Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qəribə qurultay-AÇIQLAMA

YAP rəhbərliyində təmsil olunanların bir çoxu sabah keçiriləcək növbədənkənar qurultaydan xəbərsizdir, hansı məsələlərin müzakirə olunacağını bilən yoxdur

Yenixeber.org: Sabah Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçiriləcək. Qurultayda partiyanın rəhbər strukturlarında ciddi dəyişikliklərin olacağı, İdarə Heyəti, Siyasi Şura və icra aparatında təmsil olunan şəxslərin yeni simalarla əvəzlənəcəyi gözlənilir.

Növbədənkənar qurultayla bağlı ən önəmli məqamlardan biri ölkənin siyasi həyatına ciddi təsir edəcək tədbirin ictimaiyyətdən demək olar ki, gizli saxlanılmasıdır. Belə ki, hələ fevralın 22-dən qurultaya hazırlıq barədə müxtəlif mənbələrdən məlumatlar yayılsa da, YAP funksionerləri, partiyanın Siasi Şurasında təmsil olunan şəxslər növbədənkənar qurultayın keçiriləcəyi barədə xəbərləri ya təkzib edir, ya da bu barədə məlumata malik olmadıqlarını söyləyirdilər.

İki gün əvvəl YAP-ın martın 5-də növbədənkənar qurultay keçirəcəyi barədə cəmi bir cümləlik məlumat yayıldı. Ancaq maraqlı burasındadır ki, YAP funksionerləri ən müxtəlif media mənsublarının qurultayla bağlı sorğularına “bu barədə məlumatım yoxdur” deyə cavab verirlər. Bu gün isə məlum olur ki, YAP-ın sabah keçiriləcək növbədənkənar qurultayı, Nizamnamədə göstərildiyi kimi, rayon təşkilatlarında konfranslar keçirib qurultaya nümayəndələr seçməklə deyil, yalnız Siyasi Şura üzvlərinin və rayon təşkilatlarının sədrlərinin iştirakı ilə keçiriləcək. Artıq partiyanın bütün rayon təşkilatlarının sədrləri sabahkı qurultaya dəvət olunub. Üstəlik, növbədənkənar qurultayda iştirak edəcək bütün şəxslər mərkəzi qərargaha dəvət olunaraq koronavirus testindən keçiriliblər.

Bəs, görəsən, hakim partiyanın növbədənkənar qurultayını bu cür tələm-tələsik, həm də geniş ictimaiyyətdən az qala gizli şəkildə keçirməsinə səbəb nədir? Qurultayda hansı dəyişikliklər olacaq?

Bu sualla nüfuzlu YAP funksionerlərinin bir neçəsinə müraciət etmişik. Onların cavablarını təqdim edirik:

YAP İdarə Heyətinin üzvü, Ağsaqqallar Şurasının sədr müavini, məşhur “91”lərdən olan Eldar İbrahimov:

“YAP-ın qurultay keçirəcəyi barədə mənim məlumatım yoxdur. Orada hansı məsələlərin müzakirə ediləcəyini də bilmirəm”.

YAP Siyasi Şurasının üzvü Musa Musayev:

“Qurultay barədə heç bir məlumatım yoxdur. Qurultay keçirmək üçün əvvəlcə rayon təşkilatlarında konfranslar keçirilməlidir. Amma hələ yerlərdə konfranslar keçirilməyib. Bu, necə ola bilər ki, YAP qurultay keçirir, Siyasi Şura üzvlərinin məlumatı yoxdur. Üstəlik, rayon təşkilatlarında qurultaya nümayəndələr də seçilməyib”.

“Belə görünür ki, YAP növbədənkənar qurultayını gizli şəkildə keçirir. Buna münasibətiniz necədir?” sualına M. Musayev “vallah, bilmirəm, mənim bu suala cavab vermək imkanım yoxdur”, – deyə cavab verdi.

YAP-ın qurucularından biri, partiyanın Səbail rayon təşkilatının Siyasi Şurasının üzvü Əli Əlirzayev:

“Bəli, sabah YAP-ın növbədənkənar qurultayı keçiriləcək. Məni qurultaya çağırmayıblar. Ümumiyyətlə, Heydər Əliyevdən sonra onun silahdaşları bir qədər kənarda saxlanılır, vaxtilə partiyanın quruculuq işlərində iştirakdan imtina edənlər,  Heydər Əliyevlə bir yerdə olmaqdan qorxan adamlar indi partiyada rəhbər vəzifələr tuturlar. Eşitdiyimə görə, sabahkı qurultayda həmin adamların bir çoxu vəzifədən uzaqlaşdırılacaq, artıq onlar partiyada söz sahibi olmayacaqlar. Partiyanın rəhbər strukturları yenidən formalaşacaq. YAP-da çox ciddi dəyişiklər olacaq. Amma pandemiyaya görə konfranslar keçirilmədi, növbədənkənar qurultay hazırkı şəraitə uyğun olaraq bir qədər başqa formada təşkil olunacaq. Bu da normal haldır. Çünki bütün dünyada, Azərbaycanda ciddi dəyişikliklər baş verib, yeni tələblər meydana çıxır. YAP da bu tələblərə cavab vermək üçün rəhbər strukturlarda islahatlar aparmalıdır və aparılacaq. Nəyin necə dəyişdiyini qurultaydan sonra görəcəyik. Amma yenə deyirəm, məni qurultaya çağırmayıblar, ordan-burdan eşidirəm ki, pariyada rəhbər vəzifə tutan adamlar işdən kənarlaşdırılacaq”.

Xatırladaq ki, YAP-ın yerli şəkilatlarda konfranslar keçirmədən, səlahiyyətli nümayəndələr seçmədən qurultay keçirməsi Nizamnaməyə zidd hesab olunsa da,

İdarə Heyəti və Siyasi Şuranın partiya rəhbərliyində dəyişiklik aparmaq səlahiyyətinə malik olduğu deyilir. Bildirilir ki, İdarə Heyəti və Siyasi Şuranın üzvləri qurultay səlahiyyətli nümayəndələrdir. Üstəlik, sabah keçiriləcək növbədənkənar qurultayda partiyanın rayon və şəhər təşkilatlarının rəhbərinin iştirakı təmin ediləcək ki, bu da da veriləcək qərarların legtimliyini gücləndirmək məqsədi daşıyır.(pressklub)

Elxan Salahov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam