"Penoplast terroru"nun günahkarları həm də bizik
Maaş azdı deyə müəllimin şagirdi kor etməsinə, həkimin xəstəni ödürməsinə, mühəndisin tikinti materiallarından “yeməsinə”…. haqq qazandırmaqla o yanan binadakı insanları öldürdük
"Xeberinfo.com": Penoplast terroru vicdanı olan hər kəsi sarsıtdı. Şəhəri gözəlləşdirmək adıyla dövlət adlı zor maşını insanların qanına susadı. Kimlərsə daha çox oğurlasın deyə vətəndaşların həyatı göz görə-görə təhlükəyə atıldı.
Bu faciədə günahkarlar lap başdan ideyanı və icazəni verən, pul ayıran, pul yeyən, ən keyfiyyətsizə qaçan hər kəs suçludur. Özü də birbaşa. Burada alın yazısı, qədər mövzularıyla hadisənin miqyasını başqa yerə yönəltmək istəyən, yamayan kəslər qınaqların ən sərtinə layiqdilər. Belələri hər bir faciəvi hadisələrdə ortaya çıxıb ürək bulandırırlar.
Günahkarların digərləri bizlərik. O mənada ki ölkədə hər addımda gördüyümüz saxtakarlığa, riyakarlığa, soyğuna susuruq, üzümüzü çevirib görməməzlikdən gəlirik. Penoplastları birə on qat baha qiymətə yazdırıb pul sildirənlərə qarşı qəzəb yox, heyranlıq duyduq. Taladığı pullarla aldığı maşına, evə, ziyafətlərə, məşuqəyə, səyahətlərə həsəddən ağzımız əyildi. Bilsək də ki oğurluqla əldə edib onları, yenə onun yerində olmaq istədik.
Qadınlar onların arvadları kimi olmaq həsrətindədirlər. Onlar kimi geyinsinlər, bər-bəzək vursunlar, maşın sürsünlər, cah-calalla qız köçürdüb, oğul evləndirsinlər. Haramın dibinə daş atanların arvadlarının geyindiyi kürklərin həsrətindədirlər. Amma kimi dindirsən pirə gedir, Allah adamıdı, ibadət etməsə də ürəyi təmizdir. Amma bütün bunların üstünü cızan bir həyat fəlsəfələri var: Kişi odur ki, nə yolla olursa olsun ailəsini dolandırsın. O “kişi”lər də sonunda insanlar üçün barıt çəlləyi düzəldib evlərinə “bir kısmat” çörək qazanırlar.
Şəhərdə şütüyən hər bahalı 100 maşından azı doxsanı belə soyğunçularındı. Bu ölkədə nə zamandır oğrular, fırıdaqçılar, riyakarlar, yalançılar, vicdansızlar qınanmır, tənə altında qoyulmur. Əksi baş verir. Yuxarı başa keçirdilir. Dəfələrlə xeyir və ya şər məclislərində min manatlıq maaşla 80 min manatlıq maşın sürən məmurların, rəislərin ikiqat əyilərək qarşılandığını gördük. Şəxsən mən, yas məclisində mollaya tutduğum “rüşvət və yeyintinin günah olması barədə niyə danışmırsınız” iradımın qulaq ardına vurulmasını gördüm. Molla sanki ölmüşdü, sualdan rəngi ağarmışdı. Çünki o məclisdə həmin quldur məmurlardan da vardı.
Dildə çox adam “Allahdan başqa heç kimdən qorxmur”. Amma həqiqətdə Allahdan başqa hər kəsdən qorxurlar. Məhərrəmlikdə İmam Hüseyn yolunun davamçıları kimi özlərinə əl qatanlar ətrafımızı bürüyən “allahsızlar”a biət etməklə məşğuldular. Dində iki ən böyük günahdan birinin başqasının haqqına girmək olduğunu bilə-bilə mənasız dini dartışmalara girirlər. Axı İmam Əli “haqsızlığı görüb susan dilsiz şeytandır” demişdi. Yoxsa sizə minbərdən moizə oxuyanlar hələ bunları deməyə “uspet” etməyiblər.
Maaş azdı deyə müəllimin şagirdi, tələbəni kor etməsinə, həkimin xəstəni ödürməsinə, mühəndisin, prorabın tikinti materiallarından “yeməsinə”, yol çəkənin asfaltın komponentlərini “əritməsinə”, polisin əmr quludu deyə insanların cibinə nəşə atıb tutdurmasına, müəllim və büdcə işçilərinin işdən çıxararlar bəhanəsiylə seçkidə saxtakarlıq etməsinə s. yaramazlıqlara haqq qazandırmaqla o yanan binadakı insanları öldürdük.
O binada yanğın olmasaydı və ən əsası insanlar ölməsəydi penoplast maxinasiyası davam edəcək, cib mediası “reklamlar bitdi seyrə davam” deyib qabaqlarına yal atanların tapşırıq və göstərişlərini yerinə yetirməyə davam edəcəkdilər. Başqasını anlamaq üçün məhz başımızamı gəlməlidi?
(Azadlıq radiosu)