Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Elmlə din bir yerə gələ bilərmi?

Elmlə din bir yerə gələ bilərmi?

 

Yenixeber.org:  İctimai rəyə açılmış “Coğrafiya” dərslikləri sürətlə Azərbaycan mediasının gündəminə çevrildi. Dərsliyin bəzi paraqraflarında coğrafi məlumatları Quran ayələri müşayiət edir. Gündəmi ayaq üstə saxlayan tərəf isə ateist, darvinist düşüncəni mənimsəmiş, sosial şəbəkənin bir neçə tanınmış üzüdür. Onlarla əlaqədar olan media da bu bir neçə şəxsin fikirləri vasitəsilə ictimai rəy yaratmağa çalışır. İstəyirəm ki, məsələnin kökünə enib fundamental bir sual verim: elmlə din bir yerə gələ bilərmi?

Sualın cavabını praktiki yöndən, tarixi gedişata nəzər salaraq araşdıracağam. Elmə öz möhürünü vuran simaların dini kimliyi olub-olmadığına baxaq. Bir elm sahəsi üzrə bünövrə sayılan ideyaları irəli sürən, bu sahənin istinad mənbəyi sayılan əsərin müəllifinə, adətən, həmin elmin “bani”si və ya “ata”sı deyilir. Çox maraqlıdır ki, araşdırdığımız zaman görürük ki, istənilən elm sahəsinin və istənilən elm sahəsinin ayrı-ayrı budaqlarının baniləri Allaha dərindən inanan dindar şəxslərdir. Bir çox bu cür alimin bioqrafiyasını oxuyan şəxs elə biləcək ki, ömrünü Allahın varlığının, təkliyinin təbliğinə həsr etmiş bir şəxsiyyətin həyatını oxuyur. Onlardan bir neçəsini təqdim edəcəyəm:

1– Nyutonu məktəbdə keçdiyimiz fizika kursundan yaxşı tanıyırıq. Onun almalarla olan hekayəsini də bilirik. İsaak Nyuton klassik fizikanın və riyazi analizin atası qəbul edilir. Alimin ilk işləri optikaya aid idi: işığın yayılma, əksolunma və səpələnmə təbiətini kəşf etmiş, güzgülü teleskop düzəltmiş, bu gün “Nyuton halqaları” adlanan fenomeni müşahidə etmiş, işıq dalğasının uzunluğunu hesablamışdır. Onun “Başlanğıclar” adlı böyük əsəri (1713) özündən qabaqkı elmi müşahidələri ümumiləşdirmiş, ilk dəfə Yer və göy mexanikasının vahid sistemini yaratmışdır. Elə bununla da, klassik fizikanın əsası qoyulmuşdur. Nyutonun 3 qanunu bizə tanışdır. Bu qanunlar mərkəzi qüvvələrin təsiri ilə cisimlərin hərəkətini tədqiq edir. Ümumdünya cazibə qanunu Nyutonun adını daşıyır. Onun nailiyyətlərini daha da çox sadalamaq olar. Lakin bunlar belə Nyutonun, sözün əsl mənasında, düha olduğunu demək üçün kifayətdir.

Bəs onun dinə münasibəti necə idi? Elə az öncə bəhs etdiyimiz, klassik fizikanın əsası olan “Başlanğıclar”ın üçüncü fəslində Nyuton bu sözləri yazır:

“Günəşin, planetlər və kometlərin bu ən gözəl sistemi ancaq ağıllı bir Varlığın göstərişi və hökmranlığından doğa bilərdi... Bu Varlıq hər şeyə hakimdir, dünyanın ruhu kimi yox, hər şeyin Rəbbi kimi; elə bu hakimiyyətə görədir ki, ona “Hər şeyə qadir Rəbb”, yaxud “Kainatın Hökmranı” deyirik. ...Hakim Allah əbədi, əzəli, tamamilə mükəmməl olan Varlıqdır”.

2– Qaliley haqqında danışılanda bəziləri bunu düşünür: Qaliley alim olub, Kilsə Qalileyi təqiblərə məruz qoyub, ona görə də din elmə qarşıdır. Sadəlöhv və nisbətən savadsız insanı asanlıqla inandırmaq olar. Sağlam düşüncəli insan isə buradakı məntiqi pozuntunu dərhal hiss edər. Ancaq gəlin biz Qalileyin özünün nə düşündüyünə baxaq. Qaliley “Böyük Hersoqinya Kristinaya məktub”unda belə yazır:

“Allah Müqəddəs Kitabdakı ifadələrdə olduğu kimi, təbiətin gedişatında da çox gözəl aşkar olunur... Bizə ağıl, düşüncə və dərrakə bəxş edən Allahın bizi bunların istifadəsindən çəkindirdiyinə inana bilmərəm”.

Qaliley Allaha səmimi inanan dindar şəxs idi. Qaliley elmlə din arasında heç bir uyğunsuzluq görmürdü. Uyğunsuzluq Kilsə doktrinalarında idi.

Qalileo Qaliley müasir fizikanın banisi hesab olunur. Qalileyin işləri bu gün elm dünyasındakı bir neçə “elmi inqilab”dan biri kimi qəbul edilir. 1609-cu ildə Qaliley üçqat, daha sonra 32 qat böyüdən teleskop qurmuşdur. Bunun vasitəsilə Yupiterin dörd peykini, Ay səthindəki dağları, Günəşin fırlanmasını və ondakı ləkələri, Veneranın səfhələrini kəşf etmişdir. Qalileyin həyatı və yaradıcılığı elmlə dinin vəhdətinə əyani, praktiki nümunədir.

3– Maykl Faradey klassik sahə nəzəriyyəsinin, elektronika, elektromaqnit nəzəriyyəsi və elektrokimyanın banisidir. Dövrünün daha bir düşünən beyni – bu dəfə XIX əsrdən. Faradey cərəyanlı naqil ətrafında maqnitin və maqnit ətrafında cərəyanlı naqilin fırlanmasını müşahidə etmişdir. Sonrakı tədqiqatları elektromaqnit induksiyasının kəşfi ilə nəticələnmişdir. Faradey bu gün kimyanın diqqət mərkəzində olan elektroliz hadisəsini öyrənmiş və onun qanunlarını vermişdir. Fizikaya qüvvə xətləri anlayışını daxil etmiş, maqnit sahəsində işığın polyarlaşma müstəvisinin dönməsini göstərmişdir. Bu gün bir çox fiziki hadisə, qanun və vahidlər Faradeyin adı ilə bağlıdır – elektrik tutumunun vahidi farad, Faradey effekti, Faradey ədədi və s.

Verdiyi töhfələri ixtisarlarla qeyd etdiyimiz bu insanın həyatında elmin yeri çox aydın görünür. Bəs Faradeyin həyatında din necə rol oynayıb? Cavab budur: din Faradeyin həyatında mərkəzi rol oynayıb. Maykl Faradey bütün qəlbiylə Allaha iman edən dindar idi. Faradey elmə verdiyi xidmətlərinə görə İngiltərə cəngavərliyinə layiq görülmüşdü. Lakin var-dövlət yığmağın və dünyəvi nemətlərin ardınca qaçmağın Müqəddəs Kitaba zidd olduğunu bilərək bunu rədd etmişdi. O, “axıracan sadə cənab Faradey” kimi qalmağı üstün tutduğunu deyirdi. O, London Kral Cəmiyyətinə iki dəfə prezidentlik təklifini də rədd etdi.

Din və elmin ayrılmaz olduğunu Faradey 1854-cü ildə “Zehni təlim” üzrə verdiyi mühazirədə İncildən sitat gətirərək təsvir edir:

“Mən inanıram ki: “Dünyanın yaradılışından bəri Allahın gözə görünməyən xüsusiyyətləri, yəni əbədi qüdrəti və ilahiliyi Onun yaratdıqları vasitəsilə üzə çıxır””.

İndi sual yaranır: şagirdlərə Nyutonun “Başlanğıclar” əsərini oxumağa icazə varmı? Şagirdlər Qalileyin həyat yolunu özlərinə nümunə götürə bilərlərmi? Şagirdlər Faradeyin mühazirələrində iştirak edə bilərlərmi?

Sualların cavabı çox açıqdır: əlbəttə! Çünki din ilə elmin arasında heç vaxt uyğunsuzluq olmayıb. Elə isə ateist, darvinistlər arasında düşən vəlvələnin, çaxnaşmanın səbəbini elmi yox, ideoloji aspektlərdə axtarmaq lazımdır.

Rafət Əlizadə


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam