Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ABŞ Azərbaycanda yeni müxalif birlik yaradır?

 

               Hakimiyyətin ölkə daxilindən sıxışdırılması ssenarisi işə salındı


         "Xeberinfo.com": Vaşinqton “ipə-sapa yatmayan iqtidar”ı ram etmək üçün demokratik qüvvələrin yeni birliyinin yaradılması istiqamətində fəaliyyətə keçir; ortaya böyük spektri əhatə edəcək güc mərkəzinin çıxarılması nəzərdə tutulur, bu format həm də 2015-in parlament seçkilərində Rusiyanı oyundan çıxarmağa hesablanıb

Rəsmi Bakı ilə münasibətləri gərgin olan ABŞ buradakı vəziyyətə müdaxilə, Azərbaycan hakimiyyətinə təsir imkanlarını artırmaq və iqtidarla müxalifət arasındakı qeyri-bərabərliyi aradan qaldırmaq, ölkəmizin özünün geosiyasi maraqlarının yanında dinməzcə yer almasını təmin etmək üçün yeni plan üzərində işləyir.

Mötəbər mənbələrdən “Yeni Müsavat”a daxil olan xəbərə görə, son vaxtlarda baş verən hadisələr ABŞ üçün qəti olaraq bir nəticəni ortaya çıxarıb; nə qədər Azərbaycanda müxalifət, vətəndaş cəmiyyəti əzilirsə, azad söz boğulursa, bir o qədər də Amerikanın burdakı nüfuzu azalır.

Ölkədəki siyasi rəqiblər, az-çox demokratik prinsiplərin qorunmasına çalışan təsisatlar sıradan çıxdıqca hakimiyyət ya ümumiyyətlə  ABŞ-la hesablaşmır, ya da çox güclü basqılardan sonra bəzi məsələlərlə bağlı mövqeyinə cüzi korrektələr edir. Bu isə ABŞ-ın strateji maraqlarına cavab vermir. Xüsusən də postsovet məkanının önəmli ölkələri uğrunda Avropa və ABŞ cütlüyü ilə Rusiya arasında  savaşın getdiyi bir mərhələdə Azərbaycana təsir imkanlarını getdikcə itirmək Amerika üçün böyük bir zərbə sayılır. Azərbaycanda mövqeləri hər gün daha çox zəifləyən ABŞ zaman-zaman hakimiyyətin Rusiyanın yanında yer ala biləcəyi  təhlükəsi ilə üzləşir. Üstəlik, məsələ yalnız əvvəl olduğu kimi, təhdidlə yekunlaşmır; Rusiya Azərbaycanın sərhədlərinə dayanıb və Ukrayna nümunəsi göstərdi ki, vəhşi “rus ayısı” heç bir maneə tanımır.

İndiki mürəkkəb və həlledici mərhələdə Bakının  ABŞ-dan üz çevirərək, hər hansı səbəbdən Rusiyaya doğru meyllənməsi Amerikanın Azərbaycanı ən azından uzun müddətə itirməsi və bununla da postsovet məkanından ağır zərbə alması demək olar. Ötən prezident seçkiləri ərəfəsində ABŞ Dövlət Departamentində çalışan bir diplomat müxbirimizə belə demişdi: “Rusiya bu dəfə də Azərbaycana girsə, daha 100 il onu oradan çıxarmaq mümkün olmayacaq”.

Bütün bunları və bizim bilmədiyimiz təhlükələri də nəzərə alaraq, ABŞ Azərbaycanda müxalifətin, vətəndaş cəmiyyətinin dirçəldilməsi, söz azadlığının boğulmasının qarşısının alınması üçün yeni plan üzərində işləyir. Məlumatlı qaynaqların bildirdiyinə görə, ilkin mərhələdə ölkənin demokratik qüvvələrinə yeni nəfəs verilməsi istiqamətində addımlar atılacaq.  Daha sonra isə Vaşinqtondan və Avropa paytaxtlarından gələn bəyanatların tonu daha da sərtləşdiriləcək və müxtəlif instansiyalar, şəxslər tərəfindən  Azərbaycanda böyük dəyişikliklərə ehtiyac olduğu, bunu zəruri və mümkün edən səbəblər haqda fikirlər səsləndiriləcək. Eyni zamanda müxalifətlə təmaslar artırılacaq.

