Qərbdən Azərbaycana növbəti təzyiq dalğası
Zahid Oruc: “Azərbaycan lobbi fəaliyyətinə hətta rəsmi şəkildə vəsait ayırmalıdır, bu, qəbahət deyil”
Yenixeber.org: “ABŞ hər il öz nüfuz dairəsinin genişlənməsinə 10-12 milyard dollar pul xərcləyir”
Helsinki Komissiyası çərşənbə axşamı Dirksen Senat binasında kleptokratiyaya qarşı korporativ şəffaflıq mövzusunda dinləmə keçirib. Tədbirin əsas müzakirə mövzusu bir sıra hakimiyyətlərin korrupsiya yolu ilə Avropa və ABŞ-da nüfuz əldə etməsinə qarşı mübarizə və ABŞ-ın çirkli pulların yuyulması əleyhinə apardığı siyasətin təkmilləşdirilməsi olub.
Açılış nitqində senator Uaythaus Azərbaycan hökumətinin 2012-2014-cü illər arasında Böyük Britaniyada qeydiyyatda olan 4 böyük şirkət vasitəsilə 2,5 milyard avronun (2,8 milyard dolların) Avropada lobbiçilərə, siyasətçilərə rüşvət kimi verilməsi və bahalı əşyaların alınmasında istifadə olunduğunu iddia edib.
Dinləmələrdə hazırda Amerikada olan Müsavat başqanının müavini Tofiq Yaqublu da iştirak edib.
T.Yaqublu bildirib ki, iclasa konqresmen Şeldon Vaythauz sədrlik edib: “Bununla yanaşı, senatorlar - Ben Kardin, Con Şain, Con Buzman və konqresmen Kvin Mur da toplantıda iştirak edirdilər. Şeldon Vaythauz çıxışına başlayarkən, birinci 2.9 milyar dollarlıq Azərbaycan laundromatından (pulyuyan maşın) söz açdı. Sonra da çirkli pullar, Panama sənədləri və digər məşhur korrupsiya hallarını sadaladı. Bir həftə sonra daha bir ciddi tədbir olacaq. İndidən detalları demək istəmirəm, amma orada da Azərbaycanla bağlı korrupsiya faktları müzakirə olunacaq”.
Ekspertlər Azərbaycana qarşı silsilə şəklində olan bu təzyiqlərin təsadüfi olmadığını deyirlər.
Deputat Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında Qərb dairələrinin Azərbaycanla bağlı sinxron şəkildə hərəkət etdiklərinin yeni olmadığını bildirdi: “Müxtəlif institutlarda dinləmələr aparılır. Nəticə etibarı ilə hər hansı bir qərarlar qəbul edildikdə, mükəmməl bir şəkildə qurulmuş mexanizmi görürsən. Hiss edirsən ki, Amerika və beynəlxalq qurumlar hədəflərini dəqiq qurur, müəyyən edir , buna uyğun da müvafiq fəaliyyət gerçəkləşdirilir. Bunun üçün o qədər də vaxtlarını sərf etmirlər. Çünki əvvəlcədən hər şeyi planlı şəkildə hazırlayırlar. 2.9 milyard dolların beynəlxalq ”camaşırxanalarda" yuyulması məsələsinə gəlincə, bu, gerçəkdən də saxta faktlarla doldurulmuş bir məlumatdır. Əsl həqiqətdə məsələnin əsas bazasına qayıtsaq, məsələnin əsas mahiyyəti budur ki, bir şəxs əlində 16 min ədəd bank kart çekləri ilə bağlı məlumatı Danimarkanın hansısa bir mətbu orqanına təqdim edib. Bu materialla tanış olanda görürsən ki, bir əl boyda yazıdır. Orada göstərilir ki, müxtəlif avadanlıqların alınmasına fərqli rəqəmlərlə pullar keçirilib. Sonrakı günlər ərzində Avropada məlum yüz jurnalistin birləşdiyi o şəbəkə tərəfindən bu materialların götürüldüyü, ora da Xədicə İsmayılın guya daxili araşdırmaları ilə qoşulması fonunda Britaniyanın mətbuat orqanında və digər yerlərdə məlumatlar getməyə başlayıb. Helsinki Komissiyasındakı dinləmələr də onu sübut edir ki, burada əsl həqiqətdə bir neçə qüvvənin maraqları birləşir".
Deputat bölgə dövlətlərinin burada əlinin olması barədə müdhiş iddia irəli sürdü: “Məlumatlarım onu deyir ki, həmin informasiya kütlələrini bir araya gətirən, onun üzərində xüsusi hekayət formalaşdıran mərkəzlər təkcə Qərbdə deyil, eyni zamanda ayrı-ayrı bölgə dövlətlərinin müxtəlif kəşfiyyat strukturları da burada maraqlı olurlar. Azərbaycanı cilovlamaq, xarici siyasətimizi ələ almaq, ölkənin iqtisadi sərvətlərindən pay götürmək istəyidir. Digər tərəfdən, Corc Sorosun adı bugünlərdə ona görə çəkilmişdi ki, o, valyuta ehtiyatlarımızın bir hissəsini öz fondları ilə yönləndirmək, onları koordinasiya etməyə cəhdlər göstərirdi. Burada 3-4 qüvvə eyni nöqtədə çalışır. Müxtəlif şəxslər gedib xarici ölkələrdən avadanlıqlar alıbsa, orada işgüzar fəaliyyət aparırlarsa, bunun Azərbaycan dövlətinə nə aidiyyəti var? Əgər Qərbin siyasətçilərini ələ almaq lazım gəlsəydi, o zaman ölkəmiz əleyhinə qətnamələr niyə qəbul edilirdi? Ən əsası, lobbiçilik fəaliyyətini bizmi kəşf etmişik? Amerikanın idarəetmə fəlsəfəsini mənimsəməyiblər? Görmürlər ki, orada dostluq qrupları hansı kriteriyalarla formalaşır? Çox yaxşı xatırlayıram ki, kifayət qədər oxunaqlı qəzet olan ”Yeni Müsavat"a bir Amerika ermənisi müsahibə vermişdi. O deyirdi ki, azərbaycanlılar Xocalı soyqırımı ilə bağlı gəlib Amerika və Qərbdə təbliğat aparmaq istəsələr, bizimlə də müqavilə bağlasınlar, biz məmnuniyyətlə onların irəli sürdükləri tezisləri, materialları yaymaqda kömək edərik, onların xeyrinə addımlar atırıq. Təsəvvür edin ki, lobbiçilik bu qədər geniş müstəvidədir. 2.9 milyard dollar vəsaitlə bütün Avropa Parlamentini, Avropa Şurasını satın almaq olardı. Reallıqda bunlar baş verməyib. Parlamentdə təklif etmişdim ki, Azərbaycan öz mənafelərini beynəlxalq aləmdə qorumaq üçün müxtəlif vəsaitlər ayırmalıdır. Kimsə bunu qəbahət kimi ortaya qoymamalıdır. Amerika dünyada ən nəhəng ölkələrdən biri sayılır. Amma hər il 10-12 milyard dollar öz nüfuz dairəsinin genişlənməsinə, müxtəlif ölkələrə qarşı fəaliyyətə pul xərcləyir. Təkcə Türkiyədə 20 milyon dollardan artıq vəsait qoyulur. Belə olan təqdirdə Azərbaycan niyə bu vəsaiti ayırmamalıdır? Bu məsələnin kökünə gedincə saxtakarlıqlar və məsələnin kökündə duran maraqlar, çirkin niyyətlər üzə çıxır. Hesab edirəm ki, Helsinki Komissiyasında və digər yerlərdə aparılan müzakirələr ölkəmizi beynəlxalq qurumlardan təcrid etmək, sonrakı dövrlərdə ağır şərtlərlə, sanksiyalar tətbiq etməklə öz qüvvələrini hökumətdə yerləşdirməklə, şərikli idarəetmə niyyətləridir. Ukraynadakı modeli hər kəs gördü. Dedilər ki, Kiyevin meri dünyada öz yumruqları ilə nüfuz qazanmış Kliçko olmalıdır. Pyotr Poroşenko isə seçkilərə getməlidir. İndi də Saakaşvili meydana çıxarılıb. Bütün ssenarilər, planlar Qərb paytaxtlarında cızılır. Ölkəmiz əleyhinə olan planları da hər kəs görməlidir. Kimsə düşünər ki, bu ən çox iqtidar əleyhinədir, yanlış fikirdir. Bu günlər ərzində erməni mediasını izləyənlər görürlər ki, informasiya meydanında necə cəsarətləniblər. Sanki Qarabağda aprel döyüşlərində aldıqları zərbələrə informasiya zərbələri ilə cavab vermək istəyirlər. Düşünürlər ki, sanksiyalar tətbiq olunsa, Azərbaycan aidiyyəti qurumlardan çıxarılsa, Qarabağdakı separatçıların işi asan olacaq. Bu dinləmələr birtərəfli monoloqlardır. Ölkəmizin mövqeyi orada ifadə olunmur. İstənilən qüvvəyə bu məsələnin saxta olduğunu sübut edə bilərik. Belçikadakı səfirimiz, hörmətlə yanaşdığım Fuad İsgəndərov bu məsələlərlə bağlı beynəlxalq medianın birində öz mövqeyini dilə gətirmişdi. Görünən budur ki, bir neçə ölkədə fəaliyyəti gətirib hakimiyyət əleyhinə bir işə çeviriblər".