“Mən 25 il Milli Məclisdə qışqırdım ki…” -Sabir Rüstəmxanlıdan etiraz
Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, eks-millət vəkili Sabir Rüstəmxanlı Azərbaycanda ana dilinə bəslənilən ögey münasibətdən narazılıq edib.
Xeberinfo.com: S.Rüstəmxanlının sözlərinə görə, əslində söhbət təkcə ana dilindən getmir, daha ciddi problemlər var.
“Ana dilinə münasibət bir güzgüdür və orda milli varlığımıza və milli kimliyimizə münasibətin bütün nalayiq, qorxunc və qəbulu mümkün olmayan, milli heysiyyətimizi ayaqlar altına atan, bizi yox hesab edən, bizi kişi, millət saymayan mənzərəsi görünür. Söhbət bu qədər ciddidir!
Mən 25 il Milli Məclisdə qışqırdım: soyad məsələsi elə-belə məsələ deyil, milli kimliyimizi dərk etmək, özümüzə qayıtmaq, milli atributları bərpa efmək yolunun mühüm mərhələsidir, -dedim, həmkarlarımın çoxu " müdrikcəsinə" susdu".
Eks-deputat deyib ki, söhbət ad dəyişməkdən getmir, şəkilçinin atılmasından, tarıxi soyad sonluqlarının bərpasından və işğalın daha bir alçaldıcı damgasından xilas olmaqdan gedir.
S.Rüstəmxanlı məmurları qanuna hörmət etməməkdə qınayıb:
“Bəli, soyad sonlugu xırda şeydir. Bizim məmurlar böyük işlərlə məşğuldurlar! Bəs onda qanuna niyə hörmət etmirlər, qərar ola-ola niyə imkan vermirlər millət bu "-ov" sonluğundan xilas olsun? Millət vəkilləri, məmurlar, hətta ziyalılar israrla “-ov”dan yapışıb əl çəkmirlər, qeydiyyat idarələrində körpələrimizə yenə, şərəf və ləyaqət hissini unudaraq, rus soyadlarını verməkdə davam edirlər. Siz elə bilirsiniz bu təsadüfdür, yoxsa bunu doğrudan da xırda iş saydıqlarından üstündən keçirlər? Qətiyyən belə deyil! Bu millətə, onun milli hislərinə, onun azadlıq mübarizəsinə, müstəqilliyinə hörmətsizlikdir. Bu, millətə meydan oxumaqdır! Yəni “sən nə qədər istəyirsən bagır, mən imkan verməyəcəyəm sən özünə qayıdasan, türk olmağının qürurunu yaşayasan”, bu ölkədə hər kəs öz adıyla, tolerantlıq və dözümlülük şəraitində yaşayacaq, ancaq doqquz milyon türk özünə öz adını deyə bilməyəcək. Biz təzə bir millət icad edəcəyik! Allah qüvvət versin! Buyurun! Ancaq bu yeni millətin dili rus dilimi olacaq? Məntiq bunu deyir”.
Xalq şairi bəzi valideynləri övladlarına ciddi-cəhdlə əcnəbi dilində təhsil vermək istəmələrini də pisləyib:
“Anlamaq olmur uşaqlarımız niyə əcnəbi dildə oxumalıdırlar? Azərbaycanda rusların sayı azala-azala on minlərlə övladımız niyə rusca oxumalıdır? Bir daha deyirəm, mən rus dilini, ingilis dilini öyrənməyin əleyhinə deyiləm, lakin hər kəs ilk təhsillərini ana dilində almalıdırlar. Dünyanın bütün mədəni xalqlar bu cür düşünür! Bu, bir inkaredilməz faktdır. Rus məktəblərinin sayının artırılması, təəssüf ki, bu gün az qala rəsmi siyasətə çevrilib və bunu gizlətmirlər. Çünki bu işlərə başçılıq edənlərinizin çoxu köhnə sovet ideologiyasının yetirmələridir, qanı qarışıq olmasa da, ruhu qarışıqdır və ya yoxdur, onlar nə bizi sevirlər, nə dilimizi! Onlar bu ölkənin yalnız pulunu sevirlər. Bunun başqa adı yoxdur! Başqa cür olsa, övladları bu ölkənin məktəbində oxuyar və bu ölkənin ordusunda xidmət edər. İnanıram ki, hər kəs məni düzgün başa düşər. Mən ləyaqətli, çətin şəraitdə yorulmadan ölkə üçün çalışan məmurlarımızı nəzərdə tutmuram. Hər kəsin öz yeri var.
Neçə ildir ictimaiyyət narazılıq edir, mənim dilimə niyə sayqısızlıq edirsiniz? Bakının mərkəzində böyüklərə məxsus obyektlərdə ana dili qanunu niyə pozulur. Şadlıq evlərinə bu qədər yunan, roma mifoloji fahişələrinin adlarını niyə verirsiniz, axı onların bizə nə aidiyyət? - deyib etiraz edirik, amma dilimizin düşmənləri israrla öz işlərini davam etdirirlər.
Neyləməliyik? Ömrümüzün ən gözəl illərini müstəqillik , azadlıq ugrunda mübarizəyə buna görəmi verdik?
Bəli, ana dilii məktəblərin problemi çoxdur, dərsliklərin keyfiyyəti, əlavə oxu materiallarının azlığı, müəllimlərin zəifliyi və məsuliyyətsizliyi... Ancaq adamın atası kasıb olanda gedib kənarda varlı ata axtarmır! Rus dilində məktəb ləvazimatı və ədəbiyyatı çoxdur! - deyirlər. Buna görə ana dilindən imtina edərlər? Ona qalsa alman, fransız, ingilis, ispan, çin dillərində rus dilindən də çoxdur dərs ləvazimatı. Bəlkə buna görə övladlarımızı bu dillərə bağışlamalıyıq?
Bu xalq ana dilini ərəbin, farsın, rusun yüzillərlə davam edən basqısından, təzyiqindən, əritmə siyasətindən qoruyub, saxlayıb və inkişaf etdirib... Növbəti mərhələ içimizdən baş qaldıran basqılardan qorunmaqdır...”.