SİYASİ MÜSTƏVİDƏKİ İNHİSARÇILARIN PARADI
VƏ GİZLİ ŞƏBƏKƏNİN “LƏBBEYK”İYLƏ BEYƏTİ
Zaman-zaman bizim dediklərimiz nə çikarə şeydirsə üstündən bir az keçəndən sonra təsdiqlənir. Bunun üçün deyəsən Molla Müctəbaya baxdırmalı olacam, gərçi buna da yol pulu tapa bilsəm. Görüm ayə, axı bu, nə olan şeydir ki, zamanında səsləndirilən həqiqətlər nədən bəzi rəsmilər və qeyri-rəsmilər, siyasilər və qeyri-siyasilər tərəfindən bəyənilmir. Ancaq kimlərinsə başı daşdan-daşa dəyəndən, yaxud mən deyən sözlərin hansısa siyasi təşkilatların rəhbərlərindən biri, eləcə də yüksək çinli məmur tərəfindən səslənməsindən sonra “ləbbeyk” deyənlər həmin fikri təsdiq edərək səlahiyyət sahiblərinə beyət etmək üçün növbəyə düzülürlər. Ona görə də iş qalıb Molla Müctəbaya...
Fikrimin açmasını təqdim etmək üçün başlayaq elə “demokratiya” deyilən zaddan. Məsələn, təzə minilliklə təzə era zamanımıza təşrif buyuranda dinc durmayıb yazmışdım ki, bizlər bu minilliyə nanəcib vətəndaş kimi qədəm qoyduq. Bax onda məni topa tutdular, “böylə təhqir olmaz ki, sən yazdın!?” –dedilər! Mən də sual etdim ki, əfəndilər, sinəsinə 20 Yanvar boyda qırğının, Xocalı kimi dəhşətin, vəhşətin, soyqırımın dağı vurulan, 20 faizdən yuxarı torpağı işğal olunan, qız-gəlini hələ də erməni əsirliyində olan və bütün bunlara müqabil kafe-barlarda kef məclisləri düzənləmək, yağışdan sonra çoxalan göbələklər tək tikintisi milyonlarla dollarla ölçülən çal-çağır sarayları kahkəşanı yaratmaq, yurd uğrunda çarpışanların içində vətən sevgisini öldürmək bəyəm nəcibliyin nümunəsidir? Onda susanlar da oldu. Fikirləşirdim ki, bəlkə düz deməmişəm. Ancaq gördüm ki, yoooox, əksinə, hər şeyi düppədüz demişəm və onu da düppədüz edirəm ki, yerdə qalan fikirlərə də sayğıyla yanaşıram...
Yenə də elə həmin bugünkü təzə eraya qədəm qoyarkən dinc durmayıb yazmışdım ki, bu demokratiya deyilən şey nəmənədirsə, Azərbaycanın axırına çıxacaq. Çünki bizim demokratiyamız da, azadlığımız da özündə Azərbaycansayağı komponentləri birləşdirəcək və sonucda bizlər monopolistlərlə inhisarçıların simasında zorən düzənlənən siyasi paradda iki əlin səsiylə dərdinə qol götürüb oynayanlara çevriləcəyik. 1993-cü ildən ta bu günədək siyasi düşərgənini hər iki qütbündə təmsil olunan monopolist çinovniklər – BİRİNCİLƏR hələ də “iş başında”dılar. Heç nə dəyişməyib, bəzi partiya sədrlərinin postundan getmələrisə heç də “demokratik düşüncə”dən irəli gəlmir. Sadəcə olaraq əhdi kəsilmiş bu siyasətçilər indi xımır-xımır yeyib kənardan seyr etməyə üstünlük verirlər. 22 ildə hanı bu siyasətçilərin yetişdirdikləri davamçıları? Hansı partiya sədri öz postundan gedirsə, elə həmin gündən də o partiya öz kliniki ölümünü yaşamağa başlayır. Belə olan halda “liderlər”in postlarını tərk etmələri əslində öz elektoratlarına bir xəyanətdir, demokratiya deyil. Onlar demoktatiyaya üstünlük versəydilər siyasi müstəvinin “şəriksiz lider”inə çevrilməz, hər kəsi və hər şeyi zamanında qiymətləndirərək gələcək siyasi strategiyanın eskizlərini yetişdirdikləri gəncliyə təqdim edərdilər. Rəhbərlik etdikləri siyasi qurumu kliniki ölümlə baş-başa qoymayan bəzi liderlərin yestləri bu baxımdan daha effektiv variantdır. Belə şeylərdən yazanda yenə də məni topa tutdular, “böylə təhqir olmaz ki, sən yazdın!?” – dedilər. Mən də cavabında ərz etdim ki, əfəndilər, axı Cümhuriyyətimizin qurucularından olan Əhməd bəy Ağaoğlunun yazdığına görə bu demokratiya deyilən zadda hər bir kəsin cəmiyyət qarşısında CAVABDEHLİK hissi, cavabdehlik məsuliyyəti var. Və belə cəmiyyətlərdə İCTİMAİ NƏZARƏT deyilən bir mexanizm hər şeydən ucada dayanır. Di gəl ki, məni topa tutanlar cavabdehlik hissini ancaq hakimiyyətdə olanlara, hakimiyyətdəkilər də müxalifətdə olanlara şamil etdilər. Taktiki gedişləri ortalığa alternativ modelin qoyulmasından deyil, haqlı-haqsız olaraq ancaq və ancaq əkc tərəfi tənqid etmək üzərində qurulan siyasi liderlərin güvəndiləri elektorat da belə olan halda seyrçi mövqedə dayanıb daha etibarlı limana çəkildi. Çoxları fərqinə varmadı ki, müxalifətçilik siyasi hakimiyyətlərə qarşı ola bilər, daha min bir zillətlə qurulan dövlətə qarşı yox! Yaxud, iqtidardakılar fərqinə varmadılar ki, cəmiyyəti sağlam müxalifətdən, siyasi institutlardan təcrid etmək, onlara qarşı cəmiyyətdə nifrət hissi formalaşdırma cəhdi demokratiyanın deyil, diktaturanın göstəriciləridir. Bu baxımdan hakimiyyətdaxili iddialı qrupların həmin kontekstdən çıxış etmələri əslində siyasi olimpin zirvəsində dayanana qarşı bir xəyanətdir ki, bundan da müəyyən tarixi məqamlarda istifadə olunur. Çox heyiflər olsun ki, əksəriyyət müxalifətçiliyi “təki mən salim olum” sevdasıyla birbaşa dövlətə qarşı çıxış etməkdə görür. Onların və xarici donor təşkilatların əl quşları rolunda çıxış edən “həsir zənbilli”lərsə ağalarına xoş gəlsin deyə beynəlxalq tədbirlərdə Azərbaycan nümayəndə heyətinin çıxışlarına sayğısızlıq nümayiş etdirmək üçün hətta ermənilərlə birgə yambız oynatmaqdan da çəkinmədilər. İqtidardakılar da müxalifəti dövlətin deyil, alınan qrantların sevdalısı tək dəyərləndirdilər. Ancaq fərqinə varılmadı ki, bu dövlətə məxsus maliyyə resurslarının xərclənməsində təkcə hakimiyyətdə olanların deyil, elə müxalifətdə olanların, həmçinin digər sosial zümrələrin də haqları, umacaqları var. Hakim siyasi elita lazım olan anda “müxalifəti yedizdirən” həmin donor təşkilatların qapısı ağzında elə özü də boyun burub, müxalifəti əzmək, öz maraqlarını təmin etmək xatirinə hakim elitanın fikirlərinin oturuşması üçün siyasi düşərgəni birqütblü etmək amacıyla bütün imkanlardan maksimum yararlanıblar. Daha fərqinə varılmayıb ki, demokratik cəmiyyətlər sağlam ideologiyaya söykənən güclü müxalifətlə güclü iqtidarın, nəzarət funksiyasını həyata keçirən azad mətbuatın, vətəndaş cəmiyyətlərinin sayəsində öz varlığını sürdürür. Bizdəsə hakimiyyət güclü sağlam ideologiyadansa güc ctrukturlarına söykənmədə, müxalifətin bir çox nümayəndələrisə dövlətin keşiyində duracaq güc ctrukturlarına xoxan donu geyindirməklə məşğul oldu. Səhərlər bir-birinin ünvanına hədyanlar yağdırılan iqtidar və müxalifət düşərgəsində olan bir çox siyasilər axşamlar “ley-pey” məclislərində çirkin siyasi oyunların qoşa zərləri kimi göründülər. Aradasa onların buyruq quluna çevrilən şəbəkələşmiş mətbuat pis kişi oldu və bütün bunlar yazıldı....Nəhayət, budur, üstündən neçə illər ötəndən sonra hətta ölkənin Birinci Şəxsi belə dilə gətirdi ki, ölkədə ictimai nəzarət gücləndirilməlidir, cavabdehlik hissinin məsuliyyəti dərk olunmalıdır. Deməli, vəziyyət heç də bizim TV-lərin və bizim müxalifətlə iqtidar ideoloqlarının təqdim etdikləri kimi deyilmiş – hətta demokratiyanın ilkin şərtləri də tapdalanırmış. Ağaclar kəsilir, torpaq zəbt olunur, qiyməti milyonlarla ölçülən villalar tikilir – di gəl ki, buna görə cavabdehlik daşıyan şəxsləri gördüm deyən tapılmır. Yanğın baş verir, pullar göyə sovrulur, insan ölümü hamını sarsıdır – ancaq hər şeyə görə avropalaşaraq “BİR PƏNCƏRƏ”dən qərar çıxaranlar sanki yoxmuşlar kimi davranırlar. Kreditorlar qismində monopolistlərin, inhisarçıların qarşısında gücü iki əliylə başına döyməyə çatan yazıqlaşmış millət olaraq indi də dərdlərimizlə baş-başayıq. Və fikirləşirəm ki, bəlkə bütün bunları düz deməmişəm. Ancaq gördüm ki, yoooox, əksinə, hər şeyi düppədüz demişəm və onu da düppədüz edirəm ki, yerdə qalan fikirlərə də sayğıyla yanaşıram....
Yenə də elə həmin bugünkü təzə eraya qədəm qoyarkən dinc durmayıb yazmışdım ki,hakimiyyətə iddialı olan qruplar, lap elə hakimiyyətdə olan qruplar da yaxın gələcəkdə elə öz iddialarının qurbanı olacaqlar. Onda da məni xeyirsöyləməz kimi dəyərləndirdilər. Zamansa öz sözünü dedi və deməkdədir. Ötən müddət ərzində hər zaman özünü olduğundan qat-qat artıq göstərməyə çalışan bəzi müxalif qüvvələrin yarpaqtökümünə, həmçinin hakimiyyətdaxili qrupların bir-birinə əzələ nümayişinə nəzər salanda da bunun şahidi oluruq. Bu gün Azərbaycanda müxalif qüvvə yox dərəcəsindədir, ancaq bir loxma çörəyə möhtac edilən, ürəyi də əlləri tək qabarlı olan zəhmətkeş kütlə var. Kütlənin iddiaları da onların mədələrinə gedən yolda hakimiyyət tərəfindən əridilərək yox edilir. Müxalifətçi kimi təqdim olunanların çoxu siyasi personaylar tək hakimiyyətin cızdığı ssenari ilə səhnəyə çıxarılır. Fiqurlarla oynayan hakimiyyət, əli yalın qalansa xalqdır. Müxalifətçi adlanan fiqurların əksəriyyəti öz elektoratlarına ya sahib çıxa bilmədilər, ya da sadəcə olaraq hakimiyyətin havası altında günləri “kreslosuz, masasız puç oldu”. İqtidarda təmsil oluna-oluna hakimiyyətin siyasətilə yanaşı özünün gizli oxlarına söykənərək siyasət yürüdən YAP-çı çinovniklərə ölkə başçısının dəfələrlə xəbərdarlıq etməsi də deyilənləri təsdiqləyir. Dövlətin Birinci Şəxsi “xalqın birinci xidmətçisi mən özüməm” deyə açıqca bəyanat verirsə, deməli bu, həm də o deməkdir ki, xalqa qarşı qəddar, qaniçən mövqedə dayananlar da var. Və həmin qaniçənlər dövlət-vətəndaş münasibətlərinin kəskinləşməsində, ölkəiçi situasiyanın süni şəkildə gərginləşməsində hər zaman katalizator rolu oynayan gizli şəbəkədir. Və bu şəbəkə xarici banklardan götürdükləri paraları lüzumsuz yerlərə xərcləməklə körpələrin də borc içərisində doğulmalarını cəmiyyətimizə ərməğan etdilər, hər iki düşərgədə olan gizli şəbəkə yetkililəri də buna “ləbbeyk” dedilər. Fikirləşirdim ki, bəlkə düz deməmişəm. Ancaq gördüm ki, yoooox, əksinə, hər şeyi düppədüz demişəm və onu da düppədüz edirəm ki, yerdə qalan fikirlərə də sayğıyla yanaşıram....
Daha banklar da kredit vermirlər ki, gedib pul götürüb Molla Müctəbaya dəyərdim. Kitab açdırardım, görüm bütün bunlar axı nə olan şeylərdir ki, biz bir millət olaraq öz qənaətlərimizdə ya zamanı qabaqlayırıq, ya da zamanı ötəndən sonra çabalayırıq....
İGİD TEYMURLU