Əldə etdiyimiz məlumatda bildirilir ki, artıq bu cür təmasların ilkin mərhələsi bir müddət əvvəldən başlayıb. 

Qaynağımız qeyd edir ki, ABŞ-ın Azərbaycanla bağlı yeni planı Avropa dövlətləri ilə də razılaşdırılıb və ölkədəki vəziyyətin dəyişməsi üçün birgə addımların atılmasının vacibliyi bildirilib. Elə son vaxtlarda Azərbaycana səfər edən Fransa və İsveçrə prezidentlərinin müxalifətlə, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə geniştərkibli görüşləri, Bakıya gələn bir sıra beynəlxalq təşkilatların rəhbərlərinin demokratik düşərgə təmsilçiləri ilə sıx təmasları da bu planın tərkib hissəsidir.

ABŞ çox gözəl anlayır ki, onun  Azərbaycana təsir imkanları, burda nüfuzunu qoruyub saxlaya bilməsi və hakimiyyətə müəyyən şərtlərini diktə  etdirməsi ölkə müxalifətinin, vətəndaş cəmiyyətinin güclənməsindən, hakimiyyətə alternativ bir güc mərkəzinin ortada olmasından keçir. Demokratik qüvvələri kifayət qədər zəiflədə bilən hakimiyyət əzici siyasi üstünlüyə malik olduğu dövrlərdə Avropa və Qərblə hesablaşmaq istəmir. Çünki belə məqamlarda həmin qüvvələr daxildə ona hər hansı təhlükə törədə bilmirlər. Xarici təhlükələri isə Rusiyanın yanında yer ala biləcəyi mesajları ilə önləməyə çalışır.
Bütün bunları nəzərə alan ABŞ-ın qeyd etdiyimiz yeni planlarına demokratik düşərgənin dirçəlməsinə və toparlanmasına nail olmaq daxildir.

 Amerika demokratik düşərgənin mümkün qədər geniş formatda bir araya gələrək yeni bir güc mərkəzi kimi ortaya çıxmasında maraqlıdır. Vaşinqton təmsilçiləri bu istəklərini Azərbaycan müxalifətinin ayrı-ayrı təmsilçiləri ilə təmaslarında da gündəmə gətiriblər. Məlumatlara görə, ABŞ təmsilçiləri Azərbaycan müxalifətinin gələn il keçiriləcək parlament seçkilərinə yaxın aylardan başlayaraq hazırlaşmasının və bu hazırlıqlara kifayət qədər geniş spektri əhatə edən formatla start verilməsinin zəruriliyini vurğulayıblar. Amma eyni zamanda bildirilir ki, ABŞ bu qüvvələrin birliyinin yalnız ənənəvi müxalifətdən ibarət olmasını istəmir. Amerika bu formata yeni qüvvələrin, yeni simaların və vaxtilə hakimiyyətdə təmsil olunmuş, vurularaq komandadan uzaqlaşdırılan, Azərbaycanda və xaricdə yaşayan sabiq məmurların, deputatların da təmsil olunmasını istəyir. 

Məlumatın bu məqamla bağlı hissəsində qeyd olunur ki, müxtəlif kanallarla bu məsələ və gələcək planları, siyasi fəaliyyətləri ilə bağlı sabiq nazirlər Fərhad Əliyev və Əli İnsanovun da fikirləri öyrənilib. Ə.İnsanov təmsilçiləri vasitəsilə ölkədəki vəziyyətin dəyişməsi,  hakimiyyətə qarşı alternativ güc mərkəzinin formalaşdırılması, gücləndirilməsi üçün əlindən gələni etməyə hazır olduğunu bildirib. F.Əliyevlə Londonda  təmasa keçən Qərb “desantları” müsbət cavab almayıblar; lakin birmənalı mənfi cavab da olmayıb.  Mənbəmiz deyir: “ABŞ-da hesab edirlər ki, iqtidara alternativ bir güc mərkəzi ortaya qoyulsa,  hakimiyyətdən vurulan nüfuzlu şəxslərin  əksəriyyətinin gələn il bu mərkəzə dəstək verməsini təmin etmək mümkün ola bilər".

