Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Azərbaycan və Ermənistan yeni səhifə aça biləcəkmi?-ŞƏRH

Azərbaycan qətiyyətlidir və Ermənistan da təzyiqlərə duruş gətirə biləcəksə, sərhədlərin müəyyənləşdirilməsi prosesində konstruktiv rol oynaya biləcək

Yenixeber.org: Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Sərəncam imzalayıb. Baş nazirin müavini Şahin Mustafayev Komissiyanın sədri təyin olunub. Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini, eləcə də xarici işlər, daxili işlər, ekologiya və təbii sərvətlər, ədliyyə, kənd təsərrüfatı, müdafiə nazirlərinin müavinləri, həmçinin Dövlət Təhlükəsizliyi Xidməti rəisinin birinci müavini, Dövlət Sərhəd Xidməti və Xarici Kəşfiyyat Xidməti rəislərinin müavinləri, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC sədrinin müavini, Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Komissiyanın üzvləri təyin olunublar. Dövlət Komissiyasının tərkibinə Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan Rayon İcra hakimiyyətlərinin başçıları da daxil ediliblər. Sərəncama əsasən, Nazirlər Kabinetinə Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etmək tapşırılıb.

Paralel olaraq Ermənistan baş naziri Nikol Paşinyan da Azərbaycanla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın yaradılması haqqında fərman imzalayıb. Məlumata görə, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaya Baş nazirin müavini Mqer Qriqoryan rəhbərlik edəcək. Komissiyanın tərkibinə nazirliklərin və digər strukturların nümayəndələri də daxil ediləcək.

Uzun müddət münaqişə içərisində olan Cənubi Qafqazın iki dövləti çətin bir mərhələyə daxil olmaqdadır. Sərhədlərin delimitasiyası Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ən əhəmiyyətli, məsuliyyətli və ağır bir məqamdır. Çünki sərhəd məsələsində mübahisəli çox məqamlar var.

Lakin Azərbaycan bu məsələdə qərarlı və qətiyyətli görünür. Masada razılaşdırılacaq qərarların icrası Azərbaycan tərəfindən yüksək səviyyədə yerinə yetiriləcək. Hansısa bir təzyiq, yaxud kənar müdaxilənin rəsmi Bakının iradəsinə təsir etmək ehtimalı sıfıra yaxındır. Ermənistanla münaqişə zamanı indiyə qədər baş verənlər, Azərbaycanın üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməsi bunu deməyə əsas verir.

Məsələnin problemli tərəfi Ermənistanla bağlıdır. Rusiya başda olmaqla bölgədə marağı olan dövlətlərin, təşkilatların, qüvvələrin təzyiqlərinə duruş gətirə biləcəyi halda Ermənistan sərhədlərin müəyyənləşdirilməsi prosesində konstruktiv rol oynaya biləcək. Belə olarsa, qısa müddətdə hər iki ölkə sərhəd xəttini müəyyən etmiş olacaq. Əks təqdirdə komissiyanın işi uzanacaq və nəticə əldə olunmayacaq. Bu isə sərhədyanı ərazilərdə atəşin, gərginlik ocağının qalması demək olacaq.

Qeyd etdiyimiz kimi prosesə ən arzuolunmaz müdaxilə Rusiyadan gələ bilər. Avropa İttifaqının münaqişənin həlli işində önə çıxması rəsmi Moskvanı qıcıqlandıra, narazı sala bilər. Nəticədə biz Cənubi Qafqazda, xüsusən Ermənistan üzərində təsir rıçaqlarını hələ də saxlayan Rusiyanın müxtəlif təxribatları ilə qarşılaşa bilərik.

Bütün bunları önləyə bilmək üçün tərəflərin, xüsusən Ermənistanın əldə olunan razılaşmaların icrasında qətiyyətli olması, Avropa İttifaqının, o cümlədən digər Qərb dövlətlərinin Rusiyanın təzyiqlərini neytrallaşdırması vacibdir. Bu şərtlər daxilində gedən prosesdə tezliklə nəticəyə nail olmaq mümkündür ki, bu da növbəti mərhələdə sülh müqaviləsinin imzalanması, münasibətlərin normallaşdırılması, problemin birdəfəlik həlli, Azərbaycanla Ermənistanın yeni səhifə açması demək olacaq.

Siyasi şərhçi: Mübariz Göyüşlü


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam