Nikolun uğursuz gedişləri fonunda Soçi görüşü... – Şərh
Prezident İlham Əliyevin cari ilin sentyabr ayının 1-də Rusiyaya səfərini bölgə və beynəlxalq aləmdə cərəyan edən hadisələrin və eyni zamanda, iki ölkə arasındakı münasibətlərin inkişaf etdirilməsi fonunda dəyərləndirmək mümkündür.
Yenixeber.org: Bu sözləri açıqlamasında Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, bu baxımdan İlham Əliyev və Vladimir Putinin işgüzar görüşü iki ölkə arasındakı münasibətlərə yeni təkan verə, bir addım irəli apara bilər:
“Əlbəttə, bu görüşdə tərəflər arasında bir neçə iqtisadi və siyasi müqavilələr imzalanıb ki, bunu gələcək münasibətlərin təməli olaraq görmək mümkündür. Prezidentlərin görüşündə bölgə və beynəlxalq aləmdə cərəyan edən hadisələrin də müzakirə edildiyi şübhəsizdir. Ancaq bizim üçün əhəmiyyətli olan iki ölkə arasındaki iqtisadi, siyasi, Dağlıq Qarabağ və təhlükəsizlik məsələlərinin müzakirə edilməsidir.
Tərəflər görüşdə Xəzər hövzəsində enerji və təhlükəsizlik məsələlərini müzakirə edib. Bildiyimiz kimi, bir neçə həftə bundan əvvəl Xəzərətrafı dövlətlər Xəzərin statusu haqqında Konvensiya imzaladı və beləliklə, Xəzər hövzəsində son 27 ildir davam edən status problemi həll edildi. Bu müqavilənin imzalanması Xəzəryanı dövlətlərin enerji və təhlükəsizlik məsələlərində daha etibarlı və rahat şəkildə əməkdaşlıq etməsinə imkan verir. Eyni zamanda, müqavilənin imzalanması xarici sərmayənin də Xəzər hövzəsinə gəlməsinə təkan verə bilər. Görüş zamanı Rusiya və Azərbaycan “Qoşadaş” bloku və Xəzərin dibinin Azərbaycana aid hissəsində Abşeron yarımadasının şimalında neft və qaz potensialının öyrənilməsi ilə birgə məşğul olacaqlarına dair bəyanatla çıxış ediblər, SOCAR və “Rosneft” arasında müqavilə imzalanıb”.
Politoloq qeyd edib ki, bundan başqa, iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlıq və Azərbaycanın Rusiyadan yeni müasir silah alma məsələləri müzakirə edilib:
“Bildiyimiz kimi, bu günə qədər Azərbaycan Rusiyadan beş milyard dollarlıq sılah alıb və bundan sonra da alacaq. Azərbaycan Rusiyanın hərbi sənayesinin məhsullarından başqa, digər dövlətlərdən də silah alaraq, arsenalını müasir silahlarla gücləndirir. Hərbi sahədə əməkdaşlığın perspektivi genişdir və tərəflər bunu maksimum şəkildə dəyərləndirməyə çalışır.
Prezident Vladimir Putinin Şimal-Cənub nəqliyyat marşrutunun vacibliyini qeyd etməsi də bütünlükdə regional təhlükəsizliyi möhkəmlətməyə imkan yaradır və əməkdaşlıq imkanlarını genişləndirir”.
Politoloq vurğulayıb ki, Azərbaycan üçün Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində məsələnin prezidentlər arasında müzakirə edilməsi böyük əhəmiyyət daşıyır:
“Rusiya prezidenti problemin həll edilməsi istiqamətində Minsk Qrupu çərçivəsində əməkdaşlıq imkanlarını genişləndirəcəyini bildirib. Bununla yanaşı, son zamanlarda Ermənistanda Nikol Paşinyan hökumətinin uğursuz siyasəti nəticəsində Rusiya ilə münasibətlərdə soyuqluq yaranması fonunda Moskvanın Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində Azərbaycan ilə müzakirə aparması Bakının maraqlarının gücləndirilməsi ilə nəticələnə bilər. Soçi görüşündən Qarabağla bağlı konkret nəticələr gözləmək tez olsa da, ən azından tərəflər məsələ ilə bağlı görüşlərini yeniləyib və yeni imkanları dəyərləndiriblər”.