Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

Stalinə qalmayan Kreml... –onun kitelini geyən Putinin “böyük dövlət”i bərpa etmək əzmi

SSRİ boyda azman dövləti 31 il idarə etmiş, onu öküz qoşulmuş xışla yer şumlayan aqrar ölkədən nüvə dövlətinə çevirmiş, zəif dövləti II dünya müharibəsindən böyük itkilələrlə, amma möhtəşəm qələbə ilə çıxarmış, Rusiyanı dünyanın iki güclü dövlətindən biri etmiş İosif Stalin öləndə “sovet xalqı”nın göz yaşı tökməsi təbii və səmimi idi.

Yenixeber.org: Hamı anlayırdı ki, belə rəhbər bir də gəlməyəcək, heç kəs onun qədər qəddar, amansız, eyni zamanda hiyləgər, uzaqgörən, dövlət məsələlərində güzəştsiz olmayacaq.

Bütün SSRİ tarixinə aid arxivlərin 90 faizi açıldıqdan, Stalinə aid heç bir sirr qalmadıqdan sonra bu şəxsin fəaliyyətinə və cinayətlərinə dair təfərrüatları ən sərt şəkildə yazanlar da etiraf edirlər ki, Stalin rus dövlətini böyüdüb, gücləndirib, rus xalqını dirçəldib, dünyanın yarısının ağası edib. Bu gün ona çox mənfi epitetlər yapışdırırlar, “qanlı diktator” adlandırırlar, amma hamı da bilir ki, Stalin şəxsi planda tamahkar olmayıb, öz bioloji varisləri üçün nəinki milyardlar, milyonlar toplamayıb, heç əmanət kitabçasında da yetərli pulu olmayıb.

Adam yalnız rəhbərlik etdiyi dövlətin gələcəyini düşünüb.

Rusiyanın keçmiş əzəmətini (1945-1985-ci illər arasında) bərpa etmək istəyən Vladimir Putini Stalinin layiqli davamçısı sayırlar. Xüsusilə də son 10 ildə Putin özünü məhz Stalin kimi aparmağa çalışır: bütün seçkilərdə özü və partiyası “qalib gəlir”, siyasi rəqibləri (Boris Berezovski, Mixail Xodorkovski, Boris Nemtsov, Aleksey Navalnı, Mixail Kasyanov, Vladimir Kara-Murza və b.) bir-birinin ardınca bu və digər şəkildə sıradan çıxarılır, qonşu dövlətlərdən sözsüz itaət və loyallıq tələb edir, yadfikirliliyi boğur, demokratiyanın rüşeymlərini məhv edir, dövlət strukturlarına, mediaya, xalqa total nəzarət rejimi tətbiq edir və s.

Onun dünən keçirdiyi “xalq üçün brifinq”dəki açıqlamaları da göstərir ki, Putin Stalindən sonra Rusiyanın başına keçən ən sərt, ən ambisiyalı, ən odioz siyasətçidir. Nə Xruşov, nə Brejnev, nə Andropov-Çernenko cütlüyü, nə də Qorbaçov onun üçdə biri qədər sərtliyə, ötkəmliyə malik olmayıblar.

1953-cü ilin martında sovet xalqı ona görə ağlayırdı ki, Kremldə Stalinə bərabər dövlət xadimi görmürdülər. Gördükləri qorxaq, dəmdəməki, öz dərisini və gerisini düşünənlər idi. Stalin öz ətrafında iradəli şəxsləri yox, müti, sözəbaxan, buyruq qulları olan adamları yığmışdı. Ona görə də qanla, süngüylə, gülləylə qurulmuş SSRİ yavaş-yavaş çöküşə getdi. Qorbaçov sadəcə sutinları çürümüş talvarın üstünə qonmuş və onun çökməsinə səbəb olmuş sərçəydi. Talvarın çökməsində sərçənin rolu nə qədər ola bilərsə, SSRİ-nin süqutunda Qorbaçovun rolu da o qədərdir.

Putin isə elə düşünmür, hesab edir ki, sələfləri Lenin və Stalin kimi, o da nəyin bahasına olursa-olsun, “möhtəşəm Rus diyarında əbədi dost ailəsi” yaratmalı, son rus imperiyasının sərhədlərini bərpa etməlidir. Bu niyyətin nə dərəcədə real olduğu artıq heç kəsə sirr deyil.

Ancaq ortada ciddi fərqlər də var. Stalindən fərqli olaraq Putin idealist deyil, rəsmi olmasa da, dünyanın ən varlı adamlarından biridir. Bu gün heç bir dövlət başçısında olmayan iqamatgahlar, yeraltı bunkerlər, zirehli avtomobillər, yaxtalar, təyyarələr məhz Putində var. Əvəzində onda ölkələri ram etmək, yola gətirmək üçün heç bir cəlbedici ideologiyası (marksizm kimi) yoxdur.

O, bir şeyi də nəzərə almır. Stalinin qurduğu böyük dövlətin, formalaşdırdığı sosialist düşərgəsinin (ADR, Polşa, Çexoslovakiya, Macarıstan, Rumıniya, Bolqarıstan, Albaniya, Yuqoslaviya, Çin, Monqolustan, Şimali Koreya, eləcə də sonradan bu düşərgəyə daxil olan Kuba, Vyetnam, Laos, Kamboca, Əfqanıstan, Nikaraqua, Afrikada özünü sosialis ölkələri sayan diktaturalar və s.) axırı necə oldu? Stalindan sonra inersiya ilə nüfuz dairəsi böyüməkdə olan rus dövləti 1989-91-ci illərdə sarsıldı, bütün vassal dövlətlərini itirdi, öz orqanizmindən isə 14 dövlət ayrıldı.

Putin Rusiyanın “keçmiş əzəməti” nə qədər bərpa etməyə çalışsa da, hətta bunu reallaşdırmağa yaxınlaşsa da, bu avantüranın ömrü onun öz bioloji ömrü qədər olacaq. Sonra Rusiya yenə də “tarixi nailiyyət”lərini əldən verməyə başlayacaq.

Bu, belə də olmalıdır. İmperiyalar və diktaturalar əbədi olsaydı, bu gün monqollar Koreyadan Macarıstana qədər 77 ölkədə ağalıq edərdilər.

Uzun sözün kəsəsi, Putin bu gün yüzminlərlə gənc insanı öz avantürist ambisiyasına qurban verir. 5-10 ildən sonra Rusiya əhalisi 2022-202...-ci illərdə ölkə rəhbərliyinin böyük bir yanlışlıq içində olduğunu xəcalət çəkə-çəkə etiraf edəcək.(musavat)

Araz Altaylı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam