BMT-də Mirzoyanın müavini ifşa olundu
Ölkəmə qarşı otuz ilə yaxın təcavüzü zamanı Ermənistan çoxsaylı hərbi cinayətlər törətmiş, nəticədə on minlərlə dinc sakin həlak olmuş, kütləvi etnik təmizləmə aparılmış, yaşayış məntəqələri dağıdılmış və mədəniyyət məhv edilmişdir.
Yenixeber.org:Bu fikirləri Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda İsveçrənin sədrliyi ilə çağırılan təşkilatın Təhlükəsizlik Şurasının “Silahlı münaqişələrdə mülki əhalinin müdafiəsi” mövzusuna həsr olunmuş çıxışı zamanı deyib.
Səfir bildirib ki, bu vəhşiliklərin miqyasını münaqişə ilə bağlı itkin düşmüş 4 minə yaxın Azərbaycan vətəndaşı, o cümlədən Ermənistanın taleyinə aydınlıq gətirməkdən çəkindiyi 719 mülki şəxs də sübut edir.
“Azərbaycanlı əsirlərin əksəriyyəti döyülüb, şikəst edilib, aclıq və təhqir kimi ağır işgəncələrə məruz qalıb. Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş çoxsaylı vəhşiliklərin günahkarları beynəlxalq hüquqa açıq-aşkar məhəl qoymadan cəzasız qalmağa davam edirlər”, - deyə o bildirib.
Yaşar Əliyevin sözlərinə görə, münaqişə zamanı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozaraq mülki əhalini və mülki infrastrukturı hədəf alıb. Səfir münaqişənin sona çatmasına baxmayaraq, Ermənistanın hələ də Azərbaycan ərazisinə yerləşdirdiyi minalar haqqında məlumat vermədiyini diqqətə çatdırıb.
Diplomat Ermənistanın xarici işlər nazirinin müavininin çıxışı zamanı verdiyi yalan bəyanata da aydınlıq gətirib:
"Həmin bəyanatda Laçın-Xankəndi yolunun "blokadası", Azərbaycanın Qarabağ iqtisadi rayonunda elektrik enerjisi və təbii qazın kəsilməsi və etnik təmizləmə, "soyqırımı niyyəti" ilə bağlı iddialar açıq-aşkar yalan və təxribat xarakterlidir. Azərbaycan heç vaxt sakinlərin yolda sərbəst hərəkətə, eləcə də, ərzaq, dərman və digər humanitar məqsədlər üçün istifadəyə və Beynəlxalq Qızıl Xaç Komitəsinin çıxışına əngəl yaratmayıb. Ermənistanın bu kimi yalanlarını ifşa edən çoxsaylı sənədləşdirilmiş sübutlar da təsdiqləyir.
Sərhəd-keçid məntəqəsinin yaradılmasına gəlincə, bu, hər hansı digər dövlətin öz sərhədlərini qorumaq və müdafiə etmək və sərhəd nəzarətini qurmaq hüququ kimi Azərbaycan Respublikasının danılmaz suveren hüququdur. Bu hüquq ərazi suverenliyi və bütövlüyünün təməl prinsiplərinə və Azərbaycanın yol boyu hərəkət edən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə təminat vermək vəzifəsinə əsaslanır. Təhlükəsizlik Şurası dəfələrlə təsdiqləyib ki, ölkələrin sərhədlərinin təhlükəsizliyi üzv dövlətlərin suveren səlahiyyətidir. Ermənistan anlamalıdır ki, dezinformasiya sülh, sabitlik və barışıq məqsədlərini sarsıdır", - daimi nümayəndə vurğulayıb.