Etnik-milli münaqişələrdə fərqli yanaşmalar: Açe təcrübəsi… –bir QHT rəhbəri BMT-dən necə təsirli oldu? -ARAŞDIRMA
XX əsrin İkinci Dünya müharibəsinin başa çatmasından sonrakı dövrü və XXI əsrin ötən dövrünün təcrübəsi dünyada etnik-milli konfliktlərin geniş yayıldığı tarixi mərhələ kimi də xarakterizə olunur.
Yenixeber.org: Bir sıra hallarda bu münaqişələr öz həllini tapsa da, bəzi hallarda bu tip konfliktlərin həlli sonu görünməyən məchul gələcəyə doğru uzanmış haldadır.
Başqa bir tərəfdən, Dünya Bankının hesablamalarına görə, belə münaqişələrin başa çatmasından sonra münaqişənin baş verdiyi coğrafi regionun real inkişaf göstəricisi olan yerli iqtisadiyyatı dirçəltməyin və gəlir əldə etməyin təmin edilməsinin çətinliyi etnik-milli müharibədən qurtulmuş ölkələrin 44%-nin 5 ildən sonra yenidən həmin münaqişəyə qayıtmasına səbəb olur.
Beynəlxalq təcrübədə öz həllini tapan etnik və milli münaqişələrin bir çox hallarda siyasi muxtariyyətlərin meydana çıxması ilə nəticələnməsi geniş yayılmışdır. Bu baxımdan unitar və dünyada ən çox müsəlman əhalinin yaşadığı dövlət olan İndoneziya Respublikasının Açe Xüsusi Əyalətinin yaranması prosesi diqqəti cəlb edir.
Məlumdur ki, Azərbaycan dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə öz həllini tapacağı təqdirdə, Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində ən yüksək özünüidarəetmə statusunun tanınacağını dəfələrlə ən yüksək səviyyədə bəyan etmişdir.
Məhz bu baxımdan, 30 illik qanlı hərbi münaqişə tarixinə malik, 33 mindən çox insanın ölümüylə nəticələnmiş Açe probleminin həlli ilə bağlı beynəlxalq institutların, QHT-lərin, İndoneziya dövlətinin, açelilərin problemə, onun həllinə münasibəti məni, təbii ki, hər muxtariyyətin tədqiqində olduğu kimi, bu dəfə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin “həlli” ilə məşğul olan ATƏT-in, ayrı-ayrı maraqlı dövlətlərin, beynəlxalq ictimaiyyətin, münaqişə tərəflərinin və Dağlıq Qarabağın erməni icmasının (qondarma “DQR”-in) münaqişənin həllinə münasibəti ilə bağlı paralellər aparmağa vadar etdi.
Beynəlxalq münasibətlər sahəsində realizmlə liberalizm arasındakı mübahisə, habelə institusionalizm nəzəriyyələri tərəfindən təqdim edilən variantlar bu cür etnik-milli münaqişələrin həllində konfliktdən demokratiyaya keçid yolunu müəyyən edir. Bu nəzəri çərçivədə beynəlxalq təşkilatların və beynəlxalq ictimaiyyətin Açe münaqişəsi üzrə sülh danışıqlarının dəstəklənməsində, sülh sazişlərinin həyata keçirilməsində, həmçinin 2004-cü ilin dekabrında baş vermiş dəhşətli sunamidən və münaqişədən sonrakı yenidənqurma və bərpada iştirakını izləmək mümkündür.
Beynəlxalq təşkilatların səyləri ilə yanaşı, İndoneziya hökuməti Açedə sülhün bərqərar edilməsi və demokratikləşməsi sahəsində çalışan regional və beynəlxalq forumlarda Açe məsələsi üzrə münaqişə və mübahisələrin həllinə çalışaraq, bu məsələdə təşəbbüsə yiyələnə bilmişdi.
Məlumat üçün deyim ki, Açe Xüsusi Əyaləti unitar İndoneziya Respublikasının tərkibində siyasi muxtariyyətdir. Muxtariyyətin ərazisi 58 377 km2 (ölkə ərazisinin 3,07 faizi) əhalisi isə 5,2 milyon nəfərdir (ölkə əhalisinin 2 faizi).
Realizm nəzəriyyəsi beynəlxalq təşkilatların və QHT-lərin konfliktlərin həllində vacib rolları yerinə yetirdiyini, lakin həmişə son nəticədə tərəf dövlətlərə və ya ən azı, bu tərəflərdən ən təsirli olanına tabe olduqlarını iddia etsə də, aydındır ki, beynəlxalq təşkilatlar və QHT-lər Açedə postkonflikt dövründə münaqişənin ağır nəticələrinin ortadan qaldırılmasında əsas rol oynadılar. Belə ki, 250 mindən çox insanın tələf olduğu, 37 min nəfərin itkin düşdüyü, 655 min nəfərin öz evindən məhrum olduğu sunamidən dərhal sonra 160-dan 400-ə qədər beynəlxalq və milli QHT-lər özlərinin maliyyə qaynaqları, material və texniki imkanlarını səfərbər edərək, Açedə fəal şəkildə çalışdılar. Bunlardan bəziləri sunamidən sonra yenidənqurma əvəzinə, Açedə sülh və demokratikləşmə ilə məşğul oldular. Bununla belə, milli QHT-lər və qeyri-dövlət qurumları münaqişənin həlli prosesində marginallaşdılar.
Amma bizim üçün maraqlı olan Açe probleminin həlli prosesinin, daha doğrusu, bu prosesdə beynəlxalq təşkilatların və aparıcı dövlətlərin ənənəvi “diplomatik uğursuzluğu” və problemin həllinə bir Finlandiya QHT-sinin necə yaxından kömək etməsidir.
Qeyd edək ki, son onilliklərdə dövlətlər diplomatik təşəbbüslər yolu ilə müharibələrə son qoymaq üçün münaqişənin idarə edilməsinə üstünlük verilən yanaşmanı, faktiki olaraq, rədd edirlər. Əslində bunun vizual görüntüsü yaradılır, lakin nədənsə diplomatiya etnik-milli münaqişələri həll edə bilmir, bizə görə, həll etmək marağında deyil. Təcrübə göstərir ki, belə konfliktlər böyük dövlətlər, bir sıra hallarda hətta beynəlxalq təşkilatlar üçün “tora düşmüş (çox vaxt salınmış) qızıl balıq” kimidir. Məsələn, daha çox bir tərəfin (fələstinlilərin) təhdidlərə məruz qaldığı, bəzən zorla, hədələrlə sülhə sürükləndiyi halda, Fələstin problemi illərdir ki, özünün yekun həllinə heç cür çata bilmir. 1995-ci ildə ABŞ-ın Bosniya-Serb sülh müqaviəsi ilə (1995, 21 noyabr Deyton sülhü) razılıq əldə edilmədiyi təqdirdə, həm Bosniya, həm də serb artilleriyasını bombalamaqla bağlı təhdidi buna daha bir bariz nümunədir.
Konfliktlərin bu tip idarəetmə strategiyası bəzi tədqiqatçı-konfliktoloqlar tərəfindən “maliyyə kökü” (“financial carrots”) və/və ya “hərbi qamçı” (“military sticks”) adlandırılır.
Digər tərəfdən, bəzi münaqişələrə beynəlxalq QHT-lərin vasitəçiliyi ilə daha effektiv şəkildə son qoyulur. Finlandiyanın keçmiş (1994-2000) prezidenti Marti Ahtisaari hələ ölkəsinə rəhbərlik etdiyi dövrdə Böhranları İdarəetmə Təşəbbüsü (Crisis Management Initiative – CMI) adlı QHT yaratdı (2000, 24 avqust). CMI-nin əsas məqsədi Yaxın Şərqdə, Şimali Afrikada, Saxaradan cənubdakı Afrika ölkələrində və Avrasiyada baş verən münaqişələrin həllində qeyri-rəsmi dialoqun təşkilatçısı və vasitəçi kimi iştirak edərək, sülh proseslərinin başlanmasını təmin etmək və konfliktlərin dinc həllinə nail olmaqdır.
2005-ci ildə CMI (qeyd edim ki, bu təşkilat beynəlxalq deyil, rəsmi olaraq fin QHT-sidir) Açe probleminin həllində fəal iştirak edərək, İndoneziya Respublikası Hökuməti ilə Azad Açe Hərəkatı (Gerakan Aceh Merdeka – GAM) arasında dialoqun təşkilində və sülh razılaşmasının imzalanmasında uğurlu vasitəçilik missiyası həyata keçirdi. 6 ay davam edən danışıqlardan sonra 30 il ərzində (1976-2005) barışmaz şəkildə düşmənçilik edən tərəflər 2005-ci ilin avqustunda Helsinki müqaviləsinə (Qarşılıqlı Anlaşma Memorandumu) imza atdılar. Məhz bu razılaşma İndoneziya dövləti tərəfindən Açeyə daha geniş muxtariyyət verilməsi haqqında 2006-cı ildə 11№-li Qanunun qəbul edilməsi üçün siyasi-hüquqi baza oldu.
Yeri gəlmişkən qeyd edim ki, Açe problemi heç də düşünüldüyü qədər sadə və ya qeyri-mürəkkəb problem deyildi. Belə ki, İndoneziyadakı diktatura dövründə (prezidentlər Sukarno (1945-67) və Suxartonun (1967-98) dövrü) xeyli kəskinləşən problem postdiktatura dövründə həllini tapdı. Tərəflərin, xüsusən GAM-ın mövqeyinin yumşalmasına dağıdıcı sunami (2004, dekabr) xeyli təsir göstərdi. Lakin hər halda açelilər 1999-cu ildə İndoneziyanın bütün əyalətlərinə muxtariyyət hüququ verilməsini rəsmiləşdirən “Regional hökumət haqqında” 22№-li Qanunu qəbul etməyərək, 1999-cu və 2001-ci illərdə Açe əyaləti üçün ayrıca iki muxtariyyət qanununun qəbul edilməsinə nail olmuşdular.
Halbuki həmin qanunların qəbulu ərəfəsində və dövründə ABŞ, Yaponiya və Avropa İttifaqının Açe münaqişəsinin həlli üçün müəyyən cəhdləri olmuşdu.
Ofisi Cenevrədə yerləşən başqa bir QHT-nin – Henri Dünan Mərkəzinin (HDC – Henry Dunant Centre) də hərbi əməliyyatların qısa müddət üçün səngiməsində müəyyən rolu olmuşdu. Lakin bütün bu dövlətlərin və HDC-nin vasitəçiliyi yalnız qısamüddətli və kövrək atəşkəslə nəticələnmişdi. Hər dəfə münaqişə yenidən alovlanmış və kəskinləşmişdi.
Lakin belə görünür ki, böyük dövlətlərin və beynəlxalq təşkilatların bu tip münaqişələrin həllində göstərə bilmədiyi möhkəm və ədalətli iradəyə, tərəfsiz və sülhsevər mövqeyə sahib olan 82 yaşlı M.Ahtisaarinin peşəkar həyatında vasitəçilik və sülhün təmin edilməsi ilə bağlı faktlar kifayət qədərdir. 1987-1991-ci illərdə BMT Baş katibinin müavini olan M.Ahtisaari Avropada da sülhün təmin edilməsində geniş fəaliyyət göstərmişdir. 1992-1993-cü illərdə parçalanmış Yuqoslaviya dövlətləri arasında sülhün və dialoqun təşkili üçün BMT Baş katibinin Yuqoslaviya üzrə xüsusi nümayəndəsi kimi ciddi səy göstərmiş, 1999-cu ildə Yuqoslaviya prezidenti S.Miloşeviçi hərbi əməliyyatları dayandırmağa razı sala bilmişdi. 2006-cı ildə serblər və Kosovo albanları arasında Kosovonun yekun statusuna dair müzakirələrdə də BMT-nin xüsusi nümayəndəsi kimi iştirak etmişdi. Bu müzakirələr uğurla nəticələnməsə də, məhz onun Kosovoya BMT nəzarətində müstəqillik verilməsinə dair BMT Təhlükəsizlik Şurasına verdiyi (2007, mart) təklifdən sonra, 2008-ci ildə Kosovo öz müstəqilliyini elan etmişdi. Bu sülhsevər və səmərəli vasitəçilik fəaliyyətlərinə görə, M.Ahtisaari 2000-2008-ci illərdə 10-a yaxın mükafata, o cümlədən 2008-ci ildə Nobel Sülh Mükafatına layiq görülmüşdür.
Bütün bu deyilənlərdən sonra münaqişələrin həllində heç bir şəxsi, siyasi və digər maraqları olmayan uğurlu bir diplomatın və onun 80 nəfərlik ştata malik QHT-sinin 27 ildir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində azacıq da irəliləyişə malik olmayan (hətta atəşkəs sazişi belə ATƏT-in iştirakı olmadan əldə edilib), belə görünür ki, elə əsl məqsədi işğalçı münaqişə tərəfi (ermənilər) kimi, illərdir mövcud olan status-kvonu qorumaqdan ibarət olan 57 üzv-dövlətə malik ATƏT-in və onun Minsk Qrupunun hansının etnik-milli münaqişələrin həllində daha səmərəli və lazımlı təşkilat olduğu barədə mübahisə açmaq belə, mənasızdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağa dair 4 qətnamə qəbul edən və qəbul etdiyi qətnamələrə işğalçı tərəfindən kağız parçası kimi belə dəyər verilməyən BMT bu qəbildən olan konfliktlərin həllində özünün xüsusi nümayəndəsi olan bir şəxsdən daha az iş görə bilirsə və ya heç bir iş görə bilmirsə, o zaman, bəs əsas missiyası dünyada sülhün qorunmasından və təmin olunmasından ibarət olan 193 üzv-dövlətə malik BMT nəyə lazımdır?! Əslində 70 ildir ki, Fələstin problemini həll edə bilməyən bu ən böyük beynəlxalq təşkilatın səmərəliliyini yalnız elə bu fakt üzrə dəyərləndirmək də mümkündür.
Təbii ki, adı qeyd edilən bütün münaqişələrin coğrafiyası, yaranması tarixi, inkişafı və s. cəhətləri bir-birindən fərqli xeyli xüsusiyyətlərə malikdir. Lakin hər halda bütün bu münaqişələrin ümumi cəhəti də vardır ki, bu da özünü onların etnik-milli, yəni xalqlararası və ya dövlətlərarası münaqişələr olmasında göstərir. Bəzən qeyd edirlər ki, məsələn, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həlli çox mürəkkəb problemdir. Əslində bütün münaqişələr rüşeym halında olanda həll edilərdisə, o zaman bugünkü qədər mürəkkəbləşməzdi. ATƏT-in Minsk Qrupu münaqişənin əvvəllərində yaradılıb, BMT-nin məlum 4 qətnaməsi də, həmçinin, erməni hərbi təcavüzünün genişləndiyi ərəfədə qəbul edilib. Lakin belə görünür ki, hər iki hal münaqişənin həllinə hesablanmayıb.
Bu baxımdan, qətiyyətlə demək olar ki, M.Ahtisaari və QHT-sindən fərqli olaraq, BMT, ATƏT və s. bu kimi beynəlxalq təşkilatlar etnik-milli münaqişələr və onların həlli prosesində bu təşkilatların iştirakının vizual görüntüsünü yaradırlar. Yeri gəldikdə isə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, konkret münaqişəni cəmi bir neçə günə həll edirlər ki, bu da bizə görə, həmin qurumlarda hegemonluq edən dövlətlərin imperialist maraqlarının təmin edilməsi üçün lazımdır.
Elman CƏFƏRLİ,
tarix üzrə fəlsəfə doktoru, dosent