Yenixeber.org:
Sakitlik, yaşıllıq və geniş ərazi...
Ümumiyyətlə, indiyədək həmin xəstəxana, onun sakinləri barədə təsəvvürüm yox idi və buna görə də cəmiyyətin “dəli” adlandırdığı psixi xəstələrlə tanışlıq, onlarla söhbət etmək marağı böyük idi.
Qapıda mühafizəçilər gəlişimizin səbəbini öyrəndikdən sonra əraziyə daxil oluruq: sakitlik, yaşıllıq və geniş ərazi... Xəstəxananın həyətində süni göllər, idman meydançaları, skamyalar var.
Baş həkimin yanına gedərkən həyətdə orta yaşlı insanların öz-özünə danışaraq və üzümüzə diqqətlə baxa-baxa keçdiklərini hiss edirdik. Bəziləri həyətdəki yaşıllıqlara qulluq edir, bəziləri sadəcə gəzir, bəziləri isə zibil atmağa gedirdilər. Əslində, onların xəstəxananın daimi sakinləri olduğunu və gördükləri işlərin də reabilitasiyanın növü kimi qiymətləndirilə biləcəyini öyrənirik.
Amma diqqətimizi daha çox xəstəxananın həyətində köhnə tikilinin üzərində quraşdırılan səsgücləndirici vasitəsilə hər gün müxtəlif repertuarda xalq mahnıları və digər musiqilərin səsləndirilməsi oldu. Zeynəb Xanlarova, Rəşid Behbudov, Alla Puqaçova və s... Musiqi seçimini həm xəstələr, həm də həkimlər edirlər.
Baş həkimlə danışandan sonra işlərinin çoxluğundan bizə bələdçilik etməyi müavini Sevinc Hüseynovaya tapşırdı.
S.Hüseynova bildirir ki, hazırda xəstəxanada 2140 xəstə var. Onlardan təxminən 2000-ə yaxınının müalicəsi stasionar qaydada davam etdirilir.
Ümumi xəstələrin 50-60 %-i şizofreniya, 30-40 %-i isə əqli geriliyi olanlardır
Xəstəxanada müxtəlif yaş kateqoriyalarından olan insanlar ayrı-ayrı şöbələrdə yerləşdirilib. Burada uşaqlar, yeniyetmələr, qocalar, qadınlar, kişilər, məcburi müalicə olunanlar, infeksion xəstələr, narkoloji xəstəlikdən müalicə alanlar var. Ümumi xəstələrin 50-60 %-i şizofreniya, 30-40 %-i isə əqli geriliyi olanlardır.
Müsahibim deyir ki, beynəlxalq təsnifata görə xəstəliklər endogen və ekzogen növlərə bölünür. Ekzogenə stress, nevrotik pozuntular, endogen isə etiologiyası məlum olmayan xəstəliklərdir. Vəziyyətin ağırlığını təyin etmək xəstəliyin diaqnozundan asılıdır. Burada yatan xəstələrin xəstəliyi ruh düşkünlüyündən başlayır. Bu da nəticə etibarı ilə stress və digər pozuntulara gətirib çıxarır ki, zamanla özünü psixi xəstəlik kimi büruzə verir. Ola bilsin ki, xəstəlik daha da inkişaf etsin, yaxud da əksinə. Bu da müalicənin təsirindən asılıdır. Yeri gəlmişkən, Sovet dövründə “belə insanları cəmiyyətdən təcrid edək” anlayışı var idisə, bu, artıq keçmişdə qalıb və xəstələrə münasibət dəyişib.
Baş həkimin müavini əlavə edir ki, xəstələr 4 rejimli - narahat olan, yəni təzə gələndə oyanıq olan (I rejim), dərmanın təsiri altında bir az davranışları düzələn (II rejim), davranışı sabit olan, şöbədə gəzə bilən (III rejim) və ərazidə rahat gəzə bilən (IV rejim) formada olur: “I rejimli xəstələr çox narahat olanda nadir hallarda nəzarət palatalarına qoyuruq. Bəlkə də xəstəxana üzrə maksimum 10-15 nəfər belə xəstə ola bilər. Bu da tam dəqiq deyil, çünki iynə və ya dərman qəbulundan müəyyən müddət sonra II rejimə keçir”.
İrsi amillər psixi xəstəlikdə 50-60 % rol oynayır
İrsi amillərin psixi xəstəlikdə 50-60 % rol oynadığını deyən baş həkimin müavini qeyd edir ki, ümumilikdə bütün xəstəliklər halsızlıqdan başlayır. Lakin əsəbilik, yuxu pozğunluğu, fikirli olmaq, davranışı qeyri-adekvat olan psixi durumun pozulmasına gətirib çıxara bilir. Stress olmadan da xəstəliyin əlamətləri müşahidə oluna bilər. Uğursuz sevgi, insan itkisi, müflisləşmək, borclu olmaq və digər amillər də stressə gətirir. Bu da xəstəlik üçün başlanğıc ola bilir. Belə halda da fikirlər qarışır, şübhələr yaranır, həyata maraq itir.
Produktiv psixi simptomlar - səslərin olması, davranışların qeyri-adekvat olması kimi hallar şizofreniyaya məxsusdur. Psixi pozuntusu olan xəstələrin müalicə dövrü dərmanın təsirindən, xəstənin dərmana qarşı reaksiyasından asılıdır. Dərman təsiri altında normal həyat davam edir. Hətta həmin insan işləyə, yaxud ailə qura bilər. Vəziyyətdən çıxma xəstəyə görə fərdidir.
Bu xəstəlik hansısa peşəyə görə çoxluq təşkil etmir, çünki hər kəs bu duruma düşə bilər. Psixi xəstəlik əsasən, 18-22 yaşlarından başlayır. Xəstələr arasında adətən, kişilər üstünlük təşkil edir. Çünki qadınlar öz emosiyalarını kənara çıxara bilir, kişilərdə bu alınmır.
Müalicə almaq istəməyən, lakin sosial təhlükəsi ola biləcək insanlar məhkəmə qərarı ilə xəstəxanaya gətirilir. Həkimlərin məcburi iynə vurmaq və ya müalicə etmək icazəsi də var. Bu, təcili göstərişlə gələn və sosial təhlükəsi olan xəstələrə şamil edilir. Təbii ki, məcburi müalicə protokola əsasən icra olunur.
Xəstələrin hərəkətini məhdudlaşdıran xüsusi köynəklər...
Xəstəxanada hələ də ağır vəziyyətdə gətirilən xəstələrin hərəkətini məhdudlaşdıran xüsusi köynəklərdən (ukutka) istifadə olunur. Köynəklər çox oyanıq və narahat olan xəstələrə geyindirilir və köynəyin uzun qolları bir-birinə bağlanır. Çalışılır ki, xəstə ilə söhbət edilərək razılıq əsasında müalicə edilsin. Lakin xəstə həmin anda həkimə mane olanda köynək geyindirilir. Keçən il təxminən 2-3 nəfər bu köynək vasitəsilə bağlanılıb. Xəstənin köynəkdə qalması yarım saat və ya qırx dəqiqə çəkir. Çünki oyanıq vəziyyətdə xəstəyə sakitləşdirici vurulur və onun təsiri özünü göstərən kimi köynək çıxarılır. Bundan başqa, xəstəxanaya ağır, yəni çox oyanıq halda gətirilən, sosial təhlükə törədən xəstələr üçün bir nəfərlik nəzarət palatası (izolyator otağı) var. Həmin otaqdan az hallarda istifadə edilir.
Ağır cinayət törədən xəstələrin dəmir barmaqlı pəncərələri...
Ağır cinayət törədən xəstələr də burada müalicə alır. Onların 90 faizi kişi, yerdə qalanı isə qadınlardır. Ağır cinayət törədən insanların şöbəsi bir az fərqli və pəncərələri dəmir barmaqlıqlarla örtülüdür. Ağır cinayət törədən və ya şizofren xəstələrlə sırf xüsusi həkim məşğul olmur. Sadəcə müalicə üsulları şəxsə görə dəyişir. Burada həkim xəstə seçə bilməz, lakin xəstə həkim seçə bilər. Cinayət törədən şəxslərlə bağlı ekspertiza aparılır, həmin insan müşahidə və müayinə olunur, cinayət törədən zaman onun psixi durumu anlaqlı olubsa həbsxanaya göndərilir, anlaqsız olubsa onda xəstəxanada xüsusi müalicə alır.
Söhbət zamanı öyrənirik ki, əvvəlki dərmanlar kobud qüsurlara səbəb olurmuş. Lakin indi təzə preparatlardan istifadə olunur ki, onlar da effektiv və qüsurlara səbəb olmur.
Dərmanları tüpürən xəstələr...
Bura respublika əhatəli xəstəxana olduğuna görə ölkənin hər yerindən müraciətlər olur. 30 şöbəsi olan xəstəxanada 80-ə yaxın həkim çalışır. Hər şöbədə müəyyən sayda xəstə nəzarətçiləri var. Nəzarətçilərin işlərindən biri də dərman verəndən sonra xəstələrin ağzını yoxlamaqdır.Çünki bəzən xəstələr verilən dərmanları tüpürürlər.
Xəstəxanada şöbələrin pəncələri şüşədəndir. Heç bir dəmir hasar yoxdur. Az hallarda xəstə buranı özbaşına tərk edə bilər. Belə olan halda polisə məlumat verilir ki, xəstə özbaşına xəstəxananı tərk edib. Lakin son vaxtlar xəstələrin nəyisə qırıb-dağıtmaq, yaxud xəstəxanadan qaçmaq halları olmayıb.
Xəstələrin gün ərzində rejimləri var. Onlar yuxudan oyanan kimi əl-üzlərini yuyur, ardınca səhər yeməyi yeyilir. Saat 10.00-dan reablitasiya başlayır. Günorta saat 13.00-da nahar, sonra dərmanlar paylanılır. Bu müddət arasında gəzmək də olar. Sonra xəstələr yatır, dincəlir. Saat 16.00-17.00 arası əyləncə, həyətdə gəzmək, 20.00-da şam yeməyinin vaxtıdır. Şam yeməyinin ardınca yenidən dərman paylanılır və yatılır.
Həkimin üzünü göyərdən xəstə...
Sevinc Hüseynova xəstələrlə bağlı yadda qalan xatirələrini də bizimlə bölüşür. O deyir ki, Gədəbəydən gətirilən xəstənin ona qarşı sayıqlaması olub, dəhlizdə gedərkən bir dəfə onu vurub və üzünü göyərdib. Həmin vaxt da xəstə aqressiv və narahat olub. Ümumilikdə isə çox nadir hallarda xəstələr həkimə xəsarət yetirir.
Müsahibim qeyd edir ki, sayıqlamalar, yaxud özündən müəyyən fikirlər çıxaranlar əsasən şizofrenlər olur. Elə xəstə olub ki, dahi və istedadlı olduğunu iddia edib. Yaxud da böyük kəşf edə biləcəyini səsləndirib. Təbii ki, bu sadəcə sayıqlamalardır.
O, həmçinin təəssüflə bildirir ki, övladını hərbi xidmətdən saxlamaq və ya pensiya düzəltmək üçün özünü xəstə halına salan insanlara da rast gəlinir: “Onlarla söhbət edən zaman yalanları üzə çıxır. Bura ilk dəfə müraciət edən insanları 48 saat ərzində nəzarətdə saxlayırıq”.
Burada elə xəstələr var ki, valideyn və qohumları onlara baş çəkmir. Xəstələrin yaxınları onları evə aparmaq istəmirlər. Halbuki belə insanları cəmiyyətdən ayıranda halları daha da pisləşir. Evə aparılmayan xəstələrdən uzun müddətli burada qalan xəstələr də olur. Gələcəkdə kimsəsiz xəstələr üçün xəstəxananın ərazisində kiçik evlərin tikilməsi planlaşdırılır.
Baş çəkdiyimiz qadın şöbəsində olan xəstələrin müəyyən qisminin nitqində çətinlik vardı. Şöbədə mətbəx, dincəlmə otaqları və bütün lazımi şərait var. Bu şöbədə müalicə alan xəstələrdən 6 nəfərinin kimsəsi yoxdur.
Şöbə müdiri Nüşabə Vəliyeva deyir ki, onların şöbəsində diaqnoza görə yaş təbəqələri formalaşır: “Bu şöbədə ən çox şizofreniya xəstələri müalicə alır. Xəstə bir aya da, iki aya da vəziyyətdən çıxa bilər. Hazırda şöbədə 76 qadın xəstə var. Onlar arasında 45-50 yaş arası xəstələr çoxluq təşkil edir. Hər şöbədə ştat üzrə 15-20 tibb işçisi olur. Onlar da növbəli şəkildə işləyirlər. Bizim işçilər mərhəmətinə və qayğıkeşliyinə görə digər xəstəxanaların işçilərindən fərqlənir”.
Nəzarətçilərin müşayiəti ilə gətirilən xəstələr...
Yuxarıda dediyimiz kimi, xəstələr reabilitasiya mərhələsindən də keçirlər. Bura III və IV rejimli xəstələr gəlir. III rejimdə olan xəstələr adətən nəzarətçilərin müşayiəti ilə gəlir. Saat 12-yə kimi reabilitasiya müddətidir. Burada şeir yazan, gil qablar düzəldən, xalça toxuyan, pianino çalan, rəsm çəkən xəstələrə rast gəlmək mümkündür.
Reabilitasiya zamanı həmsöhbət olduğumuz xəstə L.A. qış olduğuna görə yun corab toxumaqla məşğuldur. O, həm özünü, həm də buradakı xəstələri yun corabla təmin edir. Corabla yanaşı papaq, uşaq üçün jiletlər toxuyur, hətta toxuduqlarını sərgiyə çıxararaq sata da bilir. Ən böyük arzusu uşaqlarının yanına getmək və Dağlıq Qarabağın işğal olunan ərazilərinin müharibəsiz Azərbaycana qaytarılmasıdır.
Digər xəstə S.Y. isə həm yoqa, həm idmanla, həm də gil qab düzəltməklə məşğuldur. 7 ildir ki, müalicə alır. Burada ona yaxşı baxdıqlarını deyir. Ən böyük arzusu idmançı olmaqdır. O, artıq arzusuna çatdığını deyir, çünki xəstəxanada təşkil olunan qaçış üzrə yarışlarda I yerə çıxıb, hətta 3 dəfə diplom alıb.
Foto: Firi Səlim
Report