işin öhdəsindən gəlməyə məcbur etdi və bacardı. Azər müəllim Hüseyn Cavid yaradıcılığına elə bir möhür vurdu ki, əsrlər keçsə belə tarixdə BÖYÜK Hüseyn Cavid deyiləndə Azər Turan yada düşəcək. Azər müəllimin bir istəyi də, Turan Cavidin ürəyində qalan atasının əsərlərinin külliyat şəklində oxuculara təqdim olunması arzusunu yerinə yetirmək idi. O, böyük Cavidin yadigari Turan xanımın bu arzusuna biganə qalmadı və gecəsini-gündüzünə qatıb Hüseyn Cavidin əsərlərinin külliyatını bu yaxınlarda Hüseyn Cavidin dili qorunmaqla yanaşı Türkiyə türkcəsinə tərcürmə etdi. Əbəttə, çətin olsa da, Azər müəllim bu işin də öhdəsindən gəldi və Hüseyn  Cavidin qarşıdan gələn doğum gününə hazır edərək Türkiyənin mötəbər nəşriyyatında işıq üzü görməsi üçün əlindən gələni etdi və istəyinə nail oldu. Azər müəllimi daim düşündürən bir məsələ də vardı ki,  niyə axı  Hüseyn Cavidin külliyatı başqa şairlərin əsərləri kimi Türkiyədə təbliğ olunmasın? Nəhayət, Azər müəllim  BÖYÜK TURAN soyadının məsuliyyətini çiyinlərində  daşıyaraq bu istəyinə də nail oldu. Artıq bu gündən etibarən  böyük şair dahi mütəffəkkir CAVİD əfəndinin küllyyatı Türkdill dövlətlərin ədəbi mühitində təbliğ olunaraq öz bənzərsizliyilə seçiləcək.

             Həmçinin alqışa layiqdir ki, 1984-cü ildə Cavid xofu insanları hələ də üstələdiyi  bir vaxtda Rafael Hüseynov  belə bir əsəri  qələmə ala bilib. Başa düşə bilmirəm dili, dini, öz türkçülüyü üçün əqidəsindən dönməyən, və bu günümüzə zəngin irs qoyan  bir dühaya belə münasibətmi olardı?

            Hörmətli Rafael müəllim və Azər Turan, sizin hər ikinizə oxucu təşəkkürü bildirirəm. Qələminiz var olsun! Sizlərə bol – bol oxucu sevgisi  arzulayıram. ALLAH daim sizləri məsud etsin! Səsiniz daha uca zirvələrdən gəlsin. “VAXTDAN UCA” olmayıb, ALLAHIN dərgahında ucalasınız! İNŞALLAH! AMİN!

         

       QEYD. Hörmətli oxucular çox istərdim hər iki yazarla görüşüb bizləri maraqlandıran suallara cavab alam. Lakin bu hörmətli insanlar vaxt məhdudiyyətini bəhanə etdiklərinə görə mən onlarla əlaqə yarada bilmədim. Əgər məqalədə çatmayan cəhətlər varsa üzürlü hesab edin. Çünki bu göstərilənlər oxucu təfəkkürünün məhsuludur.                                                                  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam