Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Ceyhun Bayramov :təhsillə bağlı yenilikləri açıqladı

 

Nazir ölkənin təhsil sahəsində  nəzərdə tutulan bir çox layihələrin anonsunu verdi...

Yenixeber.org: Yanvarın 27-də təhsil naziri Ceyhun Bayramov 2019-cu ilin yekunlarına və 2020-ci ilin hədəflərinə həsr edilən mətbuat konfransı keçirib.

“Yeni Müsavat” xəbər verir ki, mətbuat konfransında təhsil naziri Ceyhun Bayramov ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların təhsil sektoruna da müsbət təsir göstərdiyini, son illər təhsil üzrə strategiya və proqramların qəbul edildiyini, təhsilin inkişafının dövlət siyasətində əsas prioritetlərdən biri olduğunu qeyd edib.

Təhsil naziri diqqətə çatdırıb ki, ümumtəhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb:

 “2019-cu ildə 84 yeni məktəb binası tikilib və əsaslı təmir olunub. Bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusi qeyd etməliyik. Ötən il fondun təşəbbüsü ilə onlarla məktəb tikilib və təmir edilib. Bununla da ötən ildə 100-ə yaxın məktəb istifadəyə verilib”.

Ceyhun Bayramov vurğulayıb ki, 2020-ci ildə də yeni məktəb binalarının tikintisi və təmiri davam etdiriləcək.

Məktəblərdə şagirdlərin sıxlığı məsələsinə toxunan təhsil naziri məlumat verib ki, nazirlik bununla bağlı ciddi addımlar atıb, məsələ 2020-ci ildə də diqqət mərkəzində saxlanılacaq.

Nazir vurğulayıb ki, ölkədə 4500-ə yaxın məktəb var. Bu məktəblərin də 50 faizində şagird sayı 200 və ondan aşağıdır:

“Hər il əhalinin sayı 100 min nəfər artır. Orta hesabla şagirdlərin sayı da hər il təxminən 50 min nəfər artır. Şagird sıxlığı Təhsil Nazirliyinin diqqət mərkəzindədir. Bu istiqamətdə işlərin sürətləndirilməsi ilə bağlı ölkə başçısının tapşırığı var. Mövcud problemin aradan qaldırılması tək Təhsil Nazirliyi tərəfindən həll oluna bilməz. Digər aidiyyəti dövlət qurumları da bu işə qoşulmalıdır”.

Bayramov qeyd edib ki, ötən il məsələnin həlli istiqamətində nazirlikdə bir neçə iclas keçirilib və qərara alınıb ki, Bakının Xəzər rayonunun Binə qəsəbəsində, Kənd Binəqədi, Sulutəpə, Xırdalan, Masazır və Saray qəsəbəsində ilk olaraq şagird sıxlığı həllini tapsın: “Bu ərazilərdə məktəb inşası üçün əlavə torpaq sahələri ayrılacaq, yaxud orada yerləşən məktəblərdə əlavə korpusların ayrılması nəzərdən keçiriləcək”.

Ceyhun Bayramov deyib ki, 2020-ci ildə də bu istiqamətdə bir sıra layihələr həyata keçiriləcək: “Yeni tədris ilində Binə qəsəbəsində 1600 yerlik məktəb binası istifadəyə veriləcək. Eləcə də Xırdalanda 3 nömrəli məktəbin 1400 yerlik yeni korpusu yeni tədris ilində hazır olacaq. Sumqayıtda 1 nömrəli məktəbin yenidən qurulması işi isə bu ilin I rübündə yekunlaşacaq”.

Tez-tez ölkə ictimaiyyətində şagirdlərin məktəblərə daşınması üçün xüsusi avtobusların olması məsələsi qabardılır. Ekspertlər bildirirlər ki, məktəbliləri məktəbə daşıyan avtobus olarsa, o zaman yollardakı tıxaclar da nisbətən aradan qalxar. Ekspertlər hesab edirlər ki, dövlət tərəfindən valideynlərin də güvəndiyi xüsusi avtobuslar fəaliyyətə başlayarsa, hər kəs övladını şəxsi avtomobillə məktəbə aparmaq üçün çalışmaz. Bu da həm qeyd edildiyi kimi, tıxac probleminin aradan qaldırılmasına, həm də şagirdlərin təhlükəsizliyinə şərait yaratmış olar. Məsələ ilə bağlı nazir də yenilikləri açıqladı. O bildirdi ki, valideynlərlə keçirilən görüşlərdə əsas məsələ avtobusların təşkil edilməsi ilə bağlı olub:

 “Bununla bağlı Bakı Nəqliyyat Agentliyi ilə sıx əməkdaşlıq etməyə başlamışıq. BNA və Təhsil Nazirliyinin birgə işçi qrupu bununla əlaqədar iş aparır. Bu işlər növbəti aylarda da davam etdiriləcək. Birgə səylərimiz sayəsində yeni tədris ilinin başlanmasına qədər Bakı şəhərində şagird sayı çox olan ərazilərdəki məktəblər üçün avtobusların təşkil edilməsinə nail olacağıq. Birinci mərhələdə bu, bütün məktəbləri əhatə etməyəcək. Ancaq hesab edirik ki, bu, çox faydalı başlanğıc ola bilər”.

Məlum olduğu kimi, son zamanlar Çində koronovirus yayılıb. Bu virusdan ölənlərin sayı 80 nəfəri ötüb. Çin hökuməti hadisə ilə bağlı xüsusi rejim tətbiq edib. Dünya ölkələri Çindən gələn reyslərə xüsusi diqqət ayırıb, orada təhsil alan tələbələrin virusun yayıldığı ərazilərdən çıxarılması üçün çalışırlar.

Məsələ ilə bağlı jurnalistlərə açıqlamasında Ceyhun Bayramov bildirdi ki, həm Türkiyədə baş verən zəlzələdən sonra oradakı tələbələrimiz, həm də Çində təhsil alan tələbələrimiz diqqət mərkəzindədir:

“Türkiyədə baş verən zəlzələ nəticəsində təhsil alan tələbələrimizlə bağlı məsələ dövlət başçısının xüsusi nəzarətinə götürülüb. 102 azərbaycanlı tələbə Türkiyədən avtobuslarla Naxçıvana, oradan da Bakıya gətirilib. Nümayəndə heyətimiz psixoloji yardım məqsədilə aeroportda onların qarşılanmasında iştirak edib”.

Geri qaytarılan tələbələrin sonrakı aqibəti barədə məlumat verən nazir deyib ki, bu tələbələr hazırda tətildədir: “Sonrakı mərhələ ilə bağlı hansısa fasilə veriləcəyi müəyyən vaxtdan sonra bəlli olacaq. Eyni zamanda yenə də universitetlər tərəfindən təqdim olunan imkanlar, orada olan şərait, tələbələrin istəyi və seçimi ilə bağlı bir sıra məqamlar nəzərə alınmaqla növbəti addımlar atılacaq”.

Çindəki tələbələrə gəlincə isə nazir bildirib ki, hazırda Çində ümumilikdə 500-ə yaxın azərbaycanlı tələbə təhsil alır:

“Çində dövlət xətti ilə təhsil alan tələblərin sayı 62-dir. Koronovirusun yayıldığı bölgələrdə isə 7 tələbəmiz var.  Təhsil Nazirliyi Xarici İşlər Nazirliyi və Çindəki Azərbaycan Səfirliyi ilə daim əlaqə saxlayır. Bizdə olan məlumata görə, 50-dən artıq ölkə vətəndaşını çıxartmaq üçün Çinə müraciət edib. Xarici İşlər Nazirliyindən əldə etdiyimiz məlumata əsasən, bu gün Çin Xarici İşlər Nazirliyində iclas olacaq. Ondan sonra Çin tərəfinin hansı addımları atmağı planlaşdırması ilə bağlı açıqlama olmalıdır. Bu açıqlama olduqdan sonra növbəti addımlar atılacaq. Bu məsələni diqqətdə saxlayırıq".

Təhsil naziri müəllimlərin sertifikasiyası məsələsinə də toxunub. C. Bayramov bildirib ki, növbəti aylarda müəllimlərin sertifikasiyası ilə bağlı qaydalar təsdiq olunacaq:

“Qaydalar təsdiq edildikdən sonra 2020-ci ildən etibarən müəllimlərin sertifikasiya proseduruna başlamaq mümkün olacaq. ”Burada bir il ərzində sistemdə olan bütün müəllimlərin hamısının sertifikasiyadan keçməsindən söhbət getmir. Proses mərhələli şəkildə həyata keçiriləcək. Əsas məqsəd hərtərəfli qiymətləndirməni aparmaqla hər bir müəllimin fərdi inkişafını təmin etmək və onu stimullaşdırmaqdır".

C.Bayramov qeyd edib ki, müəllimlərin karyera inkişafı və bir sıra digər imtiyazların təqdim edilməsi zamanı sertifikasiyanın nəticələri nəzərə alınacaq: “Sertifikasiya nəticəsində təqdim olunan göstəricilərə çatmayan müəllimlər üçün əlavə imkanlar yaradılacaq. Onlara həmin səviyyələrə çatmaq üçün təkrar olaraq ixtisasartırma təlimlərindən keçmək təklif olunacaq” - deyə nazir əlavə edib.

Təhsil naziri Ceyhun Bayramov yeni məktəbli formalarının qiyməti ilə bağlı məsələyə də münasibət bildirib:

“Məktəbli formalarının qiymətinin yüksək olmaması tövsiyə edilib. Bir sıra istehsalçılar buna riayət edir. Bizdə olan məlumata görə, istehsalçıların özü də qiymətlərin aşağı olmasında maraqlıdır. Çünki qiymət münasib olarsa, formalar da satılar”.

C.Bayramov deyib ki, məktəbli formalarının qiymətləri Təhsil Nazirliyi tərəfindən tənzimlənmir: “Qanunvericiliyə əsasən, məktəbli forması və yaxud məktəblilərlə bağlı hər hansı ləvazimatın qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi nəzərdə tutulmayıb. Onlar tələb-təklif əsasında təyin edilir. Bu barədə hər hansı bir rəqəmin səsləndirilməsi nazirliyin səlahiyyətləri xaricindədir. Amma qiymətlər keyfiyyət və formadan asılı olaraq istehsalçılardan asılıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam