İşğaldan azad edilmiş ərazilərimizdə Ermənistanın reallaşdırdığı terror və diversiya fəaliyyəti, minalamalar, habelə insan haqlarının pozulması və vətəndaşlarımızın yaşamına real təhdidlərin yaradılması problemlərini rəsmi Bakı beynəlxalq məhkəmələrdə də çözmək niyyətindədir.
Yenixeber.org: BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddia da bununla bağlıdır.
Rəsmi İrəvan hadisələrin gedişatını qabaqlamaq və tamamilə haqsız olduğu halda haqlı tərəf qismində görünmək məqsədilə Xankəndi-Laçın yolundakı vəziyyəti tamamilə subyektiv, qərəzli, əsassız və yalan formatda təqdim edərək "zərərçəkən tərəf" statusunu əldə etməyə çalışır.
Haaqada, Sülh Sarayında yerləşən Beynəlxalq Ədalət Məhkəməsi (International Court of Justice, İCJ) dünən məhz Ermənistanın və ələlxüsus da Avropa ölkələri ilə ABŞ-dəki erməni diaspor təşkilatlarının, habelə, erməniləri dəstəkləyən siyasətçilərin və strukturların aşkar pressinqi nəticəsində İrəvanın Bakıya qarşı iddiasına baxıb.
Qərar da, yumşaq desək, obyektivlikdən və normallıqdan çox uzaq olub.
Məhkəmənin ilkin qərarında deyilir: "Ermənistanın Azərbaycana qarşı qaldırdığı iddiaya baxaraq qərara gəldik ki, işlə bağlı yekun qərardad verilənədək Qətnaməyə uyğun olan öhdəliklərinə müvafiq olaraq Laçın dəhlizi ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətini təmin etməlidir. Məhkəmə hesab edir ki, müvəqqəti tədbirin görülməsi vacibdir və vurğulayır ki, Azərbaycan Laçın dəhlizi ilə insanların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini mütləq təmin etməlidir. Məhkəmə hesab edir ki, ərzaq və dərman çatışmazlığı insanların həyatları üçün qarşısıalınmaz fəsadlara səbəb ola bilər. Təbii qaz təminatının kəsilməsinə gəldikdə isə qaz təminatı problemi və xüsusilə, bu problemi Azərbaycanın yaratması ilə bağlı Ermənistan yetərli dəlillər təqdim edə bilməyib".
Məhkəmədə Azərbaycanın Ermənistana qarşı iddiasına da ilkin baxış keçirilib.
Azərbaycan İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında beynəlxalq konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işlərində Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarını qeydə alır.
İCJ-nin 7 dekabr 2021-ci il tarixli qərarına uyğun olaraq, Ermənistanın tərəflərin mübahisəsini gərginləşdirməkdən çəkinmək barədə hələ də öhdəlik daşıdığının Məhkəmə tərəfindən bir daha təsdiq edilməsini alqışlayırıq.
Ermənistan tərəfindən minaların yerləşdirilməsinin müvəqqəti tədbirlərin tətbiq dairəsinə uyğun olmamasına dair əvvəl gəldiyi nəticəyə yenidən baxılmaması mahiyyət üzrə qərar deyil və Azərbaycan Ermənistanın bu xüsusda məsuliyyətə cəlb edilməsi istiqamətində səylərini davam etdirəcək.
Həmçinin, Azərbaycan tərəfindən etirazların “təşkili və dəstəkləməsini dayandırması” və Qarabağa “təbii qaz və digər kommunal xidmətlərin verilməsini dərhal bərpa etməsi” iddiaları ilə bağlı Ermənistanın müvəqqəti tədbirlər tələblərinin Məhkəmə tərəfindən rədd edilməsi adekvat qərardır.
Məhkəmə öz qərarında Azərbaycanın səlahiyyətləri daxilində Laçın yolu boyunca təhlükəsiz hərəkəti təmin etmək üçün sərəncamında olan bütün addımları atdığı və atacağına dair, habelə 10 Noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirdiyi barədə Azərbaycanın səylərini nəzərə alıb.
Azərbaycan beynəlxalq hüquq çərçivəsində əhalisinin hüquqlarını müdafiə etməyə və Ermənistanı davamlı olaraq ağır insan haqları pozuntularına görə cavabdehlik daşımasını tələb etməyə davam edəcək.
Haaqadakı İCJ-nin inadla "Laçın dəhlizi" adlandırdığı Laçın-Xankəndi yolundakı situasiya qərarda bəhs edilən vəziyyətlə tam ziddiyyət təşkil edir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.
2022-ci il dekabrın 12-dən etibarən etiraz aksiyası başlayıb.
Yəni bu gün artıq 74-cü gündür ki, Laçın-Xankəndi yolunda aksiyadır və ötən müddət ərzində həmin yol vasitəsilə Ermənistandan Azərbaycan şəhəri Xankəndiyə və əks istiqamətdə müxtəlif tipli, təyinatlı nəqliyyat vasitələrinin 6500-dən artıq keçidi qeydə alınıb.
Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti operativ-nəzarət arealındakı ərazilərdə olan ermənilərin "dərman və ərzaq qıtlığı" ilə qarşılaşması isə bütünlüklə Xankəndidəki separatçı rejimin propaqanda ünsürüdür.
Həmin ərazilərdə "120 min erməni ərzaq talonları ilə qida ehtiyaclarını təmin etmək məcburiyyətində qalıblar" deyən separatçı rejim nə "sirr"dirsə, talonların çapı başlanan ilk gündən bəri sutkada maksimum 43220 talonu dövriyyəyə buraxıb.
Həmin kağız parçalarının yetkinlik yaşına çatmışlarla yanaşı, həddi-büluğa çatmamış ermənilərə də verilməsinin aksiomatik şərt kimi bəyan edildiyini xatırladaq.
Belədə "120 min erməni" çox sürətlə azalır və bəlli olur ki, bəhs edilən rəqəmə Xankəndidəki rejim 2-ci Qarabağ Müharibəsi başlayandan bitənədək yaşayış yerlərini tərk edərək Ermənistana yollanmış qarabağlı erməniləri də şamil edib.
BMT-nin əsas 6 strukturundan biri sayılan və Haaqada yerləşən İCJ 1946-cı ilin aprelin 18-də keçirdiyi ilk iclasdan bəri fəaliyyət prinsipi olaraq "Asta gedən usta gedər" deyimini seçib.
İCJ-də, yəni Beynəlxalq Ədalət Məhkəməsində qərarların qəbuledilmə prinsipi barədə Britaniyanın sabiq baş naziri Toni Bler belə demişdi: "Bu məhkəmə iddialara baxanda əvvəlcə "müvəqqəti, ilkin qərar" kimi sırf populist, tərəflərdən birinin tələblərinə uyğunlaşdırılmış qərar verir. Sonra əks tərəfin kəskin etirazlarından sonra "müzakirə"lər başlanır və beləcə, proses həddən ziyadə uzanır".
Məhkəmə bu və ya digər iddiaya (işə) baxıla biləcəyi ilə bağlı önləyici qərar vermək statutuna malikdir. Məsələn, İCJ tərəflər arasında kompromis qərarın qəbul edilməsinə, yaxud mübahisə predmetinin ümumiyyətlə baxılmasına zərurət duyulması ilə bağlı mövqeyini bəyan edə bilər.
İCJ mütləq şəkildə iddia və ya mübahisə ilə bağlı BMT Təhlükəsizlik Şurasının məsləhətinə (əgər varsa) baxır, habelə, tərəflərin müstəqil şəkildə problemi həll etmək istəkləri olarsa, bunu nəzərə alır.
İCJ-nin Ermənistanın saxta və əsassız iddiaları əsasında "Laçın dəhlizi" ifadəsinin yer aldığı ilkin qərarına gəldikdə isə təəccüblü heç nə yoxdur.
Haaqadakı bu strukturda bütün müvafiq bəyanatların və az qala and-qəsəmli açıqlamaların məzmunu ilə sayına rəğmən, sübutlarla dəlillərin dəqiq təqdimat, həmçinin, təhlil sistemi yoxdur.
İCJ-də indiyədək dəfələrlə qalmaqallı proseslər olub ki, məhkəmə tərəflərdən birindən və ya bəzi hallarda hər ikisindən "törəmə dəlillərin təqdimatı"nı tələb edib.
Bu isə Beynəlxalq Ədalət Məhkəməsində sübutetmə standartları ilə bağlı diskussiyaların yaxın illərdə başa çatmayacağına dəlalət edir.
İCJ-nin qərarlarının yerinə yetirilməsi isə adi məhkəmələrdəki prinsipin təkrarı olsa da, adətən BMT-nin digər strukturları ilə qarşılıqlı əlaqələr hesabına təmin edilir.
Amma İCJ qərarlarının və hökmlərinin yerinə yetirilməməsi ilə bağlı yetərincə uzun, geniş və miqyaslı siyahı mövcuddur.
Məsələn, Çexiya ilə Macarıstan arasındakı "Qabçikovo-Nadmaroş" mübahisəsində İCJ tragifars meydanına çevrilmişdi.
Vəziyyət indi də ürəkaçan deyil.
Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının arasında imperativ məzmunlu hökmlər, "ilkin və ya aralıq qərar" adı ilə obyektivlikdən çox uzaq tələblərin səsləndirilməsi və s. adi haldır.
İCJ faktiki olaraq BMT-nin qlobal miqyasda geosiyasi, iqtisadi, hərbi və siyasi münaqişələri nizamlaya bilməyən, effektivlik əmsalı çox aşağı beynəlxalq təşkilata çevrildiyini, özününsə Haaqadakı Sülh Sarayında yerləşərək bəzən sülhə yox, gərginliyin daha da artaraq eskalasiyaya çevrilməsinə təkan verən qurum olduğunu göstərir.
Rəsmi Bakı bunu bilir və təbii ki, situasiyaya uyğun davranır.
Ermənistan ilkin, subyektiv və gerçəkdən uzaq iddialarının toplu sayına güvənməyin nə qədər təhlükəli istiqamət olduğunu anlamalıdır.
Əks təqdirdə, İrəvanın itkiləri daha da artacaq. (trend)