Azərbaycanın oyuncaq rejimə və havadarına əks-zərbəsi qəfil və ağrılı olacaq! Kremlə yaxın nəşr: “Cənubi Qafqaz dramatik hadisələr ərəfəsindədir...”
Yenixeber.org: Qarabağın nəzarətimizdən müvəqqəti kənarda qalmış hissəsində separatçı tör-töküntülərlə Rusiya bədməramlı qüvvələrin dövlətimiz əleyhinə ortaq demarşları təhlükəli xarakter alıb. Həyasızlıq, özündənrazılıq və cəzasızlıq hissi o həddə çatıb ki, “Şeytan yuvası”ndan Bakıya hətta ultimativ tələblər və hədələr səslənir, “vaxt” qoyulur, Ağdam-Əsgəran yolu kəsilir.
Neçə gündür arası kəsilməyən bu qəbil təxribatlara görə məsuliyyətdən Moskva nə qədər öz yaxasını kənara çəkməyə çalışsa da, Bakıya artıq dil yox, diş göstərən oyuncaq rejimin arxasından Kremlin “böyük qulaqları” apaydın görünür. Elə təkcə Xocalı hava limanı ərazisində, Rusiya kontingentinin ofisi qarşısında hələ də Rusiya, Ermənistan bayraqları və separatçıların əski parçasının (!) yan-yana asılması özlüyündə hər şeyi deyir və Moskvanın gerçək niyyətini qabarıq ifadə edir. Sanki bu ərazilərin Azərbaycana heç bir dəxli yoxdur.
Bu, sözsüz ki, həm də Rusiyanın suveren dövlətimizi ələ salmasıdır. Rusiya XİN-in 15 iyul təxribatçı bəyanatı buna şəkk-şübhə saxlamadı. Qısası, Moskva bir müddətdir separatçı “kartı” ilə Azərbaycan əleyhinə açıq oynamağa başlayıb...
*****
Azərbaycan təbii ki, bütün bu siyasi oyunbazlıqlara, eyni zamanda 10 noyabr kapitulyasiya sənədinin 4-cü bəndinə daban-dabana zidd oyunbazlıqlara uzun müddət dözüm göstəməyəcək. Bunu, deyəsən, Putinin imzası duran 22 fevral (2022) Moskva bəyannaməsini çoxdan unutmuş Rusiyada da hiss eləməyə başlayıblar. Rəsmi Kremlə yaxın “Kommersant” qəzetindəki srağagünkü məqalə bu xüsusda diqqət çəkir. Məqalənin müəllifi ermənipərəst siyasi şərhçi Maksim Yusindir.
“Son onillik ərzində Rusiya ilə Azərbaycanın münasibətlərində ən ciddi böhran yaranıb. Ola bilsin Cənubi Qafqaz dramatik hadisələrin astanasındadır. Bu, Rusiya və Azərbaycanın xarici işlər nazirlikləri arasında görünməmiş kəskin bəyanat mübadiləsindən sonra aydın oldu” - yazının girişində bildirilir.
Müəllifə görə, Rusiya XİN-in 15 iyun bəyanatında Bakıya qarşı birbaşa hücum olmasa da, mətndən aydın olur ki, guya Azərbaycanın Qarabağı “blokadası” böhrana səbəb olub: “Azərbaycanın cavabı dərhal və görünməmiş dərəcədə sərt oldu. Rusiya XİN-in mövqeyi qəbuledilməz adlandırıldı, üstəlik, prezidentlər Putin və Əliyev tərəfindən ötən ilin fevralında qəbul edilmiş Bakı və Moskva arasında müttəfiqlik əməkdaşlığı haqqında bəyannaməyə uyğun gəlmədiyi vurğulandı”.
Şərhdə Azərbaycan XİN-in cavab bəyanatından ən sərt məqam kimi erməni silahlı birləşmələrinin qalıqlarının Azərbaycandan hələ də çıxarılmaması qeyd olunur: “Üstəlik, bildirilir ki, həmin birləşmələrə Rusiya sülhməramlı kontingentinin nəzarəti altında dəstək verilir. Başqa sözlə, Bakı birbaşa Moskvanı... acizlikdə və könülsüzlükdə ittiham edir. Əlavə olaraq, Qarabağdan erməni silahlı birləşmələrinin qalıqlarının çıxarılmasına nail olmaq əzmini göstərir”.
Müəllifin fikrincə, Bakının getdikcə daha qətiyyətli olan bəyanatları heç bir şübhə yeri qoymur ki, Prezident Əliyev və onun komandası hadisələrin inkişafını sürətləndirməyə hazırdır: “Onlar Qarabağda Rusiya sülhməramlılarının "nizam-intizam" və “status-kvonun” qorunub saxlanılmasına “çalışdığı” 5 ilin sonuna qədər gözləməyə bilərlər".
Bundan əlavə, məqalədə Bakının bəyanatından sonra sülhməramlıların artıq Azərbaycan üçün bitərəf hesab edilmədiyi vurğulanır: “Bu isə o deməkdir ki, onların mövcudluğu Azərbaycan Ordusunun Xankəndi və ətraf əraziləri qanunsuz silahlı birləşmələrin qalıqlarından təmizləməsinə mane olmayacaq. Bakı Ermənistanın müdaxilə etməyəcəyinə ümid edir (hətta müdaxilə etsə belə, qüvvələr nisbəti birmənalı olaraq Azərbaycanın xeyrinədir). Qərbə gəlincə, bu gün onlar da Qarabağ ermənilərinin müdafiəsinə qalxmağa hazır deyil. Bakının döyüşkən ovqatını nəzəri cəhətdən durduracaq yeganə şey iqtisadi sanksiyalar, ilk növbədə neft və qazla bağlı məhdudiyyətlər ola bilər. Amma Qərb bunu edə bilməz. Onun üçün əsas rəqib Moskvadır və Azərbaycanın enerjidaşıyıcıları məhz Rusiyaya alternativ hesab olunur. Kremlə gəlincə, Azərbaycan Rusiyanın reaksiyasından o qədər də qorxmur. Görünür, onlar hesab edirlər ki, Rusiya Ukraynada çox dərin bataqlığa düşüb və Cənubi Qafqazda özünə qarşı daha bir cəbhə açmağa nə istəyi, nə də gücü və potensialı var”.
*****
“Bütün bunlar hibrid müharibənin tərkib hissəsidir. Baş verənlər əslində Ermənistanın və separatçıların dalana dirəndiyini, çarəsiz qaldığını, həllin yaxınlaşdığını göstərir”.
Məlumata görə, bu sözləri Axar.az-a separatçıların Xankəndidəki aksiyalarının səbəb və məqsədləri haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.
General separatçıların bütün bəhanələr tükəndiyi üçün “məzlum xalq” rolunu oynamağa başladıqları qənaətindədir: “Ortada qurulan bir oyun var. Haqsız və tələblərinin hüquqa zidd olduğunu çox yaxşı bilirlər. Azərbaycanın suveren torpaqlarında beynəlxalq hüququ tapdalayaraq varlıqlarını davam etdirməyə çalışırlar. 28 illik işğal dövründə arxalarında duranların dəstəyini görmədikləri üçün də xristianlıqdan dəm vururlar, "əzilən xalq" rolunu oynayırlar, yaxud Azərbaycan və Türkiyənin “xoş niyyətli olmadığı” üçün özlərini davamlı müdafiə etmək ehtiyacı duyduqlarını deyirlər".
Ekspertə görə, əsas çətinlik indi sülhlə bağlı danışıqların, təklif edilən variantların ölkələr baxımından birdən çox olmasıdır: “Yəni ortada Rusiya, ABŞ, İran və Fransa kimi ölkələrin, Avropa Birliyinin maraqları var. Azərbaycanın mövqeyi sabit, konkret və beynəlxalq hüquqa uyğundur. Amma qarşı tərəf onillərdir ərkəsöyünlüklə insanların mərhəmət duyğusu ilə, hüquqa baxışı ilə oynayır, ağlaşma qurmaq taktikası ilə təbliğat aparır. Bu, böyük bir oyunun, ssenarinin son pərdəsidir. Əslində hər kəs bütün olanları görür, dünya daha əvvəlki deyil”.
Yücel Karauz Rusiyanın da tezliklə Qarabağı tərk etməli olduğunu bildiyini, buna görə də ermənilər arasında onlar olmadan fəlakət baş verəcəyi fikrini formalaşdırmaq istədiklərini qeyd edib: “Əlbəttə ki, Xankəndidəki bütün proseslərdə Rusiyanın barmağı var”.
Bu “barmağı” əlbəttə ki, hamıdan yaxşı Bakıda görür və ciddiyə alırlar. Odur ki, əks-zərbəmiz qəfil və ağrılı olacaq...(musavat)