Nazir təhsil sahəsinin əsas prioritetlərini açıqladı
Yenixeber.org: Bakı şəhəri 6 nömrəli məktəb-liseydə “Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirə keçirilib.
Təhsil Nazirliyindən verilən məlumata görə, müşavirədə təhsilin inkişafının dövlət siyasətinin əsas prioritetlərindən olduğunu diqqətə çatdıran təhsil naziri Ceyhun Bayramov son illər bu sahədə aparılan islahatlar, ümumi təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Nazir qeyd edib ki, şəxsiyyətin formalaşmasında, zəruri həyati bacarıqlara yiyələnməsində, müstəqil fəaliyyətə hazırlanmasında ümumi təhsil müstəsna əhəmiyyətə malikdir və bu baxımdan ən geniş əhatə dairəsi olan bu təhsil pilləsinə həmişə xüsusi diqqət göstərilib.
C.Bayramov bildirib ki, ümumi təhsil müəssisələrinin idarəedilməsinin təşkili təhsilin keyfiyyətinin yüksəldilməsində vacib halqadır. Son iki ayda 132 nəfər ümümi təhsil müəssisələrinə direktor təyin edilib. Nazir məktəb direktorlarının təyinatı prosesinin davam edəcəyini bildirib.
Yerli təhsili idarəetmə qurumlarının məktəblərlə ünsiyyətinin gücləndirilməsinin vacibliyini vurğulayan nazir eyni zamanda təhsilin keyfiyyətinin yüksəldilməsində valideyn faktorunun önəmini diqqətə çatdırıb.
Təhsil naziri qeyd edib ki, son illərdə həyata keçirilən islahatlar nəticəsində müəllim peşəsinin nüfuzu və bu sahəni seçmək istəyənlərin sayı əhəmiyyətli dərəcədə artıb. Həmçinin işə yeni qəbul olunan müəllimlərin keyfiyyət göstəriciləri daha da yüksəlib.
C.Bayramov təhsili idarəetmə orqanları ilə pedaqoji profilli universitetlərin əməkdaşlığının vacib olduğunu qeyd edib. O bildirib ki, müəllimlik ixtisasında oxuyan tələbələrin pedaqoji təcrübələri ölkənin bütün ümumtəhsil məktəblərində aparılmalı, universitet-məktəb əməkdaşlığı daha da genişləndirilməlidir.
Nazir müəllimlərin ixtisasartırma təlimlərinə cəlb olunmasına xüsusi diqqət yetirildiyini və bu sahədə modulların yenilənəcəyini bildirib. Eyni zamanda məktəb bazasında səriştəyönümlü və kompetensiya əsaslı peşə təmayülünün daha da genişlənməsi istiqamətində işlər görüləcəyini nəzərə çatdırıb.
İstedadlı uşaqlarla işin təşkili ilə bağlı həyata keçirilən layihələrdən söz açan təhsil naziri qeyd edib ki, indiyədək ölkə üzrə belə uşaqların seçimi aparılıb və 60 xüsusi sinif yaradılıb. Nazir şagirdlərdə milli-mənəvi dəyərlərin və vətənpərvərlik ruhunun aşılanmasının əsas prioritetlərdən olduğunu vurğulayıb.
Sonra təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan hədəflərin hər bir təhsil işçisinin üzərinə mühüm vəzifələr qoyduğunu vurğulayıb.
Nazir müavini qeyd edib ki, hazırda ölkə üzrə ümumilikdə 2 şəhər təhsil idarəsi, 2 şəhər təhsil şöbəsi, 60 rayon təhsil şöbəsi və bu qurumların tabeliyində 4445 məktəb fəaliyyət göstərir. Həmin məktəblərdə 144 min müəllim çalışır, şagirdlərin ümumi sayı 1 milyon 520 min nəfərə bərabərdir.
M.Vəliyeva bildirib ki, müəllimlərin mərkəzləşmiş qaydada işə qəbulu üzrə müsabiqəyə 2015-ci ildə 21795 nəfər müraciət edib, onlardan 2200-ü işə qəbul olunub. Ötən il isə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 50697 nəfər müraciət edib, onlardan 8500 nəfər daimi əsaslarla işə qəbul olunub. Həmin müəllimlərin 48 faizi müddətsiz, 52 faizi müddətli müqavilə ilə fəaliyyət göstərir. Nazir müavini yerlərdə gənc müəllimlərlə işin nəzarətə götürülməsi və onların istiqamətləndirilməsinin vacib olduğunu qeyd edib.
Müşavirədə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev, İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov, Audit şöbəsinin müdiri Mürşüd Rəşidov Dövlət proqramlarından irəli gələn məsələlərlə bağlı tapşırıqların, eləcə də Təhsil Nazirliyinin əmr və sərəncamlarının yerinə yetirilməsi vəziyyəti, təlim keyfiyyəti, təmayülləşmə, məktəbdaxili nəzarət və rəhbərliyin həyata keçirilməsi istiqamətində görülən işlər barədə məlumat veriblər. Həmçinin çıxışlarda aparılan monitorinq və araşdırmaların nəticələri və bununla bağlı görülən tədbirlər haqqında danışılıb.
Daha sonra çıxışlar ətrafında müzakirələr aparılıb, yerli təhsili idarəetmə qurumlarının rəhbərlərinə tapşırıq və tövsiyələr verilib.