Qərb demokratik qüvvələrin bu birliyinin əsasının indidən qoyulmasını və prosesləri indidən öz nəzarətinə almaq istəyir. Çünki 2013-cü ilin prezident seçkiləri göstərdi ki, müxalifətin seçkilərə az müddət qalmış bir araya gəlməsi ciddi problemlər, ən azı seytnot krizisi yaradır. Buna görə də ABŞ onun da tövsiyələri və müəyyən dəstəyi  ilə belə bir birliyin formalaşdırılmasına  seçkilərə bir ildən də çox qalmış bir vaxtda başlanılmasında maraqlıdır. Bütün bunları ABŞ üçün zəruri edən başqa bir səbəb isə 2013-cü ilin prezident seçkilərinə Amerikanın o dərəcədə müdaxilə edə bilməməsi və seçkinin taleyinin həm də noyabra az qalmış Rusiyanın Azərbaycan hakimiyyəti ilə anlaşmasının hesabına həll edilməsidir. ABŞ və Avropa təsisatları Rusiyanın xeyir-duası ilə keçirilən bu seçkilərin legitimiliyini şübhə altına alsalar da, heç nə dəyişmədi. 2015-ci parlament seçkilərində isə ABŞ müxalifəti gücləndirməklə əsas söz sahibi olmaq istəyir.

Amerikanı və Avropanı demokratik qüvvələrin toparlanmasında maraqlı edən digər bir səbəb isə müxalifətin böyük birliyi kimi formalaşdırılan Milli Şuranın bir sıra fiqurlarının ötən il Rusiyanın təsir dairəsində fəaliyyət göstərmələri və bir çox hallarda Moskvanın əlinə oynamaları ilə bağlı informasiyaların olmasıdır.

ABŞ və Avropa dövlətləri Azərbaycanda yaradılması nəzərdə tutulan müxalifətin yeni birliyinin tamamilə Rusiyanın təsirindən kənarda olmasını istəyir. Müxalifətin yeni böyük birliyinin yaranmasını   Qərb və Avropa üçün şərtləndirən əsas amillərdən biri də demokratik qüvvələrin Azərbaycanın avroatlantik məkana inteqrasiyasında maraqlı olmasıdır. Bu məsələ istər-istəməz Avropa  - ABŞ cütlüyü ilə Azərbaycan müxalifəti arasında müttəfiqlik işarəsi qoyur. Bu baxımdan həm Avropa, həm də ABŞ indiki məqamda bu müttəfiqliyin daha da dərinləşməsini və 2015-ci ilin parlament seçkilərində müsbət dəyişikliklərlə nəticələnməsini istəyir.

Onu da qeyd edək ki, son vaxtlar müxalifət düşərgəsində də yeni birliklə bağlı müzakirələr gedir. Müxtəlif partiya sədrləri və funksionerləri demokratik qüvvələrin böyük spektrini əhatə edən bir birlik modelinin tapılmasının vacibliyindən danışırlar. Bu isə heç də təsadüfi deyil. Müxalifətin informasiyalı, Avropa və ABŞ təmsilçiləri ilə təmasda olan nümayəndələri belə bir birliyin yaranacağı təqdirdə beynəlxalq aləmdən böyük dəstək alacaqlarını bilirlər.

Aldığımız məlumatlar əsasında bu yazdıqlarımızdan belə  nəticəyə gəlmək olar ki, yaxın vaxtlarda Azərbaycanda havanın hərarəti ilə bərabər siyasi hərarət də artacaq. Artıq bunun ilkin simptomları var.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam