Bahçelidən İYİ Partiyaya İTTİFAQ ÇAĞIRIŞI
Türkiyənin hakim "Cümhur İttifaqı"na daxil olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli müxalifətdəki İYİ Partiyaya çağırış edib.
Yenixeber.org: Çağırış 2024-cü ildə keçiriləcək bələdiyyə seçkilərində ittifaq formalaşdırılması ilə bağlı olub.
Bahçeli bundan əvvəlki seçkilərdə olan çağırışını xatırladaraq deyib: "Çağırdıq, gəlmədiniz yuvaya. Gəlin, yerli iqtidarda qonşu olaq. Ölkənin xeyiri üçün".
İYİ Partiyanın sədr müavini Tolqa Akalın Bahçelinin təklifinə münasibət bildirib.
"Devlet bəy bir üçüncü yol çağırışı edirsə, buyursun, gəlsin. Yox hakimiyyətə peşkəş çəkirsə, bizə ehtiyac yoxdur", - o söyləyib.
Qeyd edək ki, 2017-ci ildə qurulan İYİ Partiyanı yaradanlar MHP-nin partiyadaxili müxalifət nümayəndələridir. İYİ Partiyanın qurucularını Bahçelinin yürütdüyü siyasətdən narazı qalaraq növbədənkənar qurultay çağırmağa çalışdıqları üçün partiyadan xaric olunanlar və buna etiraz əlaməti olaraq MHP-dən istefa verənlər təşkil edir.