ABŞ ÇİNƏ QARŞI ƏNƏNƏVİ “KİSSİNCER TAKTİKASI”nı TƏTBİQ EDİR: hər kəsi dalaşdıracaq, özü isə anlaşacaq...- TƏHLİL
Sevil Nuriyeva İsmayılov
“Star” qəzeti, Türkiyə, 19 may 2020-ci il
Çin hər nə qədər ideoloji cəhətdən sosialist təfəkkür bazasını mənimsəmiş olsa da, iqtisadi cəhətdən kapitalist bir sistemin üzvü olmağı seçib.
Yenixeber.org: ABŞ, Çinin nəhəng iqtisadi güc olaraq səhnəyə gəlməsində, keçmiş SSRİ ilə münasibətlərinin korlanmasında və hətta SSRİ-nin dağılmasında rol almasında olduqca maraqlı idi.
Henri Kissincer ABŞ-Çin əlaqələrinin memarı olaraq tanınır. Onun nəzəriyyəsi uzun illərdir Amerika diplomatiyasının təməl sütunlarını təşkil edib.
O vaxt ABŞ dövlət katibi olan Kissincer Çin və ABŞ arasında rəqabətin yox, ittifaqın olmasını istəmişdi. Onsuz da bugünkü tərəfdaşlıq nöqtəsi o günün strategiyalarının nəticəsidir.
1971-ci ildə mətbuatdan və siyasi ictimaiyyətdən gizli şəkildə Çinə gedən Kissincer, Çinin kommunist rəhbərliyi ilə anlaşa bilmişdi. Üstündən bir il keçdikdən sonra, yəni, 1972-ci ildəsə Prezident Nikson Çinə rəsmi şəkildə səfər etmiş və kommunist Mao ilə, demək olar ki, razılığa gəlmişdi.
Bəli, ABŞ üçün əsas məsələ SSRİ-nin çökməsi idi. Buna görə də, kommunist Çinin kapitalist iqtisadi sistemi onun işinə çox yarayacaqdı.
İki nəhəng iqtisadi güc! Kissincerin “üçbucaq” nəzəriyyəsi ənənəvi Anglo-Amerikan şüurunun isbatı kimi görsənirdi. Çinlə SSRİ-nin arasını vurduğu bir vaxtda, həm də Çinlə ayrı, SSRİ ilə ayrı münasibətlər qurmağa çalışırdı.
İndi ABŞ-ın xəyalı Rusiya ilə Çini bir yerə gətirmək yox, bu iki ölkəni ayrı-ayrılıqda və özündən asılı hala gətirməkdir.
ABŞ iqtisadiyyatı çox güclüdür, ancaq unutmaq olmaz ki, söhbət həm də xaricə ən çox borcu olan ölkədən gedir. Çin isə əlində tutduğu ABŞ dollar ehtiyatı ilə ABŞ üçün hələ də nə məna daşıyır? Mövzunun həssas nöqtəsi də elə buradır.
ABŞ siyasi səhnəsində iki siyasi ağlın olduğu məlumdur. Çinlə rəqabət yox, “dünyanı paylaşaraq yaşayaq” deyənlərlə bərabər, “tək güc mənəm və dünyanı heç kəslə bölüşməyəcəm” deyənlərin səsi arasındayıq.
Kissincer münaqişə istəməyənlərdəndir. Hələ də təsirli və dərin şifrələri aktivləşdirəcək nəzəriyyəyə sahibdir.
Gəldiyimiz bu nöqtədə Rusiyadan ayrı, Çindən ayrı istifadə edilməyə cəhd olunacaq. ABŞ Rusiyanı Çin qarşısında balans yaradacaq qüvvə kimi görərkən, Çinin varlığına da Rusiya və çevrəsində təsir gücünü azaldacaq ünsür kimi baxır.
Belə vəziyyətdə “kimin əli kimin cibindədir”i anlamaq üçün görünəndən çox, görünməyəni görməliyik.
Ancaq “qlobal pandemiya” adı altında Çin iqtisadiyyatının da iflasa uğradılması siyasətinin ayaq səslərini unutmaq olmaz. Avropadan Çin şirkətlərinə qarşı müqavimət göstərməyin bədəlini bir yerdə görəcəyik. Təbii, ABŞ hər kəsi dalaşdırıb, özü anlaşan tərəf olmağı sevər. Çin isə əsla duyğusal deyil, öz uğurları üçün dost göründüklərini yarı yolda qoya bilər – eynilə ABŞ kimi.
“Belə bir zamanda soyuq müharibə başlaya bilərmi?” sualına veriləcək cavab isə hələlik “Yox”dur.
Tərcümə: Strateq.az