“The London Post”: -“Azərbaycanın Qarabağ bölgəsinin mədəniyyət beşiyi ardıcıl təxribatlarla üz-üzə”
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun İngiltərənin “The London Post” nəşrində yeni məqaləsi dərc edilib.
Yenixeber.org: “Azərbaycanın Qarabağ bölgəsinin mədəniyyət beşiyi ardıcıl təxribatlarla üz-üzə” sərlövhəli yazıda Şuşada erməni təxribatlarından bəhs olunur.
Məqaləni təqdim edirik.
1988-1994-cü illərdə Azərbaycana qarşı aparılan müharibə nəticəsində ərazisinin iyirmi faizi qonşu Ermənistanın nəzarəti altına keçdi. İşğal olunmuş ərazilər arasında Dağlıq Qarabağ bölgəsi ilə yanaşı bütün dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana məxsus ərazi kimi tanınan yeddi qonşu rayon da var. Bu diyarın hər qarışı gec-tez oraları azad etməyə and içən əksər azərbaycanlılar tərəfindən müqəddəs sayılır. Təqdim etdiyimiz məqalədə işğal altındakı ərazilərin yalnız bir hissəsinin – Şuşa şəhərinin əhəmiyyətindən bəhs olunacaq.
Şuşa 1752-ci ildə Qarabağ xanlığının ilk hökmdarı Pənahəli xan tərəfindən düşmən hücumlarının qarşısını almaq üçün bir qala kimi qurulmuşdu. Bu yer bölgənin coğrafi mövqeyinə görə 1300-1600 metr yüksəkliyində seçilmişdi, düşmən hücumları üçün əlçatmaz olan sərt qayalarla əhatə olunmuşdu.
Əvvəllər Pənahəli xan tərəfindən salındığına görə Pənahabad kimi tanınan şəhər onun oğlu İbrahim xanın dövründə Fars imperiyasının hökmdarı Məhəmməd şahın etdiyi hücumlardan sonra müasir adını aldı. Rəvayətə görə, Şah bir gün İbrahim xana şeirlə məktub yazır: “Allah göydən başına daş tökərsə, bu şüşə qalada necə oturmaq olar?” Xanın cavabı belə olur: “Bilirəm ki, Allah məni bu pəncərədə belə qoruyacaq”. Sakinlərinin xüsusi fədakarlığı ilə yanaşı, coğrafi möqveyi sayəsində şəhər Şahın mühasirəsini dəf edə bilir. Bundan sonra həmin şəhər Azərbaycan dilində “şüşə” mənasını verən “Şuşa” kimi tanınır.
Şəhər sonrakı illərdə xüsusilə mədəniyyət sahəsində ciddi irəliləyişlər əldə edir. Zaman-zaman “Qafqazın Konservatoriyası” adlandırılan Şuşa bir çox məşhur sənətkarlar, musiqiçi və şairlər yetişdirib. Məsələn, Azərbaycanın klassik musiqinin banisi və İslam dünyasında ilk operanın bəstəkarı Üzeyir Hacıbəyov Şuşada anadan olub, boya-başa çatıb.
Bu şəhər Azərbaycanın məşhur tenoru Bülbülün, 19-cu əsr Azərbaycan şairi Xurşid Banu Natəvanın doğulduğu yerdir. 18-ci əsr Azərbaycan poeziyasında realist cərəyanın banisi Molla Pənah Vaqif Şuşada anadan olub və bütün ömrünü bu şəhərdə yaşayaraq keçirib. Şəhərin Azərbaycan mədəniyyətinə verdiyi töhfələr arasında 20-ci əsrdə məşhur dirijor Niyazi və Seyid və Xan Şuşinski kimi müğənnilər də var.
Tarix boyu şəhərdə əsasən azərbaycanlılar məskunlaşıb. 1989-cu ildə Şuşada 20.579 nəfər azərbaycanlı, 1.377 etnik erməni yaşayırdı. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı müharibəsi zamanı şəhər 8 may 1992-ci ildə ermənilərin əlinə keçdi. Şuşanın işğalı nəticəsində 480 mülki şəxs ölüb, 600 nəfər yaralanıb, 22000 nəfər didərgin düşüb. Ermənilər tərəfindən girov götürülən 68 nəfərin taleyi barədə isə heç bir məlumat yoxdur.
İşğal Şuşanın yüksəlişinə son qoydu və ermənilər şəhərdən azərbaycanlıların izini silmək, onun mədəni dəyərlərini məhv etmək və ya mənimsəmək prosesinə girişdilər. Rəsmi məlumatlara görə, Xan mağarası, Qaxal mağarası və Şuşa qalası da daxil olmaqla 279 dini, tarixi və mədəni abidə dağıdıldı.
Şuşadakı azərbaycanlılara məxsus mədəniyyət abidələrinə qarşı edilən belə təxribat aktlarından biri bu yaxınlarda 1883-84-cü illərdə Pənahəli xanın qızı Gövhər Ağanın tikdirdiyi Yuxarı Gövhər ağa məscidi üzərində baş verdi. “Bərpa” adı altında ermənilər abidənin tarixi və mədəni əhəmiyyətini dəyişdirməyə çalışdılar və onu “fars mədəniyyət mərkəzi” kimi təqdim etdilər. Azərbaycanlılar İran şirkətlərinin bu prosesə cəlb edilməsinə xüsusilə qəzəbləndilər, bunu Azərbaycan və İran arasında bağlanmış müqavilələrin kobud şəkildə pozulması adlandırdılar.
Şuşa şəhərinin azərbaycanlılar üçün müstəsna mənəvi əhəmiyyətini bilən ermənilər şəhərlə bağlı ardıcıl təxribat xarakterli hərəkətlər edirlər. Son bir neçə ay ərzində ən azı iki dəfə şəhər belə təxribatlara məruz qalıb. Birincisi, mayın 21-də Şuşada Dağlıq Qarabağ bölgəsinin işğalçı rejiminin “yeni seçilmiş” lideri üçün “andiçmə mərasimi” keçirildi.
Azərbaycanın millət vəkili, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev “Ermənistan siyasi rəhbərliyinin iştirakı ilə bu təxribatın işğal olunmuş Şuşa şəhərində “Azərbaycan” kinoteatrının binasında təşkil olunduğunu” bildirib. Avqustun əvvəlində iki ölkənin dövlət sərhədində Ermənistan və Azərbaycan Silahlı Qüvvələri arasında toqquşmalardan bir neçə həftə sonra ermənilər Şuşanın azərbaycanlılar üçün mənəvi dəyərindən istifadə edərək daha bir təxribat törətdilər. Dağlıq Qarabağ separatçı rejiminin rəhbəri bölgənin “paytaxtı”nı və yerli “dövlət quruluşlarını” Xankəndidən Şuşaya köçürmək niyyətini açıqladı. Buna reaksiya verən Azərbaycan Xarici İşlər Nazirliyi “Ermənistan öz qanunsuz hərəkətləri və təxribatçı ifadələri ilə beynəlxalq birliyin və hər şeydən əvvəl Azərbaycan dövlətinin və cəmiyyətinin səbrini sınamamalıdır”, – bəyanatını verdi.
Həqiqətən də, sülh danışıqlarının mövcud formatının iflasa uğraması və iyulda münaqişənin gərginləşməsinin narahatedici səviyyədə artması fonunda bu cür təxribatların davamı yaxın gələcəkdə münaqişənin daha da intensivləşdirilməsinə gətirib çıxara bilər. Ermənistanın Azərbaycana hücumları fonunda Rusiyanın onu silahlandıraraq tərəfsizlikdən uzaqlaşması və bölgənin geosiyasi xəritəsindəki yeni dinamikaların yaşanması növbəti hərbi eskalasiyanın lokal münaqişələrlə məhdudlaşmayacağını göstərir. Buna görə beynəlxalq ictimaiyyətin, o cümlədən BMT və ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsinə diqqət yetirməsi və regionda sülhün bərqərar olmasına konkret töhfə verməsi son dərəcə vacibdir.
Ovqat.com