Redaktor seçimi
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Deputatlığa namizəd Məşhur Məmmədovun Nyu-Yorkda milyonluq villası:
"Retro” istirahət mərkəzi, şadlıq evləri, avtomobil biznesi... -
Günün xəbəri

TOYUQ QAQQILTISI

 

   VƏ QAQQILTI FONUNDA VƏTƏNDAŞ İTAƏTSİZLİYİNƏ SÜRÜKLƏMƏ CƏHDİ

 

“Xeberinfo.com”: Millətin bir loxma çörəyə möhtac edilməsi bütün zaman kəsiyində avtoritar reyimlərdə cəmiyyəti idarəetmənin əsas üsullarından biri olub. Belə miskin varianta əl atılması həm rejimin, həm də cəmiyyətin çarəsizliyinin görüntüsüdür.  Bəs bu çarəsizlik cəmiyyətə kimlər tərəfindən təqdim edilir?

Elə ilk olaraq ən yuxarı instansiyaların özləri  tərəfindən. Əgər belə olmasaydı, milli valyutamızın dəyərsizləşdirilməsinə olan münasibət ən azından yaxın keçmişdə toyuq yumurtasının qalxan qiymətinə göstərilən təpkidən sərt olmalı idi. Ancaq bu, olmadı. O zaman qaqqıldaşan toyuqlar doğduqları yumurtanı mazata mindirə bilmədilər, əvəzindəsə deyəsən onların hay-küyləri dövlətçiliyimizə diş qıcayanları start xəttinə gətirdi. Nəticə də göz önündə. Altı milyondan yuxarı vətəndaşının kreditor qismində can verməkdə olduğu bir məmləkətin baş bankirinin oğlunun ikiyüzotuzmin dollarlıq saatla sosial şəbəkələrdə seyrəngaha çıxması avtoritarizmin əlaməti deyil, bəs nədir?! 

Ayrı-ayrı siyasi düşərgələrdə dayanan qüvvələrin aparıcı fiqurlarının cəmiyyətə yönəli mesajlarında bu, apaydın özünü büruzə verir. Həmin qüvvələrin görünməz çubuqlarıyla idarə olunan şəbəkələşmiş kütləvi informasiya vasitələrisə qulbeçə qismində səhnəyə çıxarılır.

İlk baxışdan insani münasibət, humanitar jest kimi qiymətləndirilən yardımlaşma bizim cəmiyyətdə sonuc etibarilə ələbaxımlılığın milli formatından başqa bir şey deyil. Sual olunur? Nədən vətəndaş üzləşdiyi hansısa problemin həlliylə bağlı aidiyyatı orqanlara müraciət etmir, əvəzindəsə hansısa telekanala gəlib ağlayıb- sızlayır? Ölkə prezidenti dəfələrlə “xalqımın birinci xidmətçisi mən özüməm”-deyə vurğulasa da, aidiyyatı orqanlardakı məmurlar özlərini dövrün Xudayar bəyləri kimi aparırlar. O səbəbdən də biçarə vətəndaşlar Xudayar bəylərin təhdidlərindən, süründürməçilikdən çəkinirlər və üz tuturlar televiziyalara.

 Məntiq nə deyir? Məntiq qardaş onu deyir və soruşur ki, ay millət, vətəndaş-məmur münasibətindəki belə məqamlar dolayısı yolla idarəetmədə hakimiyyətsizliyin hökm sürməsiylə bağlı  cəmiyyətə ünvanlanan mesaj deyil, bəs nədir?!

Əgər belə olmasaydı, onda problemlərin həllinə birbaşa cavabdehlik daşıyan harınlamış məmur tayfasından kimsə haqq-hesab tələb edərdi. Biri elə Elman Rüstəmovdan. Soruşmaq lazımdır ki, qardaş “bir il müddətində manatın məzənnəsi dəyişməyəcək” –deyə biçarə kreditorun başının altına daşdan, ...bəli, daşdan yastıq qoyandan sonra hansı toyuğun qaqqıltısı səni diksindirdi? Bunun haqq-hesabı niyə baş bankirdən soruşulmur? Sosiologiyada millətin səbir kasasını daşdırmaq (bunu da bizim bankirlər, nazirlər, geydirmə qanun qəbul edən “deputatxana” işçiləri) həm də vətəndaş itaətsizliyinə sürükləməyin  bir vasitəsi deyi, bəs nədir?!

Dərd burasındadır ki, artıq vətəndaşın özü də belə haqq-hesabların marağında deyil. Elə bu səbəbdən də həmin vətəndaş bir telekanala çıxıb əl açır və hansısa hacı, hansısa bacı (o ayrı bir mövzunun söhbətidir ki, görən bu hacılar, bu bacılar özləri hansı zavodun, hansı fabrikin sahibləridilər ki, çatan-çatana pul paylayırlar. Yeri gəlmişkən, bir müddət öncə haqqında informasiya gedən Salyanlı mollanın evindən 100 min dollar oğurlamışdılar!!!!! – deyəsən mollalara o biri dünyadan “qrev” gəlir) “Allah rizası üçün” ona yardım edir. Elə isə Allah rizası üçün deyin görək haradadır mənim dövlətimimn “50 milyard dollar”ı? Kimlərin ehtiyacı üçün yığılır bu pullar? Dediyiniz gələcək nəsillər bugünkü xəstə bətndən necə doğulacaq? “50 milyard dolları” olan məmləkətin ömrünün 50 ilini neft sənayesinə qurban verən neftçisinə 180 manat əmək müavinəti təyin etməsinə nə ad vermək olar? Rəhmətlik Yaşar Nuri demişkən, bunların bir adı var – “qrabitel”. Belə qanun qəbul edənlərin yambızları, dövlətə 50 milyardı qazandıran fəhləninsə əlləri qabardı. Əlləri qabar olmayan “deputatxana” işçilərinin belə tərzdə yambız oynatmaları – ictimai narazılığın formalaşdırılmasına yönəli “boşluqlar”la dolu qanun qəbul etmələri avtoritarizmi təqdim edən qənaət deyil, bəs nədir?!...    

Nələr baş verdiyini düşünəndə sadə həqiqətlərlə qarşılaşırsan. Həqiqətlərə icraçıların addımları kontekstində baxsaq, onda belə bir qənaət hasil olur – bu adamlar ölkə boyu vətəndaş-dövlət qarşıdurmasıyla bağlı mesajlar göndərməkdədirlər. Mesajlar həm də onların qulbeçələrinə çevrilərək qarınqulu olan telekanallarla yayımlanmaqdadır. Bu qarınqulular da öz növbələrində millətin başını cürbəcür səviyyəsiz verilişlərlə qatmaqla  əsas problemləri bir yana qoyub dua-piti eləyənlərlə cadugərləri, lüt-üryan olmuşlarla qırmızı fanarlı Hollandiya küçələrində dolaşmaq həsrətilə inləyən “ərlər”in açıqlamalarını cəmiyyətə nicat yolu kimi göstərirlər. Qazanc buradadır – deyirlər. Millətə dərdlərinə qol götürüb oynamaqla şadlığına şıllaq atmamağın televiziya, bir az da dərinə getsək KİB, KİF variantını təqdim edirlər. Beləcə vətəndaşın istəkləri çürüməkdə, yuxarı təbəqənin yetkililərisə yeyib-içməkdə, talançılıq missiyasının ömrü də uzanmaqda....Bu yerdə adamın bir balaca mətləbdən uzaqlaşsaq da, Əflatun Amaşovla Nuşirəvan Məhərrəmli eşqinə “bir tuş” deməyi gəlir. Mesajları göndərənsə problemlə üzləşən fərdlər və onlara yardımda bulunan vətəndaşlar, problemin həllinə cavabdeh olan dövlət təşkilatları, eləcə də onların işinə nəzarət etməli olan ən yuxarı instansiyalardır. Yanmaqda olan ocağın tüstüsü göz çıxarır.   Yuxarıda vurğulanan yardımlaşma bir tərəfdən hansısa vətəndaşın üzünü güldürürsə, digər bir tərəfdən də millətin dövlətə olan güvəncini sarsıdır. Bu hal bütövlükdə cəmiyyətin çarəsizlik sindromundan əziyyət çəkməsi deyil, bəs nədir?!...

P.S. Toyuq qaqqıltısı yumurtaya görəymiş, cən demə əsas məsələ yumurtanı kimin çırpışdıracağı  məsələsi imiş, ocağı tüstülədənlər də öz işlərində...

 

İGİD TEYMURLU

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam