Yenixeber.org: Siyasi şərhçi Aleksandr Srbinovskinin yazdığı məqalədə qeyd edilir ki, sadə ermənilər inqilab yolu ilə hərbi cani Serj Sarkisyanı devirən Paşinyanın "Məxməri inqilabı"na böyük ümidlər bəsləyirlərmiş. Amma son illərdə Ermənistanın demokratik mənzərəsi daha da qaranlıqlaşıb. Hazırda isə yarıtmaz hakimiyyət aktiv şəkildə qeyri-demokratik idarəçiliyə, hətta avtoritarizmə doğru addımlayır.
Məqalədə İrəvanın anti-demokratik addımlarına dair tutarlı faktlar da göstərilib. Məsələn, Srbinovski qeyd edir ki, erməni siyasi fəallar və jurnalistlərin təqib olunması indi daha çox narahatlıq doğurur. Bu faktlar hətta demokratik təsisatların fəaliyyətinin qiymətləndirilməsi üzrə ixtisaslaşmış bir sıra QHT-lərin illik hesabatlarında da öz əksini tapır.
"Freedom House" son illik hesabatında Ermənistanda siyasi hüquqlar və vətəndaş azadlıqları ilə bağlı qiymətləndirməsini aşağı salıb. Məlumatda bildirilir ki, rəngli inqilabla, demokratiya vəd edərək hakimiyyət kürsüsünə yiyələnən Paşinyan siyasi dissidentlərə, jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı genişmiqyaslı tədbirlər həyata keçirir.
Misal olaraq "Cytrox" şirkəti tərəfindən yaradılmış "Predator" casus proqram təminatının hökumət tərəfindən qeyri-qanuni istifadəsinin aşkar edilməsi göstərilir. İrəvanın hakim "demokratlar"ı bu proqram təminatından geninə-boluna yararlanaraq jurnalistlərə, dissidentlərə və hüquq müdafiəçilərinə hücum etmək üçün istifadə ediblər. Hətta yerli media bir neçə dəfə bu mövzuya toxunaraq erməni müxalif siyasətçilərin elektron cihazlarının ələ keçirilməsi ilə bağlı məqalələr də dərc edib.
Amma maraqlıdır ki, bütün bunlara baxmayaraq beynəlxalq təşkilatlar nə Paşinyanı, nə də ümumilikdə İrəvanı qınayan hansısa bəyanatlar yaymayıblar. Görünür bu səbəbdəndir ki, İrəvan "Predator"la kifayətlənməyib. Yəni Paşinyanın komandası digər casus proqramlarını da dövriyyəyə buraxıb. Erməni müxalifətinin liderlərindən sayılan Artur Vanetsyan bir müddət öncə mətbuata çıxaraq 2021-ci ildə telefonlarına məşhur "Pegasus" casus proqramlarının quraşdırıldığını iddia etdi. Bu açıqlamaya və ondan sonra ölkədə yaranmış siyasi qalmaqala baxmayaraq, erməni jurnalistlərə və müxalifətçilərə qarşı "Peqasus"dan istifadənin qarşısı alınmadı. Əksinə, onların izlənilməsi gücləndirildi. Ermənistanda sosial media mütəxəssislərinin 2022-ci ilin noyabrında apardığı araşdırmalara görə, "Pegasus" hələ də əsas müxalifət fiqurlarına və media nümayəndəlirin fəaliyyətini gizli şəkildə izləyə bilir.
Srbinovski qeyd edir ki, ölkədə cərəyan edən anti-demokratik proseslər təkcə fəallara qarşı casusluq tədbirləri ilə məhdudlaşmır.
“İndi aşkar görünür ki, baş nazir devirdiyi əvvəlki hökumətin üzvlərini təqib etməyə başlayıb. Məsələn, iki keçmiş müdafiə naziri siyasi motivlər səbəbindən həbs edilib və ya ittiham olunur. 2008-2016-cı illərdə nazir olmuş Seyran Ohanyan 2020-ci ildə 2 milyon dollardan çox dövlət vəsaitini mənimsəməkdə ittiham edilib. Oxşar ittiham 2021-ci ildə saxlanılan digər keçmiş müdafiə naziri David Tonoyana qarşı da irəli sürülüb”, - Srbinovski vurğulayıb.
Digər anormal hal Ermənistanın yeni yaranmış "demokratiya"dan artan qeyri-liberalizmə nə qədər sürətlə keçməsidir.
Qərbdən təzyiqlər görməyən Nikol ikinci dalğaya start verdi. Hazırki komanda 2021-ci ilin yayında keçirilən növbədənkənar seçkilərdə qalib gəldikdən sonra ölkədə vəziyyət sürətlə dəyişməyə başladı.
Çünki Paşinyan müharibədəki məğlubiyyətinə rəğmən hakimiyyətdə qala bildiyini gördü. O, xalq düşmənlərinin ovlanması ilə bağlı yarımçıq qalan işini – Stalin dövründəki "təmizləmələri" xatırladan prosesi bərpa etdi.
İlkin olaraq İrəvandakı "sorosçu"lara qarşı çıxan erməni diasporunun nümayəndələri hədəf götürüldü. Məsələn, hakimiyyət Fransadakı erməni diaspor təşkilatının sədri Murad Papazyanı qara siyahıya aldı. O, 2022-ci ilin iyulunda ölkəyə buraxılmadı. Papazyanın ölkəyə girişinə ona görə qadağa qoyuldu ki, diaspor rəhbəri 2021-ci ildə Parisdə Paşinyan əleyhinə keçirilən etiraz aksiyalarda aktiv iştirak etmişdi.
"The National Interest"in "erməni demokrat"iyasına dair məqaləsində qeyd edilir ki, Paşinyanın qara siyahısı təkcə Papazyanla məhdudlaşmadı. Çünki Avqustun 1-də Hollandiyadan Zvartnots hava limanına gələn 2 erməni diaspor fəalı təhlükəsizlik işçiləri tərəfindən geri qaytarılmışdılar. Massis Abramyan və Syune Abrahamyan adlı fəallar da Papazyan kimi Paşinyana qarşı olduqları üçün persona non qrata elan edilmişdi.
Müəllif həmçinin media azadlığı ilə bağlı durumun daha da pisləşməsindən gileylənib. Avropa Media Azadlığı Resurs Mərkəzinin məlumatına görə, Ermənistanda media azadlığı məhdudlaşdırılır.
“Paşinyan və komandasının "Məxməri inqilab" zamanı və ondan sonra verdiyi vədlərə, hətta cəmiyyətin müharibədə uduzmuş Nikola 2021-ci ildə keçirilən növbədənkənar seçkilərə daha bir şans verməsinə baxmayaraq Ermənistandakı siyasi ab-hava mənfi istiqamətdə dəyişir", - Srbinovski yazıb. O, ölkə rəhbərinin nifrəti hakimiyyət prinsipinə, yalanı isə idarəetmə formasına çevirdiyini xüsusi olaraq vurğulayıb.
The National Interest:"Paşinyan Ermənistanı avtoratizmə sürükləyir"
Ermənistanın baş naziri Nikol Paşinyan avtoritar rejim yaratmağa çalışır. Bu barədə məşhur "The National Interest"də geniş məqalə dərc edilib.