“Litva XİN-in bəyanatının heç bir hüquqi əsası yoxdur və reallıqdan uzaqdır” -İşçi qrupun rəhbəri

“Litva Xarici İşlər Nazirliyinin yaydığı bəyanatın heç bir hüquqi əsası yoxdur və kifayət qədər reallıqdan uzaqdır”.
Yenixeber.org: Bunu Milli Məclisin Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Nəsib Məhəməliyev deyib.
Onun sözlərinə görə, nazirliyin bəyanatında erməni diasporunun və onlara dəstək verən lobbi təşkilatlarının xətti görünür: “Məsələ ondadır ki, bütün dünyada erməni diasporu və onlara lobbiçilik edən təşkilatlanmış şəbəkə mövcuddur. 100 ildən artıq müddətdir ki, saxta soyqırımı, saxta böyük Ermənistan iddiaları ilə bütün ölkələrdə yaşayan insanlara yalan məlumatlar yaymaqla məşğuldurlar.


Təəssüf ki, Litvada kifayət qədər püxtələşmiş erməni diasporu var. Onlar da müxtəlif vasitələrlə ayrı-ayrı siyasətçiləri, deputatları ələ alıb öz çirkin siyasətlərini həyata keçirirlər. Əfsuslar olsun ki, dünyadakı qlobal güclər daim erməni məsələsindən manipulyasiya məqsədi ilə istifadə edirlər. Onların da apardığı siyasətə erməni can fəşanlığı yarayır. Söhbət tək Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsindən getmir. Bütövlükdə söhbət regional qlobal siyasətdən gedir. Çünki 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar, türk dövlətlərinin təşkilatlanması, bir-birinə inteqrasiyası, Türkiyənin regionda və beynəlxalq müstəvidə oynadığı rol - bütün bunlar qlobal güclərdə çox ciddi narahatlıq doğurur”.
