Yazıya giriş olaraq qısa xatırlatma üçün qeyd edək ki, təxminən 3 ay əvvəl, daha dəqiq desək 10 may 2023-cü il tarixdə APA-nın Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadla yaydığı məlumatdan bəlli olurdu ki, 2023-cü il may ayının 1-də saat 04:25 radələrində Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində 99-KU-990 dövlət nömrə nişanlı “KİA” markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü, Əliyev Murad Əkbər oğlu və Şərur rayon sakini, 1983-cü il təvəllüdlü, Əsgərov Emin Xubeş oğlu saxlanılıb. 
Yenixeber.org: Avtomobilə baxış keçirilən zaman, ümumi çəkisi 31 kiloqram 500 qram narkotik vasitə - marixuana aşkar olunaraq götürülüb. Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. 
Rəsmi məlumata fikir verdinizmi, ....KİA markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən... Yəni bu şəxslər heç sərhədçilərin əmrinə də tabe olmaq istəmirmişlər...sonra sadəcə məcburiyyət qarşısında tabe olublar... 
Digər tərəfdən, söhbət 31.5 kiloqram narkotikdən gedir. Yəni bunlar həvəskar, xırda narkotik alverçiləri deyillər ee, Azərbaycanda və qonşu İranda dayaqları, güclü arxaları olan mütəşəkkil cinayətkar dəstədirlər... 
Əlimizdə olan məlumatlardan bəlli olur ki, sərhədçilər narkotikin daşındığı avtomobilin, oradakı narkotik maddənin və Emin Əsgərovun birgə fotolarını çəkib dəlil-sübut kimi istintaq materialına əlavə ediblər. 
Çox maraqlıdır ki, başqa vaxt qaşınmayan yerdən qan çıxardan ölkə mediası bu boyda faktın üstündən sakitcə keçib, nəinki bu məlumatı araşdırmaq, heç öz saytlarında verməyiblər, verənlər isə sonradan siliblər. Sonradan bir media olaraq biz problemin cəmiyyətimiz üçün nə dərəcədə önəm kəsb etdiyini görüb araşdırma aparmalı olduq. 
İlk növbədə avtmobilin sahibini müəyyən edə bildik. Apardığımız araşdırma nəticəsində bəlli oldu ki, narkotik maddənin daşınmasında istifadə olunan 99-KU-990 dövlət nömrə nişanlı KİA markalı avtomobilin sahibi Naxçıvanın Şərur rayonundan olan Cəlilov Azəddin Əbülfəz oğludur. Onun hazırda yaşadığı ünvan: Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev32, giriş 2A, mənzil 30. 
İndi ortaya xeyli suallar çıxır. Avtomobilin sahibi Azəddin Cəlilov hadisə yerində olubmu..? Olubsa, o necə aradan çıxıb, daha doğrusu, aradan çıxardılıb..? Əgər Azəddin hadisə yerində olmayıbsa, ona məxsus avtomobili Emin Əsgərov hansı əsasla idarə edib və üstəlik narkotik daşıyıb..? İstintaq nə üçün demir ki, Azəddin avtomobilin istifadəsi üçün Emin Əsgərova ETİBARNAMƏ veribmi..? Əgər verməyibsə, Emin Əsgərov həm də avtomobil oğurluğu ilə ittiham olunmalıdır... 
Bütün bu suallar barədə DSX-nın yaydığı məlumatlarda nəinki bir cümlə, heç bir söz də yoxdur. Belə istintaq ola bilməz. Hələ bu harasıdır..? DSX-nın istintaq qrupu istintaq başa çatmadan 31.5 kiloqram narkotik maddənin daşındığı KİA avtomobilini öz sahibinə, yəni Azəddin Cəlilova qaytarıb. Niyə və hansı əsasla...? 
Bu barədə gəlin Azəddin Cəlilovun dediklərinə nəzər salaq: Ömrüm boyu yığdıqlarımı may ayından bu günədək dağıtdım getdi... Görəsən, Azəddin Cəlilov ömrü boyu yığdıqlarını son 3 ayda kimlərə və niyə verib..? Xoruzun quyruğu göründümü, cənablar...? Deməli, Azəddin öz şəxsi avtomobilini, sonra öz canını qurtarmaq üçün pulundan, malından keçib. Amma məsələ bununla bitmir. 
Həbs olunan Emin Əsgərov xəbər göndərib ki, azad olunmasam, əsl cinayətkarın adını açıb deyəcəm. Biz bir media olaraq yazdıq ki, Azəddin Cəlilov deyib ki, 150 min vermişəm, yaxın zamanda Emini azad etdirəcəm... 
Onda hələ Emin Əsgərov istintaq altında Kürdəxanı Təcridxanasında karantində idi. Və bizim xəbərdən bir müddət sonra Emin Əsgərovun cinayət əməlinə xitam verilərək o azadlığa buraxıldı. Hansı ki, biz bunu bir neçə gün öncə yazmışdıq. 
Təsəvvür edirsiniz, ölkəyə 31.5 kiloqram narkotik gətirən şəxsin işinə xitam verib azadlığa buraxırlar ki, get işini davam etdir. Bundan böyük cinayət əməli ola bilməz. 
Yəqin ki, DSX-nın şanlı müstəntiqləri bütün cinayəti yoğurub 3-cü şəxsin üzərinə atıblar... Bu, dünyada qəbul olunmuş HÜQUQ anlayışına tüpürməkdir, bunun başqa adı yoxdur. 
Bir daha qeyd etmək istəyirik ki, bizim nə Azəddinlə, nə qeyrisi ilə, nə də DSX ilə heç bir problemimiz yoxdur. Bizim problemimiz odur ki, bu qədər narkotik minlərlə gəncimizin həyatına son qoyacaq. Və üzümüzü DSX-nın rəisi, hörmətli Elçin Quliyev cənablarına tutub deyirik ki, sizi uzun illər öncədən tanıyırıq, gördüyünüz müsbət işləri həmişə təqdir etmişik, amma 31.5 kiloqram narkotik məsələsindən geri çəkilən deyilik, lap bizi öldürsələr də, bu bizim üçün prinsipial məsələdir. 
Cənab Elçin Quliyev əgər DSX-nin İstintaq qrupu bu məsələni araşdıra bilmirsə, yaxud başqa bir səbəb varsa, buyurun araşdırmanı DTX-ya, yaxud Baş Prokurorluğun İstintaq İdarəsinə, ya da DİN-ə verin. Ümid edirik ki, həmin qurumlar 31.5 kiloqram narkotik məsələsinin başında kimlərin durduğunu, kimlərin bunlara dəstək verdiyini qısa vaxtda açıb ortaya qoyacaq. Amma bütün bunları etmək əvəzinə siz ən qatı cinayətkarları, narkotacirləri açıb buraxırsınız. 
Biz bir media olaraq sonda üzümüzü möhtərəm Prezidentimizə, medianın ən yaxın dostu olan cənab İlham Əliyevə tutaraq deyirik ki, bizim məqsədimiz Sizin narkomaniya ilə mübarizə siyasətinizə real dəstək olmaqdır. Bu yolda bizi asıb-kəssələr də, öldürsələr də, lap tikə-tikə eləsələr də bu yoldan döbnən deyilik. Qoy bizi yandırıb külümüzü sulara axıtsınlar, ancaq bir addım geri çəkilən deyilik. 
Cənab Prezident, narkotacilərlə mübarizənin nə qədər riskli bir məsələ olduğunu biz gözəl bilirik, ona görə, sizdən xahiş edirik ki, bu məsələdə bizim təhlükəsizliyimizə təminat verin, biz ən dəhşətli faktları sizə təqdim etməyə hazırıq. Cənab Prezident, bu narkotacir şəbəkəsi o qədər özlərinə arxayındırlar ki, hətta media rəhbərlərinə hədə-qorxu gəlir, ölümlə hədələyirlər. Biz dövlətimizə, onun rəhbərinə güvənirik və bu yolda sonadək Sizin siyasətinizə dəstək verəcəyik.(Gundelik-bakı.com)