Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

GERÇƏK İSLAM VƏ XORTDAN, XOXAN OBRAZI

 

“YA ŞEYX”, BƏLKƏ BU BARƏDƏ SİZ DEYƏSİNİZ

 

Salam olsun Sizlərə, “YA ŞEYX”! Allahu-Təala oruc, namazlarınızı, etdiyiniz duaları da qəbul etsin! Bu mübarək Ramazan ayında cəmi müsəlman bacı və qardaşlarımıza İlahi Əmrlərin yerinə yetirilməsində onlara güc və qüvvət  naminə Uca Yaradandan ən xoş arzularımı diləyir və “YA ALLAH!” deyərək aşağıdakıları ərz edirəm.

“YA ŞEYX”, siz buyurursunuz ki, müsəlman qadının başından çarşabı əskik olmasın gərək. Zatən biz də belə qəbul edirik. Ancaq di gəl ki, bu ayinədə bizim cəmiyyətimiz nədənsə bir az əyri görsənir axı. Sizin dediyiniz və bizim də qəbul etdiklərimiz bu gün bizim qəbul etmədiyimizlə sizin də demədiyiniz sözlərin ağuşunda xoşhallanıb qalıb. Uzağa getməyək, elə Bakını götürək. Dünyada nə qədər müsəlman təriqəti deyirsən, hamısı axışıb gəlib Bakıya. Əcəb eləyirlər, tolerant ölkəyik də, qoy gəlsinlər. Şəxsən mən təriqətçiliyi qəbul etməsəm də, ancaq o kəslər ki, islamın təməl prinsiplərini qəbul etməklə məntiqə söykənən davranışlar nümayiş etdirir, bax elələrini din bacı və qardaşlarım tək qəbul edirəm. Zatən sizin də dəfələrlə vurğuladığınız kimi müsəlmançılığı təriqətlərə bölmək həm Peyğəmbər (s.a.s), həm də Onun Səhabələri tərəfindən qəti şəkildə rədd edilib. Ancaq nədənsə özünü Əli (r.a), Əbu Bəkr (r.a), Ömər (r.a), Osman(r.a) “tərəfdarları” kimi göstərənlər öz “həqiqətləri”nə söykənən iddialarını nəyin bahasına olursa-olsun, cəmiyyətin beyninə yeritmək istəyirlər. Adları hallanan Səhabələrin sevdiklərini onların “tərəfdarları” əstəğfürullah, az qala lənətləmək həddinə qədər bir səviyyədə pisləyirlər. Dini inanclara olan sayğısızlıqla nümayiş etdirilən belə rəzalətin qarşılığında əsil həqiqəti söyləyə biləcək və bunu sübut edə biləcək din alimimiz yoxmu? Deyin həqiqətləri və sübut edin, biz də bilək. Susmaqla islamı parçalayıb təfriqəçiliyi inkişaf etdirməyin! AXI MƏNTİQLƏ BU, BELƏ OLMAMALIDIR! BƏS ONDA BAŞ VERƏNLƏR NƏ OLAN ŞEYDİR, “YA ŞEYX”, BƏLKƏ SİZ DEYƏSİNİZ!?

Peyğəmbər (s.a.s) tərəfindən gözəl adlarla mükafatlandırılan və sağlıqlarında Cənnətlə müydələnən Kəslər barədə yağdırılan hədyanları əgər mən eşidirimsə, heç şübhəsiz ki, Siz də eşidirsiniz. Çünki, Sizin də mənim kimi iki qulağınız var və əlhəmdülillah, yəqin ki, qulaq sağlamlığınız da cappacaq yerində olar. Bizim kimilər maddi durumun çətinliyindən  həkim yoxlanışından keçməkdən ötəri banklara müraciət edib kreditə girirlər və onu da “devolvasiya” deyilən şoğərib  zəhərə döndərib “verəcəksən kasıb oğlu” deməklə insanları intihara sövq edir. Şükürlər olsun ki, elə Sizlərin də timsalınızda səlahiyyət sahiblərimiz  belə “devolvasiyalar”ın  və bu şoğəriblərin təhdidlərindən  uzaqdasınız. Bəli, adam çox pul alanda çox da xərcləyir. Nə sirri-xudadır ki, səlahiyyət sahibləri biçarə fəhlə qədər əmək haqqı almaya-almaya heç  banklara da borclu deyillər. Sizlər yorğanınıza görə ayaqlarınızı uzadırsınız. Kasıbın da yorğanı olmadığından elə hara gəldi tir-şap uzanır, hansı bank gəldi, neçə faizlə pulu sırıdı fərqinə varmadan sabaha çıxmaq üçün bu gününü bir təhər yola verir. Ödəniş vaxtı gələndə də qalır lüt ətcəbala. Səlahiyyət sahiblərimiz də çöldə qalan həmin yalın ayaqları  görməz olurlar. Ancaq qonşusu ac ikən yeyib-içməni özlərinə haram sanan Peyğəmbər (s.a.s) və onun Səhabələri öz əbalarıyla yalın ayaqların üstünü örtmüşlər, “ya Şeyx”! Özlərini həmin kəslərin aşiqləri, davamçıları tək təqdim edən bugünkü molla tayfasının oxuduqları moizələrdəsə bambaşqa ruh var. Balaca komasının kandarında asılan pərdəni belə dünya malı kimi dəyərləndirərək Allaha sığınan, haqqın yolunda cusmağı bizlərə haram buyuran,  bütün malını-mülkünü islam yolunda qoyaraq Peyğəmbərə(s.a.s) sadiqliyini əməliylə sübut edərək Ondan Ad alan Səhabələrdən gətirilən hədislərlə bizə islamı təbliğ edənlərin davranışları arasında böyük təzad var. Biz Onların da qəbul etdikləri  Haqq Yoluyla getmirikmi, gediriksə onda ətrafımızda baş verənlərə laqeydlik, hər bir kəsin öz “həqiqəti” uğrunda çarpışmağı  nə deməkdir? AXI MƏNTİQLƏ BU, BELƏ OLMAMALIDIR! BƏS ONDA BAŞ VERƏNLƏR NƏ OLAN ŞEYDİR, “YA ŞEYX”, BƏLKƏ SİZ DEYƏSİNİZ!?

“YA ŞEYX”, Siz buyurursunuz ki, (daha doğrusu, buyurulur) hər bir müsəlman kişinin saqqal qoyması bir fərzdir və hər bir qadının da bürünməsi İlahi Əmrdir. Zatən biz də belə qəbul edirik. Ancaq nədənsə elə bir müddət öncə “müğənni” kimi təqdim olunan bir qisim varlıqlar bizdən olmayan həmcinsləriylə birgə “kim daha seksualdır?” –deyə tok-şoular düzənləyəndə, homoseksualizmi antitəbliğat formasında təqdim etməklə əslində birbaşa bu gerizəkalılığı, Lut Peyğəmbərin qövmünə məxsus yaşam tərzi təbliğ ediləndə, siyasi, iqtisadi, maliyyə fahişəliyinə göz yummaq tendensiyası ilə baş verənlərə münasibət göstəriləndə nədən xaricdən “idxal olunan” “din bilicilərimiz”in səsləri eşidilməz oldu və indi də eşidilmir? Axı göz önündə tapdalanan haqlar var. Mahiyyətində bir feyz görməsəm də, qırxılan və ələ salınan saqqallara görə çəçə çalındı, hicablıların ünvanına min cür hədyanlar yağdırıldı, texnoloyi imkanlardan istifadəni ailə tərbiyəsinə uyğun olaraq əxlaqsızlıq səviyyəsinə endirənlər  montayları “reallıq” kimi təqdim etdilər və etməkdədilər də. Di gəl ki, bütün bunları seyr edən “din biliciləri”nin mövqeyi yenə də görünməz olub. Bu, heç də dinin dövlətin işinə qarışması deyil və qarışmamalıdır da. Ancaq üzərinə düşən vəzifəni yerinə yetirməməyə don geyindirmək dolayısı yolla müəyyən qarşıdurmaya edilən cəhddən başqa bir şey deyil. İslamsa qarşıdurmaların deyil, sülhün, əmin-amanlığın  tərəfdarıdır.  Cəhaləti yaşam tərzinə çevirənlər qalsın bir yana, özünü ziyalı sayanlarımız belə saqqaldan, çarşabdan qorxduqlarını, onları “xortdan, xoxan” , “terrorist” kimi dəyərləndirmələrini  günün reallığı kimi təqdim edirlər.  Təqdim olunan “”xortdan, xoxan, terrorist”dən qaçmaq günün tələbidirsə və bu, “gerçəklikdir”sə, onda  nədən QMİ-nin yetkililəri xalqın cəhalət yuxusundan ayılması və qurtulması üçün bir iş görmür? HANI Sizlərin bu istiqamətdə aparmalı olduğunuz maarifləndirmə işləri? HANI Sizlərin səviyyəsiz şou proqramlarında “ekspert”lik edənlərinizin cavab haqqı? Xristian dünyasını mən bir yana qoyuram, “islam inanclı” müasir gəncliyin beyninə islam “terrorist yetişdirən”, “əxlaqsızlığı hicabla pərdələyən”  din kimi yeridilib. İslama nifrət formalaşdırma meyllərinə haqq qazandırma özünü dindar saysa da, əslində dindən xəbəri olmayanların əllərində bir vasitəyə çevrilib. Məclisə aş gələndə “birinciliyi” az qala İlahi buyruq kimi sırımağa çalışan molla tayfasının  bütün bunlara münasibətdə susqunluq nümayiş etdirməsi hansı inancın mahiyyətindən doğur, “ya Şeyx”? AXI MƏNTİQLƏ BU, BELƏ OLMAMALIDIR! BƏS ONDA BAŞ VERƏNLƏR NƏ OLAN ŞEYDİR, “YA ŞEYX”, BƏLKƏ SİZ DEYƏSİNİZ!?

“YA ŞEYX”, Sizin Qazilər Şurasının üzvləri də mahiyyət etibarilə mənəviyyatımızın öləziməsinə hesablanmış verilişlərin “ekspertləri” qismində artıq teleulduzlara çevriliblər.  Hətta bir çox hallarda özlərini xeyirxah əməl sahibi, mesenant kimi də göstərirlər. Bir müsəlmanın başqa bir müsəlmana həyan olması, ona əl tutması həm də dinimizin özəl sandığımız keyfiyyətlərindəndir. Bunu biz belə dəyərləndiririk, əslində bu, insanlığın mahiyyətindən doğan nəsnələrdir.  Ona qalsa təkcə Ronaldonun harada bir əzilən, harada bir ac müsəlman varsa, ona əl tutması cəm halda bəlkə də  QMİ-nin tarixi boyu etdiklərindən belə çoxdur. Əl tutmaq ümumiyyətlə insani keyfiyyətdir və buna müsəlmanlar daha çox əməl edirlərsə, xub, çox gözəl. Alqışlanasıdır. Ancaq fərq ondadır ki, Ronaldo alın təriylə qazandığı pulları kasıb-kusuba paylayır, bizim mollalarımız isə  cəhalət dövründən qalma metodlarla, milləti aldadıb aldıqları pulla aldadıcı yestlər edirlər. Maarifləndirmə işinin aparılması fonunda  QMİ-nin təşəbbüskarlığı ilə bağlı hələ ki, bir şeyin şahidi olmamışıq. Bəlkə din adından çıxış edən bir qisim Şeyx Nəsrullahlara millətin çox şeydən hali olması sərf eləmir. Gör nə gündəyik ki, hansısa İbrahim Nehrəmli kimi “hacı”larımız “ağa, vallah içəcəyəm”  ifadəsini həcc səfərində belə dilinə gətirməkdən həzz aldığını qürurla söyləyir və ona nifrət bəsləyənlər də QMİ sədrindən bu kateqoriyadan olan Kefli İcgəndərlərdən “hacı” titulunun alınmasını təvəqqe edirlər. Aha, deyəsən Azərbaycansayağı dini təbliğ mexanizmi peyda olub – Cənnətə indulgensiya qəbzləri paylanacaq. Budur da Sizin ölkə müsəlmanlarına aşıladığınız dini səviyyə. Təriqətçilikdən özünə don geyinməklə Saqqala güvənərək özlərini Qazı adlandıranların bütün günahları Yamağın üstünə atmaları həm də “sərçə nədir ki, bozbaşı da nə ola!?” həqiqətini ortalığa qoyur.  AXI MƏNTİQLƏ BU, BELƏ OLMAMALIDIR! BƏS ONDA BAŞ VERƏNLƏR NƏ OLAN ŞEYDİR, “YA ŞEYX”, BƏLKƏ SİZ DEYƏSİNİZ!?

“YA ŞEYX”,  Azərbaycanda kiminsə öz halal puluyla həccə getməsi haqda fikir yürüdə bilməsəm də, ancaq doğrusunu Allah bilir.  Çünki bizim halal əmək haqqımız, halal müavinətlərimiz ancaq bu sətirləri yazmaq üçün kağız-qələm almağa yetə, ya da yetməyə. Hələ bir qaldı həcc ziyarətindən dəm vurmaq. Axı bizim mollalar oturub kiminsə ölməsini gözləyirlər ki, bir az çörək pulu qazana bilsinlər. Başqa yerdən gəlirləri olmayan azəri mollasının haradasa oxuduğu mühazirədən pul qazanma ehtimalından danışmaq da bir xülyadır. Çünki özləri Qumda, Ərəbistanda, Türkiyədə təhsil alıb  qayıdandan sonra da bir növ həmin ölkələrin Azərbaycanda səlahiyyətli nümayəndələri kimi davranır və qayıdışlarıyla bu məmləkətdə “sünnilik”, “şiəlik”, “vəhabilik”,  “nusayrilik” formatında olan təfriqəçiliyin təbliğatçılarına çevrilirlər. Yerdə qalan cəhalətin bətnindən çıxan mollalar da həmin oxumuşların əlində bir vasitəyə çevrilməklə biçarə milləti dartan-yırtan əlində qoyub hər biri öz ünvanınca həcc ziyarətlərinə tədarüklə məşğul olurlar. Məmur büdcəni talan etməklə, millət vəkili zillət vəkili statusunda davranaraq haqqa göz yummaq, əldə fürsət varkən nəsil-nəcabətinə “əl əli yuyar, əl də üzü” prinsipini rəhbər tutaraq gün ağlamaqla, dilənçi kökünə salınmış müəllimlər “şüşə pulu”, “fond pulu”, nə bilim nə puluyla, həkimlər yalandan kəsib doğramaqla, sürücülər bir-birinin haqqını tapdaladıqlarına görə yol boyu qeybət edib söyüş söyməklə, bələdiyyələr torpaq satmaqla, icra strukturları haqq qoymaq, haqq ödəməklə, satıcı çəkidə aldatmaqla, alıcı da ah-vayla  pul qazanır və....və  beləcə könülləri qıra-qıra bunlar da həccə gedirlər. Həcc zamanı Şeytana atılan daşları heç Şeytanın başına dəyməmiş paketləyərək bizim hacılara catmaqla milyardlar qazanan Səud övladları da bu pulları islamiyyətin qəsdinə dayanan avropalı madmuazellərin göbəklərinin üstünə tolazlayırlar. Kərbəla ziyarətindən əldə olunan milyardların hesabına bədəvi ərəblər imam Hüseynə (ə) məqbərə yapdıraraq Onun bütün bəşəriyyətə örnək olacaq Mübarizəsinin, Mücadiləsinin  fəlsəfəsini dünyaya çatdırmağa çalışan o dövlətin ərazisində yaşayan türklərin haqlarını “uf” belə demədən tapdalayırlar. Məşhədə ziyarəti möhür və təsbeh, səccadə ticarətinə çevirən farslar da  bizim ziyarətlərimizdən qazandıqları  milyardların hesabına öz müsəlman qardaşını qanına qəltan edən erməniylə birgə iş yapmaqdan həzz alırlar. Kredit içində boğulan millətin və dövlətin  beləcə “hacı istehsalı”na girişməsi və belə “hacılığa” gəl-gəl demək  inanmıram ki, Allah qatında bəyənilə. AXI MƏNTİQLƏ BU, BELƏ OLMAMALIDIR! BƏS ONDA BAŞ VERƏNLƏR NƏ OLAN ŞEYDİR, “YA ŞEYX”, BƏLKƏ SİZ DEYƏSİNİZ!?...

 

Qərəz, bütün bunlarla bağlı hələ çox deyəcəklərimiz var. Ancaq indi deməyim odur ki, yenə də salam olsun Uca Yaradana! Yaradan bizləri Varlığın ən fəzilətlisi kimi yaratsa belə Bizlər hələ də Onun Adəm övladına göndərdiyi İlahi Əmrlərin mahiyyətini yetərincə dərk etməmişik. Dağa, daşa düşməyək, dərk etsəydik, mən də təqdim olunan formatda hörmətli Şeyximizə “YA” deyə müraciət etməzdim. Axı hər şeyə Qadir Olan və insana hər şeyi verən də, alan da Odur...

 

 

 İGİD TEYMURLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam